AZ

Anar Fərəcov: Biznes strukturları obyekt adlarında ana dilinə üstünlük verməlidir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 21 fevral, Fidan Əlizadə, AZƏRTAC

Beynəlxalq Ana Dili Gününün qeyd olunmasında əsas məqsəd dünyada qayğıya ehtiyacı olan dillərin problemlərini gündəmdə saxlamaq, onların qorunması və inkişafı üçün diqqəti artırmaqdır. Bu gün təkcə bir bayram deyil, həm də dillərin gələcəyi haqqında düşünmək üçün bir fürsətdir. Xüsusilə bir çox xalqların dillərinin qorunması məsələsi qloballaşma dövründə daha da aktuallaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında BDU-nun filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan dilinə dövlət qayğısı ilə əhatə olunması baxımından yanaşsaq, xoşbəxt dillərdən biri saymaq olar.

Dilimizin qorunması və inkişafı istiqamətində dövlət səviyyəsində mütəmadi olaraq mühüm qərarlar qəbul olunduğunu diqqətə çatdıran A.Fərəcov deyib: “Ulu Öndər Heydər Əliyevin başlatdığı dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yəni dilimizin dövlət qayğısı ilə əhatə olunması baxımından ciddi problemi yoxdur. Dövlət siyasəti bu sahədə kifayət qədər ardıcıl və sistemlidir.

Əsas problem qloballaşan dünyada dillərin sürətli şəkildə kənar təsirlərə məruz qalmasıdır. Bu proses, demək olar ki, əksər dillər üçün müəyyən risklər yaradır. Azərbaycan dili də bu prosesdən kənarda deyil. Müasir informasiya mühiti, texnologiya və beynəlxalq kommunikasiya nəticəsində xarici dillərin təsiri getdikcə artır. Bu barədə ölkə başçısının yerli telekanallara verdiyi son müsahibəsində səsləndiriyi fikirlər diqqətəlayiqdir”.

Alim qeyd edib ki, müasir dövrdə Azərbaycan dilinin ciddi şəkildə təzyiqə məruz qaldığı iki əsas sahə var. “Bunlardan birincisi biznes və kommersiya sahəsidir. Şəhər küçələrində yerləşən biznes obyektlərinin adlarına diqqət yetirdikdə görürük ki, bir çox hallarda xarici dillərə üstünlük verilir. Bəzən elə təəssürat yaranır ki, insan öz ölkəsində deyil, başqa bir ölkədədir. Halbuki obyekt adlarında Azərbaycan dilinin istifadəsi həm dilin nüfuzunu artırar, həm də milli mühitin qorunmasına xidmət edər. İkinci istiqamət isə media və sosial şəbəkələrdir. Müasir dövrdə informasiya məkanı əsasən internet üzərindən formalaşır. Sosial şəbəkələrdə yazı mədəniyyətinin zəifləməsi, orfoqrafik qaydaların pozulması, lazımsız əcnəbi sözlərin işlədilməsi Azərbaycan dilinin normativ sisteminə mənfi təsir göstərir. Bəzi hallarda isə Azərbaycan sözlərinin yerinə tamamilə xarici ifadələr işlədilir ki, bu da dil mühitinin dəyişməsinə səbəb olur. Bu problemlərin həlli yalnız dövlət qurumlarından deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən vəzifədir. Əlbəttə, qanunvericilik və dövlət proqramları vacibdir, lakin dilin qorunması ilk növbədə insanların dilə münasibətindən asılıdır. Təhsil müəssisələrində nitq mədəniyyətinin inkişafına daha çox diqqət yetirilməli, media qurumları dil normalarına ciddi riayət etməli, biznes strukturları isə obyekt adlarında ana dilinə üstünlük verməlidir. Bundan əlavə, gənc nəslin dilə bağlılığını artırmaq üçün maarifləndirmə işləri, layihələr və ictimai təşəbbüslər də böyük əhəmiyyət daşıyır”,- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr