AZ

Dilçilik İnstitutunun direktor müavini: Türkiyə türkcəsindən qorxmaq lazım deyil

Türkiyə türkcəsindən qorxmaq lazım deyil.

Bunu "Report"a müsahibəsində Nəsimi adına Dilçilik İnsitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli deyib.

O qeyd edib ki, Azərbaycan dili genetik baxımdan türk dillərindən biridir:

"Hazırda 30-dan çox türk dili var, onlardan 23-ü müstəqil türk dilidir. Türk xalqlarını ortaq mədəniyyət, mənəvi bağlar birləşdirir. Dilimizdə oğuz, qıpçaq türkcəsinin elementləri var. Artıq ortaq türk əlifbası da yaradılıb. Biz ortaq ünsiyyət dilindən danışsaq, SSRİ məkanında mövcud türkdilli xalqlar rus dili vasitəsilə daha çox ünsiyyət qururdular. Bu gün Türkiyə türkcəsi bu rolu üzərinə götürür. Buna da Türkiyənin dünyadakı siyasi mövqeyi, dünyadakı geopolitik yeri daxildir. Bizdən də türk dilinə sözlər keçir".

Bununla belə B.Məhərrəmli vurğulayıb ki, o özü də yerli-yersiz Türkiyə türkcəsinə aid sözlərin süni şəkildə dilimizə gətirilməsinin əleyhinədir:

"Bu hal daha çox telekanallarda rast gəlinir. "Zatən", "eynən", "falan", "diyər" kimi ifadələr dilimizdə süni şəkildə işlədilir. Bu, müasir dildə danışmaq deyil. Gənclərlə bərabər məmurlar da süni tələffüz formasını dilə gətirirlər. Bu zaman dil korlanır. Azərbaycan dili müstəqil ədəbi dildir, öz sözlərimizi işlətməliyik. Rus dilinin bizdə təsiri qalıb, zaman-zaman bu təsirdən uzaqlaşmalıyıq. İngilis dilinə gəlincə, qlobal dildir, təsiri bizə də gəlib. Dil özü-özünü təmizləyir. Dövlət səviyyəsində də bu sahədə bizə dəstək var. Müstəqillik dövründə 20-dən çox dil haqqında fərman və sərəncamlar imzalanıb. Bizə qalan, sadəcə, dil haqqında qanunlara əməl etməkdir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Seçilən
12
2
far.az

3Mənbələr