Ermənistan hakimiyyətinin Sünik bölgəsində Rusiyanın baş konsulluğunun açılması ilə bağlı prosesi qəsdən uzatdığı iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, erməni “Past” nəşrinin yaydığı məlumatlara görə, məsələ artıq üç ilə yaxındır ki, müzakirəyə çıxarılmır və rəsmi İrəvan bu mövzuda konkret mövqe bildirməkdən yayınır.
Qeyd edilib ki, hakimiyyət orqanları təxminən üç ildir bu məsələni gündəmə gətirmir, 2025-ci ilin may ayından etibarən isə Rusiyanın müraciətlərinə ümumiyyətlə cavab vermir. Qəzet iddia edir ki, Ermənistan Xarici İşlər Nazirliyinə Moskvaya mümkün qədər gec cavab vermək və bu mövzuda şərh verməmək barədə göstəriş verilib.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında Sünik vilayətinin Kapan şəhərində İranın baş konsulluğu fəaliyyətə başlayıb. 2023-cü ilin mayında Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan ölkənin Kapan şəhərində Rusiyanın baş konsulluğunun açılması təklifinə razılıq verdiyini açıqlamışdı. Lakin sonrakı dövrdə bu istiqamətdə real addımlar atılmayıb.
2024-cü ilin yayında “Qraparak” nəşri hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinin hökumətin çağırışı ilə konsulluğun açılmasına mane olmağa çalışdıqlarını yazmışdı. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təkzib edilməmişdi.
Rusiya tərəfi isə məsələ ilə bağlı sonuncu dəfə ötən ilin may ayında rəsmi açıqlama verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci il mayın 21-də İrəvanda keçirilən görüş zamanı bildirib ki, Kapan şəhərində baş konsulluğun açılması ilə bağlı hazırlıq işləri davam etdirilir.
Sara
NOCOMMENT.az