AZ

Qonşu ölkədə qadağan olundu, Azərbaycanda da istifadə olunur: Təhlükə varmı?

Bir neçə gün əvvəl Rusiyada “Telegram” mesencerinin qismən bloklanması ilə bağlı məlumatlar yayılıb. Rəsmi açıqlamalarda məhdudiyyətlərin təhlükəsizlik və texniki səbəblərlə əlaqəli olduğu bildirilsə də, bir çox istifadəçi platformaya, ümumiyyətlə, daxil ola bilmədiyini iddia edir.

Müzakirələr fonunda “Telegram”ın təhlükəsizlik səviyyəsi də yenidən gündəmə gəlib. Bəzi iddialara görə, digər populyar mesencerlərlə, məsələn, “WhatsApp”, “İnstagram” və s. ilə müqayisədə platformada məlumatların qorunması mexanizmləri kifayət qədər etibarlı deyil.

Azərbaycanda isə “Telegram” həm fərdi ünsiyyət, həm də informasiya mübadiləsi baxımından ən çox istifadə olunan platformalardan biridir. Minlərlə kanal və qrupun aktiv fəaliyyət göstərdiyi bir şəraitdə sual yaranır: Istifadəçilər üçün real risk varmı? Platformada şəxsi məlumatlar nə dərəcədə qorunur və mümkün məhdudiyyətlər bizə də təsir göstərə bilərmi?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, hər hansı bir ölkənin “Telegram” platformasını bloklaması avtomatik olaraq onun təhlükəli olması anlamına gəlmir:

“Bu tip qərarlar əksər hallarda texniki zəifliklərlə deyil, hüquqi tənzimləmə, informasiya nəzarəti və kibercinayətkarlıq riskləri ilə bağlı olur. Çox vaxt belə məhdudiyyətlər təhlükəsizlik protokollarından daha çox informasiya axınına nəzarət, qanunsuz məzmunun yayılması və fırıldaqçılıq halları ilə əlaqədar verilir. Rusiyada da əsas səbəblərdən biri platformanın açıq strukturu və burada dələduzluq, qanunsuz fəaliyyət hallarının artması kimi göstərilir”.

Mütəxəssis qeyd edib ki, istifadəçilər arasında geniş yayılmış bir yanlış təsəvvür var:

“Bir çox insan düşünür ki, “Telegram” tam şəkildə ucdan-uca şifrələnir. Əslində isə bu yalnız “secret chat” rejimində keçərlidir. Adi yazışmalar server tərəfli şifrələnir. Bu o deməkdir ki, texniki olaraq platforma məlumatlara çıxış imkanını saxlayır. Yəni “Telegram” tam toxunulmaz zona deyil. Sadəcə digər mesencerlər kimi özünəməxsus təhlükəsizlik mexanizmlərinə malikdir”.

informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov

Elvin Həsənovun fikrincə, əsas risk tətbiqin özündən çox, onun açıq və nəzarətsiz informasiya mühitindən qaynaqlanır:

“Kanal yaratmaq çox asandır, qruplar sürətlə böyüyür və məzmun əvvəlcədən ciddi filtrdən keçmir. Bu da dələduzlar üçün əlverişli şərait yaradır. Saxta investisiya kampaniyaları, pul vədləri, oğurlanmış kart məlumatlarının satışı, fişinq linkləri çox vaxt “Telegram” qrupları vasitəsilə yayılır. Yəni problem texniki platformadan çox, istifadəçilərin qarşılaşdığı nəzarətsiz məzmundadır”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda da “Telegram” geniş istifadə olunur və təhlükəsizlik, ilk növbədə, istifadəçinin davranışından başlayır:

“Birincisi, tanımadığınız şəxslərin göndərdiyi linklərə daxil olmaq olmaz. “Pul qazancı”, “hesab yoxlanışı”, “kampaniya” kimi mesajların böyük əksəriyyəti fırıldaq xarakterlidir. İkincisi, bank kartı məlumatı, OTP kodu, şəxsiyyət vəsiqəsinin fotosu kimi həssas məlumatlar heç bir halda paylaşılmamalıdır. “Telegram” üzərindən belə məlumat istənirsə, bu, demək olar ki, 100 faiz dələduzluqdur. Üçüncüsü, iki mərhələli təsdiq (two-step verification) aktiv edilməli və hesaba əlavə parol qoyulmalıdır. Bu, hətta telefon nömrəsi ələ keçirilsə belə, hesabın qorunmasına kömək edir. Dördüncüsü, naməlum qruplara avtomatik əlavə edilmə funksiyası söndürülməli, məxfilik tənzimləməsi mütləq yoxlanmalıdır. Kim sizə yaza bilər, kim sizi qrupa əlavə edə bilər, bu parametrlər açıq olduqda risk artır”.

İT mütəxəssisi hesab edir ki, rəqəmsal təhlükəsizlik yalnız platformaların texniki imkanları ilə deyil, istifadəçilərin məlumatlı və ehtiyatlı davranışı ilə təmin olunur:

“Unutmamalıyıq ki, “Telegram”da yayılan hər məlumat rəsmi və doğru deyil. Hər hansı xəbər, kampaniya və ya sensasion iddia ilə qarşılaşdıqda onu alternativ və etibarlı mənbələrdən yoxlamaq vacibdir”.

Seçilən
4
2
konkret.az

3Mənbələr