AZ

Baba Məhərrəmli: "Dilimizi süni təsirlərdən qorumaq üçün milli təəssübkeşliyimiz olmalıdır" - MÜSAHİBƏ

21 fevral – Beynəlxalq Ana Dili Günü dünyada dil müxtəlifliyinin qorunması, ana dillərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ideyasını önə çıxaran əlamətdar tarixdir. 1999-cu ildə UNESCO tərəfindən təsis olunan bu gün həmin vaxtdan etibarən beynəlxalq səviyyədə qeyd olunur və dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimlik, mədəni irs və mənəvi yaddaş daşıyıcısı olduğunu xatırladır.
 
Azərbaycanda da ana dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qloballaşma və rəqəmsallaşma şəraitində dilin saflığının qorunması, ədəbi norma və orfoqrafiya qaydalarına əməl olunması, mediada və təhsil sistemində düzgün istifadənin təşviqi xüsusi aktuallıq kəsb edir.
 
Moderator.az xəbər verir ki, "Report"un Nəsimi adına Dilçilik İnsitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli ilə müsahibəsində həm bu günün mahiyyəti, həm də Azərbaycanda dövlət və ictimai səviyyədə dilin qorunması istiqamətində görülən işlər, mövcud problemlər və gələcək perspektivlər barədə danışılıb.

- Beynəlxalq Ana Dili Günü bu gün cəmiyyətə hansı mesajı verir?

- 21 Fevral bütün dünyada qeyd edilir. Bu günün tarixi Banqladeşlə bağlıdır. 1952-ci ildə Banqladeşdə 4 tələbə dil uğrunda mübarizədə həlak olub. 1999-cu ildə UNESCO-da Banqladeş səfiri bu məsələni qaldırıb və 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsi təklif edilib.

Azərbaycanda da 1 Avqust Azərbaycan Əlifbası və Ana Dili Günü kimi qeyd olunur. Latın qrafikasına keçid Azərbaycan tarixində, mədəniyyətində önəmli hadisə idi. Hazırda türkdilli respublikalarda da latın dili qrafikasına keçid başlayıb. Bəziləri keçib, bəziləri isə keçid mərhələsindədir.

- Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yığıncağında Azərbaycan dili ilə bağlı narahatlıqlarından sonra bu məsələ ictimaiyyət arasında daha da aktuallaşdı. Müxtəlif səpkili tədbirlər keçirildi və müzakirələr aparıldı. Bəs maraqlıdır, buna qədər akademiklər, alimlər, aidiyyəti qurumlar nəyə görə narahatlıqlarını ifadə edib həyəcan təbili çalmırdılar?

- Əslində, bu proses gedirdi, dil islahatları aparılırdı. Xüsusilə, müstəqillik illərindən sonra dillə bağlı fərman və sərəncamlar imzalandı. Müvafiq sənədlərdə Azərbaycan dilinin işlənmə mexanizmi dövlət səviyyəsində, müxtəlif qurumlarda qorunması məsələsi yer alıb. Məsələn, dövlət dilinin normaları pozulursa, hüquqi, fiziki şəxslər məsuliyyət daşıyır. Təəssüf ki, bəzilərinin bundan xəbəri yoxdur. Bu, 2002-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 19-cu maddəsində göstərilib.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley iclasında həyəcan təbili çalması vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Xatırlayıram ki, Prezident AMEA-nın 70 illik yığıncağında da dillə bağlı narahatlığını bildirmişdi. İlham Əliyev xüsusi vurğuladı ki, beynəlxalq leksikon var. Dili təcrid etmək mümkün deyil. İndi kütləvi internet resurslarının olduğu dövrdə söz axını istər-istəməz dilimizə daxil olur. Bu məsələdə biz mühafizəkarlıq göstərməliyik. Milli təəssübkeşlik olmalıdır, hər gələn sözü dilə salmaq olmaz. Termindirsə, müəyyən dar çərçivədə işlənirsə, bu mümkündür, kütləvi şəkildə alınma sözləri qəbul etmək doğru deyil.

- Çox vaxt mətbuat Azərbaycan dilinin qaydalarını pozduğuna görə tənqid olunur. Amma rəsmi qurumların mətnləri də ağır və anlaşılmaz olur. Sizcə, mediadan əlavə, dövlət qurumlarına da, xüsusilə mətbuat xidmətlərinə Azərbaycan dilinin qaydalarına riayət edilməsi ilə bağlı təlimatlar verilməli deyilmi?

