AZ

ABŞ polisi və Prezidentin təhlükəsizlik xidmətinin ortaq müdaxiləsi — TƏXRİBATIN GİZLİNLƏRİ…

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edən Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib. Belə ki, onlar dövlət rəhbərliyinə qarşı təhqiramiz və qeyri-etik ifadələr səsləndirərək mühafizə olunan əraziyə daxil olmağa çalışıblar.

Lakin Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ şəkildə müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. İnsident nəticəsində ciddi pozuntu qeydə alınmasa da, sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin açıq şəkildə nalayiq ifadələr işlətdiyi eşidilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin apardığı suveren siyasət, ölkəmizin qlobal aktora çevrilməsi və Ermənistanla əldə olunan razılaşmalar fonunda xaricdə yaşayan bəzi təxribatçı qrupların fəallaşması müşahidə olunur:

“Brüsseldəki təxribatdan sonra bu dəfə Sülh Şurası Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Vaşinqton səfəri zamanı dövlətimizə qarşı fəaliyyət göstərən şəbəkənin üzvləri təhlükəsizlik perimetrini zor gücünə pozmağa cəhd etdilər.

Əlbəttə, hadisəni görən Prezidentin təhlükəsizlik xidməti iğtişaş törədən şəxslərə qarşı adekvat tədbirlər gördü. Bu hadisələrin arxasında bəzi xarici qüvvələrin olması şübhəsizdir. Təəssüf ki, ABŞ və Avropada yaşayan bir qrup azərbaycanlı ‘fəal’ xarici xüsusi xidmət orqanlarının əlində alətə çevrilib və onlardan ölkəmizə qarşı təzyiq siyasətində istifadə olunur.

Onun sözlərinə görə, ANCA və Frenk Pallonenin hadisəyə dərhal reaksiya verməsi, ABŞ-də Azərbaycan əleyhinə şüarlar səsləndirən qrupların erməni diaspor şəbəkəsi ilə əlaqələrini bir daha göstərir:

“İctimai asayişi pozan bu şəxslər indiyə qədər bir dəfə də ANCA-nın binası qarşısında, Pallonenin və digər anti-Azərbaycan dairələrinin ofisləri qarşısında piket keçirməyiblər. Əksinə, onlarla və digərləri ilə birlikdə dövlətimizə qarşı sistemli fəaliyyət göstəriblər”.

Politoloq əlavə edib ki, adətən xarici ölkələrdə fələstinlilərin İsrailə, ermənilərin Azərbaycana, uyğurların Çinə qarşı keçirdiyi dinc etiraz aksiyalarını müşahidə edirik:

“Brüssel və Vaşinqtonda gördüklərimiz də eyni qəbildən idi. Bu “demokrat” adlandırılan şəxslər  Avropada da, ABŞ-də də bir dəfə də olsun nə Köçəryan, Sərkisyan, Paşinyana, nə də Azərbaycanı təhdid edən digər dövlətlərə qarşı aksiya keçirib, nə də Konqresə, Ağ evə və ya Dövlət Departamentinə məktub yazıblar. Lakin ölkənin ali rəhbərinə qarşı nəinki aksiya, hətta hücum cəhdi edirlər.

Bu, acınacaqlı görüntülərdir. Bu, dinc aksiya deyil, hücum və təxribat idi. Kadrlarda hər şey aydın görünür. Bu şəxslər düzgün niyyətli olsaydılar, belə yollara əl atmazdılar. Hər aksiyanın və siyasi etirazın arxasında hansısa qüvvənin olduğu kimi, bu aksiyanın da arxasında müəyyən mərkəzlərin olduğu istisna deyil”

Atilla Rzasoy

 

Seçilən
48
nocomment.az

1Mənbələr