AZ

Reytinq xatirinə zövqü korlayıb, səviyyəni aşağı salmısınız

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Bir çox televiziya aparıcılarına, müəyyən verilişlərin redaktor və direktorlarına sualım var! 20–30 ildən sonra bu gün efirlərinizdə nümayiş etdirdiyiniz bu səviyyəsizliyi hansı üzlə xatırlayacaqsınız? Gələcək nəsil sizdən soruşanda ki, Azərbaycan mədəniyyətini, bu qədər zəngin və bənzərsiz musiqi irsimizi necə qorudunuz, nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, efirə çıxardıqlarımız musiqidən xəbəri olmayan, yalnız sosial şəbəkədə "populyar" olan insanlar idi? Doğrudanmı bu gün kim izlənmə yığırsa, o da efirə çıxmalıdır? Bu qədərmi ucuzlaşmalıdır meyarlar? Peşəkar Azərbaycan musiqisi hər zaman sevilib, hər zaman zirvədə olub və tarixdə əbədi yaşayacaq! Amma siz bu gün gənc nəslə elə ifalar və təqdimatlar göstərirsiniz ki, küçədə belə dinlənməsi insana xəcalət gətirər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb. O, verilişləri və aparıcıları sərt tənqid edib:

"Efir sadəcə şou deyil! Efir millətin aynasıdır! Efir gələcəyin yaddaşıdır! Siz isə bu aynanı bulandırırsınız… Bu yaddaşı zədələyirsiniz… Bu millətin musiqi adına qürur duyduğu dəyərləri ayaq altına atırsınız! Unutmayın, zaman hər şeyi yerinə qoyur. Amma tarix heç vaxt səhv tərəfdə duranları bağışlamır.

Gələcək nəsilə doğru mədəniyyətimizi, zövqlü musiqimizi, həqiqi sənəti təbliğ etməliyik! Əgər deyəcəksiniz ki, "indi kim yaxşı musiqiyə qiymət verir?", "hamiya şou lazımdır", "dava-dalaş reytinq gətirir", onda sual verirəm: bu zövqü formalaşdıran kimdir? Efir zövq yaradır. Efir istiqamət göstərir. Efir cəmiyyətin düşüncəsinə təsir edir. Əgər siz hər gün səviyyəsizi təqdim etsəniz, əlbəttə ki, səviyyəsiz alqışlanacaq.

Amma siz bir yerdə qərar versəniz ki, yaxşısını, keyfiyyətlisini, peşəkarı təbliğ edək, onda görəcəksiniz ki, tamaşaçı da dəyişir, zövq də yüksəlir, keyfiyyət də öz yerini tutur! Birlikdə başlayın yaxşısını göstərməyə, dəyəri olanı efirə çıxarmağa, həqiqi sənətə meydan verməyə. O zaman görəcəksiniz ki, keyfiyyət nədir və necə olmalıdır! O zaman anlayacaqsınız ki, xalqın zövqü aşağı deyil, sadəcə ona seçim təqdim edən sizsiniz. Unutmayaq: biz gələcəyin musiqi yaddaşını bu gün yazırıq".

Sənətçi aparıcıların tez-tez səsləndirdiyi bəhanələrə isə belə reaksiya verib:

"Bir də bəzi aparıcılar efirdə belə deyirlər: "Yaxşılar, sənətkarlar gəlmir bizim efirə, biz də məcbur qalıb bayağıları dəvət edirik…" Doğrudanmı məsələ budur? İllərlə efiri 2-3-cü dərəcəli səviyyəyə salandan sonra, sənətkar niyə gəlib sizin verilişinizdə iştirak etməlidir? Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız, səviyyəni aşağı salmısınız, sonra da deyirsiniz ki, yaxşılar gəlmir.

Əvvəlcə konsepti köklü şəkildə dəyişmək lazımdır! Mühiti dəyişmək lazımdır! Dəyər anlayışını geri qaytarmaq lazımdır! Əgər siz bayağını alqışlatmağı bacarırsınızsa, deməli keyfiyyəti də alqışlatmağı bacarırsınız! Çünki tamaşaçı sizin təqdim etdiyinizə reaksiya verir. Yox, əgər birini bacarıb, digərini bacarmırsınızsa, deməli məsələ tamaşaçıda deyil… O zaman açıq demək lazımdır: Siz keyfiyyətin tərəfdarı yox, onun qarşısında dayananlardansınız",

Qeyd edək ki, ötən gün müğənni Səidə Sultan da proqramları və aparıcılarını tənqid etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
3
axsam.az

4Mənbələr