- Media və AMEA-nın birgə iclaslarında bu məsələ qaldırılır. Təklif edilir ki, müəyyən proqramlar vasitəsilə səhvlərin tez bir zamanda yoxlanılması həyata keçirilsin. Amma bunlar zaman məsələsidir və alimlərdən də asılı deyil. Əvvəllər dövlət qurumlarında sırf dilçi kadrlar var idi. Onlar elanlara, məlumatlara nəzarət edirdilər. Məsələn, dünya təcrübəsinə baxaq, elə Türkiyə təcrübəsini misal gətirmək olar. Türkiyədə Türk Dili Qurumu var. Bəzi ölkələrdə üçün ciddi qanunlar var. Baltikyanı ölkələrdə belə dil polisi var. Dil pozuntuları müxtəlif sahələrdə baş verir, bura təkcə mətbuata aid deyil. Dövlət qurumlarının mətbuat şöbələrinə gəlincə, bu sektorda cavabdeh şəxslər bəzən qeyri-peşəkar kadrlardır. Sadə dillə desək, kadrlar yerində deyil.

Bu gün mətbuata, televiziyaya, bəzi dövlət qurumlarına qeyri-peşəkar, jurnalistikadan, filologiyadan xəbəri olmayan şəxslərin gətirilməsi dilimizə zərər vurur. Onlar informasiyanı dilin normalarına uyğun işlətmirlər. Düşünürəm ki, mütəxəssis yerində olsa, bu qədər səhvlər olmaz. Ən azından dil qaydalarından xəbərdar olmalıdırlar. Bildirim ki, son zamanlar dövlət qurumlarından dilçi kadrlara ehtiyacla bağlı bizə mürəciətlər daxil olur.

- Televiziya məkanında da bu kimi problemlər az deyil. İstər aparıcıların, istərsə də qonaqların tez-tez norma pozuntularına yol verdiklərini, dilimizdə olmayan sözlərdən istifadə etdiklərini görürük. Efir dilinin zəifləməsində kimdir günahkar? Bunun qarşısını almaq üçün hansı effektiv mexanizmlər tətbiq olunmalıdır?

- Sovet dövründə hər adam aparıcı ola bilməzdi. Diktor məktəbi formalaşmışdı. Cavan mütəxəssislər müəyyən mərhələlərdən keçib televiziyaya çıxırdılar. Lakin, sizin də qeyd etdiyiniz kimi, hazırda televiziya dili qənaətbəxş deyil. Təsadüfi insanların efirə çıxarılması və onların nitqlərinin qüsurlu olması cəmiyyətə, gənc nəslə mənfi təsir edir. Aparıcının, televiziyanın dili şifahi ədəbi dili təmsil edir. Bizim dilimizin normaları var və bu şəxslər onları bilməlidir. Söz ehtiyatından başqa, dilin işlənmə mexanizmini bilmək lazımdır. Təklifimiz o ola bilər ki, televiziyaya çıxan aparıcılar üçün treninqlər şəklində maarifləndirmə işləri aparılsın. Bəzən mətbuat və dilçi alimlər arasında rabitə zəif olur. Bu əlaqələr güclənsə, dilimizə faydasını görə bilərik. Televiziya rəhbərləri aparıcı kimi təyin etdikləri şəxsləri canlı efirə tam püxtələşmiş çıxarmalıdırlar. Çünki onların nitqi cəmiyyət üçün etalondur. İndi elə aparıcılar varmı? Bəlkə də, nadirdir.

- Dövlət Dil Komissiyası yanında bir vaxtlar fəaliyyət göstərmiş Monitorinq Mərkəzi var idi. Burada saytlar, reklam lövhələri, hətta mahnı mətnləri belə monitorinq edilirdi. Bu mərkəzin işini hazırda hansısa qurum və ya şöbə davam etdirir? Varsa, iş prinsipi necədir?

- Hazırda Dilçilik İnsitutunda Monitorinq və Linqivistik Təhlil şöbəsi var. Bu şöbə artıq bir ildir, fəaliyyət göstərir. Onların əsas işi il ərzində hesabatlar hazırlamaqdır. Aşkarlanan səhvlərin kitab formasında çap olunması da nəzərdə tutulur. Belə bir məqama da toxunum ki, bizim təsiretmə mexanizmimiz zəifdir. Latviya təcrübəsini misal çəkə bilərəm ki, orada dil qurumunun funksiyası güclüdür. Yəni onların icazəsi olmadan heç bir müəssisəyə başqa ad qoyula bilməz. Düşünürəm ki, bizdə belə mexanizmlər olmalıdır. Cəmiyyətdə belə bir psixologiya var ki, cərimə olanda özümüzü yığışdırırıq. Ona görə məsuliyyət olmalıdır.

