AZ

Ana dilimiz milli varlığımızdır

"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Dilimiz çox zəngin və  ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". 

Heydər ƏLİYEV

Ana dili hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin, tarixi yaddaşının və mədəni  irsinin daşıyıcısıdır. Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhudur, düşüncə tərzidir. Hər bir millət öz ana dili ilə tanınır, öz söz xəzinəsi ilə tarix yazır, öz dili ilə gələcəyini qurur. Azərbaycan xalqı üçün də ana dili milli varlığımızın ən mühüm sütunlarından biridir. 

Hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məqsəd dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaqdır. Zəngin və dərin köklərə malik Azərbaycan dilini sonsuz məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir. 

Ulu Öndərin dilimizlə bağlı fəaliyyəti sistemli və uzaqgörən bir strategiyaya əsaslanırdı. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq onun xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdir. Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə xüsusi diqqət yetirirdi. Ulu Öndər 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində doğma dildə çıxış edərkən ana dili haqqında söylədiyi fikirlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğının və milli özünüdərkin parlaq təzahürü kimi tarixə düşmüşdür. Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Bununla eləcə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dilimiz üstün status qazandı. Ardınca dilimizin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndi, dilimizin qarşısında yeni üfüqlər açıldı.

Bu gün Prezident İlham Əliyev tərəfindən ana dilimizin qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirilir. Dövlət başçısının imzaladığı sərəncamlar və strateji sənədlər Azərbaycan dilinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuzunun artmasına xidmət edir. Prezidentin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə gördüyü digər tədbirlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasında da ana dilimizlə bağlı mühüm müddəalar yer almışdır. Sənəd dilimizin qorunması və inkişafı sahəsində dövlət siyasətinin strateji hədəflərini  müəyyən etmişdir. 

Ana dili yalnız keçmişin mirası deyil, həm də gələcəyin təminatıdır. Bu gün hər bir vətəndaşın borcu ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürməkdir. Çünki ana dilimiz milli varlığımızdır, onu yaşatmaq milləti yaşatmaq deməkdir. Ana dilinə sevgi Vətənə sevgidir, ana dilini yaşatmaq milli kimliyi yaşatmaqdır.

Dursun ƏLİYEVA,

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr