AZ

Türkiyə kəşfiyyatında işləmiş azərbaycanlı – HƏYAT HEKAYƏSİ

BAKI, 21 fevral. TELEQRAF

Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən Rəfibəylilər ailəsinin üzvlərindən biri də Əyyub bəydi. Türkiyədə Eyüp Saygın adı ilə tanınan Əyyub bəyin bioqrafiyası barədə Türkiyə dövlət arxivində önəmli bir sənəd mövcuddur. Qars Xalq Evinin sədri olması ilə bağlı hazırlanan dosyada onun haqqında yazılıb:

Ad-soyadı: Eyüp Saygın

Doğulduğu yer və tarix: 1300-cü ildə doğulub. Azərbaycanın Gəncə şəhərində. (Miladi 1883-1884 – D.Ə).

Təhsil dərəcəsi, hansı məktəblərdən hansı tarixdə diplom alıb: 1905-ci ildə Azərbaycanın Gəncədəki rus liseyindən məzunam.

Məsləyi: (boş buraxılıb – D.Ə).

Partiyaya daxil olduğu tarix: Xalq Partiyasının Qarsda ilk təşəkkülü günündən etibarən.

Partiyadakı vəzifələri (tarixləri ilə birlikdə): 1928-1929-cu illərdə Qars Mərkəzi Firqə İdarə Heyəti əzası. 1930, 1931, 1932, 1933, 1934-cü illərdə Vilayət Firqə İdarəsi heyəti əzası. 1933-1934-cü illərdə Qars Xalq Evi rəisliyində.

Partiya namına gördüyü xidmətlər (ayrılıbsa səbəbləri): 1928-ci ildə əski Türk Ocağı idarə heyəti əzası. 1929-cu ildə bələdiyyə əzası və əncümən daimi əzası. Ziraət Bankı idarə heyəti əzası. Təyyarə Cəmiyyəti idarə heyəti əzası. 1930, 1931, 1932, 1933-cü illərdə ümumi məclis əzası, 1931, 1932 və 1933-cü illərdə Vilayət Əncümən daimi əzası.

Dövlət təşkilatında olduğu vəzifələr və bu vəzifələrdən ayrılma səbəbləri: Qars Əmniyyət Müfəttişliyində rus-türk tərcümanlığındayam.

Daha öncə başqa bir siyasi partiyada olmuşdurmu? Nə vaxt, necə ayrılmışdır: Heç bir partiyada olmamışam.

Milli mücadilədə haralarda və hansı vəzifədə olmuşdur: Qarsda idim, ticarətlə məşğuldum.

Xarici dillərdən hansını bilir, əsərləri varmı?: Rusca.

Əsgərlik xidmətini harada və necə etmişdir?: Əsgəri mükəlləfiyyətim olmadığı üçün etməmişəm.

Şəxsi işin sonunda Əyyub bəyin imzası mövcuddur.

Türkiyə arxivindəki bu sənəd Əyyub Rəfibəylinin birbaşa özü tərəfindən doldurulduğu üçün onun 1930-cu illərdəki fəaliyyətinə dair əlimizdəki önəmli sənədlərdən biridir.

Onun haqqında mövcud olan digər bir bioqrafiya isə övladlarına ünvanlanmış məktub şəklindədir və bu ailəni dərindən araşdırmış akademik Rafael Hüseynovun “Rəfibəylilər” kitabında yer alıb. Həmin kitabdakı məlumatlarla Türkiyə arxivindəki bu sənəd Əyyub bəyin sonrakı əsas işinə qədərki həyat yoluna aydınlıq gətirməkdədir.

Əyyub Rəfibəyli Məşədibəy oğlu Gəncənin Balabağban məhəlləsində doğulub. Gəncədəki rus liseyində təhsil alıb, müxtəlif idarələrdə çalışıb. Gəncə şəhərinin üçüncü hissəsində pristav köməkçisi kimi çalışıb, 1909-cu ildən etibarən müvəqqəti olaraq pristavlığa buraxılıb. Cümhuriyyət dövründə Gəncə Əmniyyət Müdirliyində çalışıb, Vətəndəki son vəzifəsi Nuxa qəzasının qaimməqamı – polis rəisi olub.

Rusiyanın Azərbaycanı işğalından sonra Əyyub bəy də qardaşı Səməd Rəfibəyli kimi Türkiyəyə mühacirət edib. Batum yolu ilə Türkiyəyə keçmək istəyərkən, onu tanıyan bir erməni Əyyub bəyin həbsinə səbəb olub, lakin qardaşı Səməd bəyin sayəsində xilas ola bilib. Kazım Qarabəkir paşa bir neçə erməni əsiri verərək onun buraxılmasına nail olub.

Əyyub bəy doldurduğu sənəddə də qeyd etdiyi kimi Qarsa gəlib, orada ticarətlə məşğul olub. Atasının Gəncədən göndərdiyi qızıl pullar sayəsində dükan açıb, Rusiyadan mal-qara, dəri gətirərək tacirlik edib. Lakin qısa zamanda Əyyub bəy ticarətdən uzaqlaşıb və Cümhuriyyət Xalq Partiyasında təmsil olunub, daha sonra dövlət işlərində çalışıb. Rus dilini mükəmməl bildiyi üçün Qars Əmniyyət Təşkilatında tərcüməçiliklə də məşğul olub.

Qars Xalq Evinin sədri

Əyyub bəy 1928-ci ildə Qars Türk Ocağının idarə heyətinin üzvü olub. Mustafa Kamal Atatürkün göstərişi ilə Türk Ocaqlarının fəaliyyətini sona çatdırması və Xalq Evlərinin qurulmasından sonra yeni təşəkküldə yer alıb. O, 1933-cü ildə Qars Xalq Evinin qurucu sədri olub, bir il ərzində qurumu idarə edib. Bu vəzifəsindən öncə o, təhsil müfəttişi idi.

Əyyub bəydən sonra Xalq Evinin sədri Salim Altuğ, 1935-ci ildə isə yenə bir azərbaycanlı – İrəvanın Talın bölgəsindən olan Hüseyn xan Talınlı olub.

Xalq Evinin bir sıra qolları fəaliyyət göstərirdi və onlardan ən aktivi Dil-Tarix Ədəbiyyat komitəsi idi. Bu komitənin təşkilatçılığı ilə 23 avqust 1934-cü ildə Qarsdakı Ani xarabalıqlarını tədqiq etmək üçün bir heyət oraya gedib. Heyətdə qurumun sədri Əyyub bəy də yer alıb.

Milli İstihbarat Təşkilatında

Əyyub bəy 1941-ci ildən təqaüdə çıxana qədər Türkiyə Milli İstihbarat Təşkilatında çalışıb. Təqaüd dönəmindən 1966-cı ilədək də bu qurumda məsləhətçi və tərcüməçi olaraq xidmət göstərib. O, təşkilatın əvvəlcə Qars, daha sonra Ərzurum və Trabzondakı şöbələrində çalışıb. Daha sonra İstanbul və Ankarada fəaliyyət göstərib. Rəfibəylilər ailəsi ilə bağlı bəzi sənədlərdə onun bu dövrdə təşkilatın Qars şöbəsində rəis müavini işlədiyi, SSRİ əleyhinə partizan dəstələri hazırladığı yazılıb. Jurnalist Xaqani Səfəroğlunun Rusiya arxivindən əldə etdiyi bir sənəddə bu barədə yazılıb: “Tam məxfi. Şifrəli teleqarm N5058. İstanbuldan. 27.05.1942-ci il. Viktora. Ərzrumdakı Türkiyə Ordusunun hərbi kəşfiyyatının əməkdaşı Əyyub Rəfibəyov (azərbaycanlı) partizan dəstəsi formalaşdırmaq üçün gənc azərbaycanlıları yığır. Dəstə komandiri sizə məlum olan Baba bəydir. (azərbaycanlı) Ələziz şəhərində artıq təlimlər başlanıb. Bir neçə gün əvvəl almanlar Ankaradan Qarsa xüsusi tapşırqla azərbaycanlı Məmməd Hüseyni göndəriblər. Tapşırığın xarakteri məlum deyil”.

Ehtimal ki, burada adı çəkilən Baba bəy Səməd bəy Rəfibəyli ilə birlikdə Türkiyənin istiqlal müharibəsində savaşmış Azərbaycan Cümhuriyyəti zabitlərindən Baba Behbud bəydir. Ruslar Əyyub bəyin Türkiyə polisinin Qafqazdan gələnlərə nəzarət üzrə agenti olduğunu da iddia ediblər.

Əyyub bəy övladlarına yazdığı 10 oktyabr 1971-ci il tarixli tərcümeyi-halında həyatının bir dövrü haqqında mühüm bilgilər verib:

“Bu rejimə təhəmmül edə bilmədiyim üçün 1920-ci ildə məmləkəti tərk etdim və ana vətənə — Türkiyəyə iltica məcburiyyətində qaldım. Qardaşım Səməd də eyni ildə dəstəsi ilə Qarabağdan Türkiyəyə iltica etmişdi. Atam ailəsi ilə birlikdə bolşeviklər tərəfindən Sibirə sürgün edilmiş və 1935-ci ildə geri gəldikdən sonra Gəncədə vəfat etmişdir. Anam isə 1919-cu ildə vəfat etmişdi. Anamın adı Nazənin idi.

Məndən 2–3 il sonra ailəm - Aliyə oğlum Sədrəddinlə mühacir kimi Qarsa gələ bilmişdilər. Həyat yoldaşım 1926-cı ildə bir xəstəlik üzündən vəfat etdi. Sədri kiçik yaşda ikən anasız qalmışdı. Qarsda heç kimsəmiz yox idi. Bir il sonra, yəni 1926-cı ilin son aylarında ananızla evləndim. Qarsa gəldikdən sonra bir müddət ticarətlə məşğul oldum. Nəticədə ortaqlarımın xəyanəti dolayısı ilə sərmayəmi qeyb etdim… İlk olaraq Qarsda Milli Əmniyyət Təşkilatı quruldu. Mən də bu təşkilata qatıldım…”.

Əyyub bəyin ailə həyatı qurduğu ikinci xanım da Şimali Qafqazdan köçən mühacir ailədəndi. Validə Əfəndiyeva Şeyx Şamilin nəslindən olan zərgər Hacı Əlinin qızı olub. 1908-ci ildə doğulub, 1922-ci ildə Türkiyəyə gəlib. İlk opera müğənnimiz Şövkət Məmmədova Validə xanımın anasının xalası qızı idi.

Əyyub bəyin oğlu Sədrəddin albay rütbəsinə qədər yüksəlmiş hərbçi olub. Digər övladı Nurəddin elektrik mühəndisi, Aydın isə hüquqşünas olub. Qızı Birsən isə Ankara Tibb Universitetinin professoru idi.

Əyyub Rəfibəyli 17 yanvar 1979-cu ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub.

Dilqəm ƏHMƏD

Seçilən
13
teleqraf.com

1Mənbələr