Biz elmi tədqiqat müəssisəsiyik. Çox şeyi bəzən bizdən umurlar. Bəli, borcumuz dilimizi qorumaqdır. Biz də nöqsanları hesabatlarla qurumlara bildiririk. Onların necə əməl etməsi isə sual altındadır. Artıq bizim həmin qurumlara təsir etmə mexanizmimiz yoxdur.

- Reallıq budur ki, sosial şəbəkə platformalarının da dilə təsirləri var. Bu platformalar sürət tələb edir və istifadəçilər yazışmalarda qısaltmalara yer verir. Bu tendensiyanın Azərbaycan dilinə təsirləri barədə nə düşünürsünüz?

- Dil yığcamlığı sevir. Lakin bu o demək deyil ki, sosial şəbəkə platformalarında necə istəyirsinizsə, elə də yaza bilərsiniz. Hər hansı mesaj, informasiya üçün süni qısaltmalar yaratmaq düzgün deyil. Dil geniş mənada yaradıcılıq prosesidir, fərdi yanaşmanın önə çıxması yaxşı nəticə vermir. Dili xalq yaradır və biz bu məsələyə həssas yanaşmalıyıq. Gənclərimizə də tövsiyəmiz odur ki, yazarkən dil normalarını pozmasınlar. Düzdür, informasiya üçün ən sürətli mənbə hazırda sosial şəbəkə platormalarıdır, lakin bu o demək deyil ki, orada dil qaydalarına göz yummaq olar. Savadlı adam ixtisasından, peşəsindən asılı olmayaraq dil qaydalarına riayət etməlidir - sıravi vətəndaşdan tutmuş məmura qədər.

- Ötən il kinoşünas Ayaz Salayevin Azərbaycan dili ilə bağlı dediyi bir fikir bir xeyli müzakirələrə səbəb oldu. O bildirmişdi ki, rus dilindən çox, Türkiyə türkcəsindən qorxmaq lazımdır. Çünki hazırda türk serialları və cizgi filmlərinə görə Türkiyə türkcəsi Azərbaycan dilinə əsaslı şəkildə təsir edir. Sizcə, bu təsir qorxuludur?

- Bu fikirlə razı deyiləm. Türkiyə türkcəsindən qorxmalı deyilik. Ana türk dili bizim kökümüz, mənşəyimizdir. Azərbaycan dili genetik baxımdan türk dillərindən biridir. Hazırda 30-dan çox türk dili var, onlardan 23-ü müstəqil türk dilidir. Türk xalqlarını ortaq mədəniyyət, mənəvi bağlar birləşdirir. Dilimizdə oğuz, qıpçaq türkcəsinin elementləri var. Artıq ortaq türk əlifbası da yaradılıb. Biz ortaq ünsiyyət dilindən danışsaq, SSRİ məkanında mövcud türkdilli xalqlar rus dili vasitəsilə daha çox ünsiyyət qururdular. Bu gün Türkiyə türkcəsi bu rolu üzərinə götürür. Buna da Türkiyənin dünyadakı siyasi mövqeyi, dünyadakı geopolitik yeri daxildir. Bizdən də türk dilinə sözlər keçir.

Qeyd etmək istədiyim məqamlardan biri də budur ki, bəli, mən də yerli-yersiz Türkiyə türkcəsinə aid sözlərin süni şəkildə dilimizə gətirilməsinin əleyhinəyəm. Bu hal daha çox telekanallarda rast gəlinir. "Zatən", "eynən", "falan", "diyər" kimi ifadələr dilimizdə süni şəkildə işlədilir. Bu, müasir dildə danışmaq deyil. Bu zaman dil korlanır. Azərbaycan dili müstəqil ədəbi dildir, öz sözlərimizi işlətməliyik. Rus dilinin bizdə təsiri qalıb, zaman-zaman bu təsirdən uzaqlaşmalıyıq. İngilis dilinə gəlincə, qlobal dildir, təsiri bizə də gəlib. Dil özü-özünü təmizləyir. Dövlət səviyyəsində də bu sahədə bizə dəstək var. Müstəqillik dövründə 20-dən çox dil haqqında fərman və sərəncamlar imzalanıb. Bizə qalan, sadəcə, dil haqqında qanunlara əməl etməkdir.

- Azərbaycan dilinin Orfoepiya lüğəti (ədəbi dilin normalarına əsaslanan düzgün tələffüz qaydaları sistemi) sonuncu dəfə 2004-cü ildə nəşr olunub. Bildiyim qədərilə, hazırda onun nəşri ilə bağlı işlər aparılır. Bu qədər uzun zaman aralığı, sizcə, nə dərəcədə doğrudur? Nəzərə alsaq ki, bu lüğət dilin düzgün tələffüz normalarını təyin edir.

