AZ

Teleradio səlis və aydın nitq məktəbidir

Audiovizual media bu statusu necə qoruyur?

Müasir informasiya cəmiyyətində dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda, milli kimliyin, mədəniyyətin və ictimai düşüncənin əsas daşıyıcısıdır. Xüsusilə gənc auditoriyanın dil vərdişlərinin formalaşmasında audiovizual medianın rolu bu gün əvvəlki dövrlərlə müqayisədə daha güclü və çoxşaxəlidir. Televiziya, sosial şəbəkələr, videoplatformalar və rəqəmsal məzmun gənclərin gündəlik danışıq tərzinə, söz ehtiyatına və üslub seçiminə birbaşa təsir göstərir.

Məqsəd audiovizual medianın, xüsusilə də televiziyanın gənc auditoriya üçün nümunəvi nitqin formalaşmasında oynadığı rolu təhlil etmək, mövcud çağırışları göstərmək və mümkün həll yollarına diqqət çəkməkdir.

Dilimizin saflığının qorunması barədə danışanda, məqsəd heç də qınamaq, kimisə “səhv danışdın” deyə hədəfə almaq deyil. Məqsəd efirdə düzgün, səlis, anlaşıqlı danışıq mədəniyyətini möhkəmləndirməkdir. Çünki televiziya nümunədir. Nümunə isə məsuliyyət tələb edir.

Əgər keçmişdə dil əsasən ailə, məktəb və yazılı ədəbiyyat vasitəsilə ötürülürdüsə, bu gün audiovizual media, faktiki olaraq, alternativ dil müəlliminə çevrilib. Gənclər danışıq tərzini, intonasiyanı, ifadə modellərini, normativ və qeyri-normativ dil formalarını ekranda gördükləri və dinlədikləri kimi mənimsəyirlər. Aparıcılar, jurnalistlər, aktyorlar, blogerlər və məzmun yaradıcıları gənc auditoriya üçün canlı dil modeli rolunu oynayırlar.

Rəqəmsal medianın sürətli inkişafına baxmayaraq, televiziya bu gün də gənc auditoriyanın nitq mədəniyyətinə təsir göstərən ən nüfuzlu audiovizual vasitələrdən biri olaraq qalır. Gənclər televiziya dilini çox zaman “doğru və nümunəvi nitq forması” kimi qəbul edirlər. Xüsusilə, xəbər və analitik proqramlarda, tok-şoularda, sənədli filmlərdə.

Gənclərin daha çox izlədikləri şoular, əyləncəli verilişlər dil baxımından risklər yaradır. Bu formatlarda bir qayda olaraq loru danışıq, emosional və bəzən aqressiv nitq, normadan kənar ifadələr tez-tez müşahidə olunur. Gənc auditoriya bu cür nitqi sürətlə mənimsəyir və gündəlik danışığında tətbiq edir. Nəticədə normativ dil ikinci plana keçir. Gənclərin nitqinə “sizi bura alaq”, “keçid alaq” kimi qəribə ifadələr yol tapır.

Televiziya serialları, uşaqlar və gənclər üçün nəzərdə tutlmuş məzmun onların nitqinə çox dərin təsir göstərir. Qəhrəmanların danışıq tərzi gənclərin dialoq qurma bacarığını, ifadə modellərini, intonasiya və hətta jestlərini formalaşdırır. Belə proqramların dili təhrif olunmuş və ya həddindən artıq sadələşdirilmiş olduqda, bu, gənclərin dil yaddaşında norma kimi möhkəmlənir.

Məlumdur ki, insan dil vərdişlərinə hələ uşaqlıqdan yiyələnməlidir. Bağça və məktəb yaşlarından uşaqlara düzgün danışıq, doğru, səlis nitq aşılanmalıdır. Bunun üçün yalnız tədris prosesi ilə kifayətlənmək olmaz. Media da uşaq və yeniyetmələrin dil vərdişlərinin cilalanmasında böyük rol oynayır. Bəs bu gün Azərbaycan teleməkanında dil normalarının örnək ola biləcəyi nə qədər uşaq verilişi, çizgi filmi, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş serial var? “ARB Günəş” kanalından başqa, AzTV-də “Qızıl açar”, “Sabahın əsgəri”, İTV-də “MAG”, “Əlaçı” verilişləri, “Mən, Lalə, bir də Şerlok Holms” serialını misal çəkə bilərik. Amma etiraf edək ki, belə verilişlərin sayı çox deyil. Azərbaycan uşaqlarının qəhrəmanları yenə Maşa və Ayı, Fiksiklər, Süngər Bob, Tom və Cerri kimi xarici çizgi xarakterləridir.

Müşahidələrimiz audiovizual mediada gənclərin nitqinə təsir edən əsas faktorları belə qruplaşdırmağa əsas verir:

Ədəbi dil normaları fonetik, leksik və qrammatik səviyyədə pozulur;

samitlər digər dilin təsiri ilə fərqli tələffüz olunur: diqqət-diggət, qəza-gəza, mövqe-mövge, stansiya-stanЦiya, resept-reЦept;

qarşılığı olduğu halda yad kəlmələrdən yersiz istifadə edilir: tədbir - ivent, rəy - koment, şüar - sloqan, səviyyə - level və s.;

təkrarlara yol verilir – bu qüsur “böyük yarısı”, “balaca körpə”, “böyük meqapolis”, “gələcək perspektivlər”, “pis fəsadlar”, “xırda nüaslar” kimi ifadələrin işlənməsi ilə nəzərə çarpır.

