Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qax, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında keçirilən “Mən həmişə gəncəm” adlı bilik yarışına yekun vurulub. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən yarışda Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin əməkdaşlarından ibarət komandalar mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, bilik yarışı 6 mərhələdən, həmçinin “Lider mən” mərhələsindən ibarət olub.
Yekun nəticələrə əsasən, “Qəbələ” komandası bilik yarışının qalibi olub. “Şəki” və “Qax” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Zaqatala və Balakən rayonlarını təmsil edən komandalar isə bərabər nəticə göstərərək yarışı 4-cü pillədə başa vurublar. Bilik yarışının “Lider mən” mərhələsində “Qəbələ” komandasının üzvü Nicat Baxışov fərqlənərək ümumi yarışın lideri seçilib.
Yarışın sonunda qaliblərə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən təşəkkürnamələr təqdim edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.