AZ

21 fevral: “Ana dili hər bir xalqın milli kimliyidir”

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ana dilimizi gələcək nəsillərə düzgün ötürmək üçün hansı addımlar vacibdir? Dövlət və vətəndaş dilin qorunmasında hansı vəzifələri daşıyır?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, fevralın 21-i bütün dünyada YUNESKO tərəfindən təsis edilmiş Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur:

"Bu günün əsas məqsədi dil müxtəlifliyinin qorunması, ana dilinin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmaqdır. Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin daşıyıcısıdır. Azərbaycan üçün də Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, dövlət müstəqilliyinin və milli varlığın əsas sütunlarından biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Prezident cənab İlham Əliyevin geniş məzmunlu çıxışında ana dilimizlə bağlı olaraq toxunduğu taleyüklü məsələlər, dilin qorunması və inkişafı yönündə verdiyi dəyərli tövsiyələr və tapşırıqlar, bizcə dilini, torpağını, millətini sevən hər bir azərbaycanlı üçün yolgöstərən amilə çevrilməlidir".

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində müəyyən çağırışlar mövcuddur:

"Bu problemləri bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Qloballaşma, informasiya texnologiyalarının inkişafı və sosial şəbəkələrin geniş yayılması dilimizə çoxlu sayda xarici sözlərin daxil olmasına səbəb olub.

Xüsusilə gənclər arasında gündəlik danışıqda Azərbaycan dilində qarşılığı olan sözlərin əvəzinə xarici terminlərin işlədilməsi dilin saflığına mənfi təsir göstərir. Bu proses uzun müddətdə milli dilin özünəməxsusluğunu zəiflədə bilər.

Kütləvi informasiya vasitələri və sosial platformalar dilin formalaşmasında mühüm rol oynayır. Lakin bəzən televiziya proqramlarında, xəbər portallarında və sosial mediada orfoqrafik və qrammatik səhvlərə tez-tez rast gəlinir. Bu isə xüsusilə gənc nəslin dil vərdişlərinə mənfi təsir göstərir.

Bəzi hallarda ana dilində düzgün və səlis danışmaq mədəniyyət göstəricisi kimi deyil, adi məsələ kimi qəbul olunur. Halbuki dilə münasibət birbaşa milli şüurun səviyyəsini əks etdirir.

Elm və texnologiya sahəsində yeni anlayışların Azərbaycan dilində qarşılıqlarının yaradılması və tətbiqi bəzən gecikir. Nəticədə xarici terminlər olduğu kimi istifadə olunur".

Millət vəkili qeyd edib ki, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində dövlət, cəmiyyət və fərdi səviyyədə kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:

"Bunun üçün dil qanunvericiliyinin icrasına ciddi nəzarət edilməlidir. Televiziya və mediada dil normalarına əməl olunması təmin edilməlidir. Elmi terminlərin Azərbaycan dilində hazırlanması təşviq olunmalıdır. Dilçilik sahəsində tədqiqatlara dəstək artırılmalıdır. Əlbəttə, burada ən vacib amil təhsildir.

Məktəblərdə ana dilinin tədrisi daha yüksək səviyyədə təşkil olunmalı, şagirdlərdə ana dilinə sevgi və hörmət hissi formalaşdırılmalı, bədii ədəbiyyatın oxunması təşviq edilməlidir".

O qeyd edib ki, ana dilinin qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın borcudur:

"Hər bir insan gündəlik həyatında Azərbaycan dilində düzgün və səlis danışmağa çalışmaqla, xarici sözlərin yerinə ana dilimizdəki qarşılıqlardan istifadə etməklə, uşaqlara ana dilində danışmağı və oxumağı öyrətməklə, Azərbaycan ədəbiyyatını oxumaq və təbliğ etməklə, sosial şəbəkələrdə dil normalarına riayət etməklə ana dilimiz qarşısındakı öz vətəndaşlıq borcunu yerinə yetirə bilər.

Unutmayaq ki, ana dili gələcəyimizin təminatıdır. Ana dili xalqın varlığını yaşadan ən mühüm mənəvi sərvətdir. Dil itərsə, milli kimlik də zəifləyər. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini və ruhunu qoruyub bu günə gətirib.

Bu gün ana dilimizi qorumaq sadəcə mədəni məsələ deyil, həm də milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsidir. Dilimizi qorumaqla biz öz keçmişimizi, bu günümüzü və gələcəyimizi qoruyuruq. Ana dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcu, milli vicdan məsələsidir".

Seçilən
23
cebheinfo.az

1Mənbələr