- Orfoepiya lüğətini hazırlamaq çətin məsələdir. Biz orfoepiya normalarını müəyyən dövlət qurumlarına rəylər formasında göndərmişik, Nazirlər Kabineti də bunu 2021-ci ildə təsdiqləyib. Lüğət işlənilir, proses gedir. Onu da deyim ki, 2004-cü ildə nəşr olunan lüğət kiçik həcmli lüğət idi. İndiyə qədər məktəblilər üçün orfoepiya lüğəti, yaxud bəzi müəlliflər tərəfindən müxtəlif bu kimi lüğətlər nəşr olunub. İndi isə ilk dəfə irihəcmli orfoepiya lüğətinin nəşr edilməsi nəzərdə tutulur. Orfoepiyada bəzən variantlılıq, dialekt təzahürlər olur. Ona görə orfoepiyanı qəlibə salmaq çox çətin prosesdir. Burada nüanslar çoxdur. Məsələn, statistikaya baxanda sözlərin tələffüzü başqa formada olur, lakin fonotaktika (bir dildə səslərin (fonemlərin) heca və ya söz daxilində birləşmə qaydalarını, onların ardıcıllığını və məhdudiyyətlərini öyrənən dilçilik sahəsi) qaydalarında əks variant çıxır. Buna görə də ortaq məxrəcə gəlmək müəyyən zaman alır.

Bəzi normalarla bağlı mübahisəli məqamlar var idi, onunla bağlı da Nazirlər Kabinetinə təkliflər verilib.

Orfoepiya lüğətini normal həcmdə ortaya qoymağa çalışacağıq. Hazırda lüğətin nə zaman nəşr olunması ilə bağlı dəqiq tarix yoxdur, bunun yalnız yaxın gələcəkdə baş tutacağını deyə bilərəm.

- Bir neçə ildir ki, Azərbaycan dilinin Orfoqrafiya Lüğətinin də (dildəki sözlərin və cümlələrin müəyyən olunmuş qaydalara uyğun olaraq düzgün yazılışı) hazırlanması prosesi gedir. Bu proses hazırda hansı mərhələdədir?

- Orfoqrafiya lüğətinin 2026-cı ildə nəşri nəzərdə tutulur. Nazirlər Kabinetinin qaydalarına əsasən, lüğət 5 ildən tez olmayaraq çap edilməlidir. Lüğətin 2021-ci ildən öncəki nəşrində Dilçilik İnstitutunun əməkdaşları ilə yanaşı, Şərq-Qərb nəşriyyatının əməkdaşları da var idi. Onlar qeyri-peşəkar dilçilər olduğu üçün bəzi nöqsanlar var idi. Çalışdıq ki, 2021-ci ildə həmin nöqsanları aradan qaldıraq.

Yeni lüğətdə süni intellekdən istifadə olunub. Burada milyonlarla sözün emalı prosesindən söhbət gedir. Yəni sözün işlənmə tezliyi, intensivliyi, hansı variantların daha çox işlənməsi məsələsi müəyyən edilib. Onu da qeyd edim ki, yeni orfoqrafiya lüğətində bir vaxtlar apostrof işarəsi ilə işlənən sözlərin ayrıca siyahısı veriləcək. Sonuncu lüğətdə söz sayı 90 min olubsa, bu dəfə də söz artımı olacaq. Çalışırıq ki, hazırladığımız lüğət hər bir adam üçün stolüstü orfoqrafiya lüğəti rolunu oynaya bilsin.

- Yəqin ki, sonuncu lüğətdəki kimi mübahisəli məqamlar olmayacaq.

- İnşallah.

- Sizcə, gələcəkdə Azərbaycan dili hansı çağırışlarla üzləşə bilər?

- Deməzdim ki, Azərbaycan dilini hər hansısa təhlükə gözləyir. Yad təsirlərə məruz qalma ehtimalı həmişə var, xüsusilə indiki dövrdə. Sürətli və əlçatan internet dövründə, informasiyanın sürətli ötürüldüyü bir zamanda bu təhlükələr həmişə olacaq. Biz də süni təsirlərə qarşı "immunitet" formalaşdırmalıyıq. Ona görə də dil haqqında qanunlara əməl etməliyik. Dilimizə vətəndaşlıq, millilik mövqeyindən yanaşmalıyıq. Ən əsası isə müstəqil ölkənin vətəndaşı, dil daşıyıcısı olaraq dilimizi sevməliyik.

Seçilən
2
1
moderator.az

2Mənbələr