Ana dilimiz milli kimliyimizin aynasıdır
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu tarix ilk növbədə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal bölgəsində öz ana dilinin rəsmi status qazanması uğrunda mübarizə aparan dörd tələbənin faciəvi şəkildə həlak olması hadisəsini xatırladır. Həmin hadisə ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli ləyaqət və kimlik məsələsi olduğunu bütün dünyaya nümayiş etdirdi.
Məhz bu tarixi hadisənin beynəlxalq səviyyədə tanınması məqsədilə 1999-cu ilin noyabr ayında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edildi. Bu qərar ana dilinin qorunması və inkişafının bəşəri dəyər kimi qəbul olunduğunu bir daha təsdiqlədi.
Ana dili hər bir xalqın varlığını, kimliyini və milli mənsubiyyətini yaşadan ən böyük mənəvi sərvətdir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, o, xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını, düşüncə tərzini və dünyagörüşünü özündə əks etdirən canlı bir xəzinədir. Azərbaycan xalqı da əsrlər boyu öz ana dilini qoruyub saxlamış, onu inkişaf etdirərək zəngin bir ədəbi irs formalaşdırmışdır.
Dahi söz ustadlarımız – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə ana dilimizin poetik və fəlsəfi imkanlarını genişləndirərək onu yüksək zirvələrə qaldırmış, dünya ədəbiyyatına dəyərli incilər bəxş etmişlər.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması istiqamətində mühüm tarixi mərhələlər yaşanmışdır. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mühüm addım milli-mənəvi dəyərlərimizin qorunması baxımından tarixi əhəmiyyət daşıyırdı və ana dilimizin hüquqi əsaslarını möhkəmləndirdi.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin inkişafı yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlət dilinin hüquqi statusunu bir daha təsbit etdi və onun tətbiqi üçün möhkəm zəmin yaratdı.
2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman dil siyasətinin sistemli şəkildə həyata keçirilməsini təmin etdi. Məhz həmin fərmana əsasən 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu.
2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun dilimizin işlənməsi, qorunması və inkişafı istiqamətində hüquqi mexanizmləri daha da təkmilləşdirdi.
2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam, 2012-ci il 29 may tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncam, 2012-ci il 26 noyabr tarixli Nazirlər Kabinetinin Terminologiya Komissiyası haqqında Əsasnaməni təsdiq edən Qərarı, 2013-cü il 9 aprel tarixli Dövlət Proqramının təsdiqi barədə sərəncam və 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam ana dilinə dövlət qayğısının ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir.
Bu gün də Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev çıxışlarında ana dilimizin milli kimliyimizin əsas sütunu olduğunu dəfələrlə vurğulamışdır. 2025-ci ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dövlət başçısı dilimizin elmi mühitdə və terminologiyada daha da zənginləşdirilməsinin vacibliyini qeyd etmişdir. 2026-cı ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində isə ana dilinin qorunmasını milli təhlükəsizlik və ideoloji müstəqillik məsələsi kimi xarakterizə etmişdir.
Bu gün təhsil sistemində ana dilinə xüsusi önəm verilir, kütləvi informasiya vasitələrində dil normalarına riayət olunması nəzarətdə saxlanılır, terminologiyanın zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlar Azərbaycan dilinin gələcək nəsillərə daha təkmil və saf şəkildə ötürülməsinə xidmət edir.
Ana dili yalnız sözlər toplusu deyil, o, xalqın ruhudur. Ana dilində deyilən layla, yazılan şeir, səsləndirilən bayatı insanın qəlbinə daha doğma gəlir. Dilimizi qorumaq, onu yad təsirlərdən müdafiə etmək, düzgün və ədəbi normalara uyğun danışmaq hər birimizin vətəndaşlıq borcudur.
Beynəlxalq Ana Dili Günü münasibətilə hər bir azərbaycanlını bu müqəddəs dəyərimizi sevməyə, qorumağa və gələcək nəsillərə ötürməyə çağırıram. Azərbaycan dili bizim qürurumuzdur, kimliyimizdir, varlığımızdır. Ana dilimiz daim yaşasın və inkişaf etsin.
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri