AZ

Səfirliklərdən TƏCİLİ ÇAĞIRIŞ: İran boşalır, ABŞ bazalarını geri çəkir, savaş qapıdadır

Yaxın Şərq artıq barıt qoxuyur. ABŞ ilə İran arasında artan gərginlik artıq diplomatik xəbərdarlıqları real hərbi hazırlıqlara çevirib. Dünya sözün əsl mənasında “geri sayım” rejiminə keçib.

Diplomatik siqnallar: Səfirliklər susur, vətəndaşlara “dərhal çıxın” çağırışı
Fransa, İsveç və Almaniya öz vətəndaşlarını təcili şəkildə İranı tərk etməyə çağırırsa, bu, artıq sıradan bir ehtiyat tədbiri deyil.
Almaniya açıq şəkildə etiraf edir ki, mümkün toqquşma halında səfirliklər faktiki olaraq yardım göstərə bilməyəcək. İsveçin xarici işlər naziri Maria Malmer Stenergard isə sosial mediada sərt xəbərdarlıq edir: “Gözləməyin, dərhal çıxın”. Bu, diplomatiyanın yumşaq dili deyil, artıq təhlükənin sərt etirafıdır.

İsrail faktoru və dalana dirənən danışıqlar
İddialara görə, İsrail Vaşinqtonla birgə mümkün əməliyyata hazırlaşır. ABŞ–İran nüvə danışıqlarının dalana dirəndiyi haqda siqnallar güclənir.
“Reuters”in məlumata görə, Təl-Əvivin hərbi ssenarini real variant kimi nəzərdən keçirdiyi bildirilir.

Daha diqqətçəkən məqam isə Omanda aparılan dolayı danışıqlarla bağlı iddiadır: İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın raketlərlə bağlı təklifini ehtiva edən zərfi açmadan geri qaytarıb. Bu jest sadəcə diplomatik etinasızlıq deyil – bu, “geri addım yoxdur” mesajıdır.
ABŞ-ın hərbi hərəkətliliyi: Bölgə silahlanır
“The New York Times “yazır ki, ABŞ Qətərdəki Əl-Udeid bazasından yüzlərlə hərbçini təxliyə edib, eyni addım Bəhreyndə də atılıb.

Əl-Udeid bazası  Vaşinqtonun “Yaxın Şərq əməliyyatlarının beyni” adlandırdığı mərkəz  regiondakı hava əməliyyatlarının əsas koordinasiya nöqtəsidir. Buradan, Şimal-Şərqi Afrikadan Cənubi Asiyaya qədər uzanan geniş coğrafi ərazidə hava əməliyyatları idarə olunur. Bölgədəki, əsasən İraq, Suriya və Yəməndəki bir çox hava əməliyyatları bu bazadan idarə olunur.
Burada ABŞ Mərkəzi Komandanlığının qərargahı yerləşir və burada təxminən 10.000 amerikalı hərbçi yerləşdirilib.

Əl-Udeyddə təxminən 100 təyyarənin, o cümlədən uzaqmənzilli bombardmançı təyyarələrin, yanacaqdoldurma və nəqliyyat təyyarələrinin və pilotsuz uçuş aparatlarının yerləşdirildiyi məlumdur.
Açıq mənbələr son bir həftədə Avropa və Yaxın Şərqə USS Abraham Linkoln və USS Gerald R. Ford təyyarədaşıyan gəmiləri 120-dən çox qırıcı təyyarə daşıyır.  Bu artıq bölgədə güc nümayişinin simvoluna çevrilib.

ABŞ Silahlı Qüvvələri AİK və Mərkəzi Komandanlığının 200-dən çox təyyarə və təxminən 108 tanker təyyarəsinə ev sahibliyi etdiyi təxmin edilir.
Bu, sadəcə təlim və ya rotasiya deyil – bu, “hazırıq” mesajıdır.

Trampın 10 günlük ultimatumu
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən forumda açıq dedi: “İranla mənalı razılaşma əldə etməliyik, əks halda pis şeylər baş verəcək”.
Bu cümlə diplomatik xəbərdarlıqdan çox, siyasi ultimatum təsiri bağışlayır. Tramp üçün məsələ təkcə İran deyil – bu, həm də qlobal güc imicidir. Regionda geri addım atmaq onun üçün siyasi zəiflik kimi görünə bilər.

NATO cəbhəsində dəyişiklik
Norveç ABŞ-ın mart ayında planlaşdırılan NATO təlimlərinə F-35 göndərməyəcəyini açıqladı. Norveçli podpolkovnik Espen Solemdal bunu ABŞ qüvvələrinin başqa istiqamətə yönləndirilməsi ilə izah edib.
2026-cı ilin martında keçiriləcək “Soyuq Cavab” təlimləri Norveç tarixində ən böyük hərbi manevrlərdən biri olacaq. Amma Vaşinqtonun prioriteti artıq Arktika deyil- Fars körfəzidir.

Mümkün ssenarilər: Region hansı yol ayrıcındadır?
1.    Rejim qalır, siyasət yumşalır.
ABŞ-ın təzyiqi Tehranın nüvə proqramını və regional milislərə dəstəyini məhdudlaşdıra bilər. Amma fundamental dəyişiklik zəif ehtimaldır.
2.    Hərbi hakimiyyət riski.
Rejim zəifləsə belə, boşluğu İnqilab Keşikçilərinin doldurması mümkündür.
3.    Qisas zərbələri.
İranın Bəhreyn və Qətərdəki ABŞ hədəflərinə raket və dronlarla cavab verməsi ehtimalı var.
4.    Hörmüz boğazı böhranı.
Enerji arteriyası bağlanarsa, qlobal neft və qaz bazarı sarsılar.
5.    Asimmetrik müharibə.
ABŞ hərbi gəmilərinə qarşı sürətli qayıq və dron hücumları ssenaridən kənar deyil.
6.    Xaos və vətəndaş müharibəsi.
Ən riskli ssenari isə İran daxilində parçalanma, vətəndaş qarşıdurması və regionda domino effekti.

Bu gün baş verənlər sadəcə iki dövlət arasındakı gərginlik deyil. Bu, qlobal enerji bazarlarının, beynəlxalq təhlükəsizlik sisteminin və regionun gələcəyinin taleyidir.
Diplomatik zərflər açılmadan geri qaytarılırsa, təyyarədaşıyanlar mövqe tutursa və səfirliklər “kömək edə bilmərik” deyirsə – bu, artıq xəbər başlığı deyil, tarixi dönüş nöqtəsidir.
Yaxın Şərqdə bir qığılcım kifayətdir. Və dünya həmin qığılcımın nə vaxt alışacağını gözləyir.

 Mürtəza

Seçilən
41
50
olke.az

10Mənbələr