Tərcümə xətası olaraq “hansı ki” birləşməsi ilə cümlənin başlanması geniş yayılıb. Üzeyir Hacıbəylinin “Üsuli-təbii” (Müəllim Əli cənablarına müxtəsər cavab) yazısında oxuyuruq: “…türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”. Bəli, XX əsrin əvvəllərində Üzeyir bəyin yazdığı kimi, belə cümlələrin işlədilməsi Azərbaycan dilinin qrammatik qaydalarına uyğun deyil. Amma təəssüf ki, redaktorlar bu məsələdə prinsipiallıq göstərmirlər. Məsələn, aparıcı deyir: “Səsinizdə bir yanğı var, hansı ki, tamaşaçıların ürəyinə toxunur”. Azərbaycan dilində isə səslənməlidir: “Səsinizdə tamaşaçıların ürəyinə toxunan bir yanğı var”.

Daha bir tərcümə xətası cümlənin “baxmayaraq ki” (ne smotrya na to) ifadəsi ilə başlamasıdır. “Baxmayaraq ki, hava soyuqdur, qonaqlar vaxtında gəliblər”. Doğru variant – “Havanın soyuq olmasına baxmayaraq, qonarlar vaxtında gəliblər”.

Bundan başqa, audiovizual mediada digər dillərin təsiri ilə şəkilçilərin dəyişdirilməsi hallarına da rast gəlirik: “səndən küsdüm” yerinə “sənə küsdüm”, “sənə nifrət edirəm” yerinə “səndən nifrət edirəm”, “səndən şikayət edəcəyəm” yerinə “səni şikayət edəcəyəm” işlənir.

“Kaş” ədatı olan cümlədə xəbər felin arzu şəklində işlənməlidir, amma bəzən səhvən şərt şəklində işlənir, Bu, Türkiyə türkcəsində belədir, amma Azərbaycan dilinin normalarına uyğun deyil. “Kaş sizi də dəvət etsəydim” deyil, “kaş sizi də dəvət edəydim” demək lazımdır.

Belə nümunələrin sayını artırmaq olar. Reklam və dublyaj mətnlərinin dilindəki qüsurları da bu axına əlavə etsək, gənclərin nitq vərdişlərinə mənfi təsir göstərən amillərin çoxluğunu təsəvvür etmək olar.

Nümunəvi nitq yalnız qrammatik düzgünlük deyil, dilin saflığı, üslub uyğunluğu, etik və mədəni çərçivə, fikrin aydın ifadəsi deməkdir. Buna görə də media yalnız informasiya ötürən deyil, eyni zamanda, tərbiyəedici və maarifləndirici institut kimi çıxış edir.

Sonda audiovizual mediada dilin saflığının qorunması istiqamətində bir sıra təkliflərimi sadalamaq istərdik:

televiziya və digər audiovizual media üçün dil standartlarına nəzarətin gücləndirilməsi – redaktor heyətinin peşəkarlığının artırılması zəruridir;

aparıcı və məzmun yaradıcıları üçün nitq mədəniyyəti üzrə davamlı təlimlərin təşkili vacibdir;

uşaqlara və gənclərə ünvanlanan keyfiyyətli və düzgün dil nümunələri təşviq edən layihələrin artırılması müsbət nəticələr verə bilər;

hər bir televiziya və ya radio kanalının daxili monitorinq qrupunun yaradılmalıdır.

Məqsəd qadağalar tətbiq etmək deyil, şüurlu və məsuliyyətli dil seçimi formalaşdırmaqdır. Əslində, demək olar ki, audiovizual media, xüsusilə də televiziya, gənc auditoriya üçün sadəcə informasiya və əyləncə mənbəyi deyil, nitqi formalaşdıran güclü sosial mexanizmdir. Bu güc düzgün idarə olunduqda Azərbaycan dilinin saflığının qorunmasına və nümunəvi nitqin formalaşmasına real töhfə verə bilər.

Sonda bir fikri vurğulamaq istəyirəm: dilin saflığını qorumaq tək bir qurumun işi deyil. Bu, dövlətin, medianın, mütəxəssisin və tamaşaçının ortaq məsuliyyətidir. Televiziya isə bu işdə ən güclü vasitələrdən biridir.

Ölkə Prezidenti cənab İlham Əliyev qətiyyətlə hər birimizi ana dilimizin saflığının qorunması uğrunda mübarizəyə çağırdı. Çünki dil bizim mədəni yaddaşımızdır. Bu yaddaşın qorunması isə media nümayəndələrinin və audiovizual mediada çalışanların məsuliyyətidir.

Xatirə HÜSEYNOVA,
BDU-nun yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent

Seçilən
11
xalqqazeti.az

1Mənbələr