AZ

Gözəlliklər pedaqoqu

Masallının Qədirli kəndində doğulub, Cəlilabadın əzəldən və indi Uzuntəpə (SSRİ dönəmində Novoqolovka) adlanan kəndində yaşayan, artıq təqaüd yaşında olan Eynalova–Nüsrətova Bibixanım müəllimənin evinə bir dəfə yolüstü də olsa qonaq düşmək kifayətdir ki, onun humanist cəhətlərinə, təkrarsız mətbəx və süfrə mədəniyyətinə şahid olasan.

Bu böyük keyfiyyətləri haqladığı səksən yaşın civarında belə heç kəsə uduzmayan Bibixanım müəllimənin hər şeydən öncə adıçəkilən amillərdən zövq aldığını seyr edirsən. Bir işi sevmədinsə, ona həvəslənmədinsə onun nəticəsi gözəl alına bilməz. Bişirilən yeməyə xüsusi sevgi qatmasan o öz xoşu ilə ocaq üstündə özbaşına bişər, amma “barmaq dadı – əlin duzu” deyilən keyfiyyətlərə çatmaz. Fərq etməz, zəngin ya kasıb süfrədə təam və aksesuarların nəyin nədən sonra və hansı təmtəraqla yerləşdirilməsinin vacib çalarlarının ardıcıllığını izləyib-gözləmədən elitar süfrə mədəniyyətinin nümunəsini yarada bilməzsən. Bibixanım müəllimənin düzənlədiyi adi süfrənin gözəlliyini bəzən yeyib-pozmaq istəmirsən. İstəyirsən o elə bir şəkil kimi yadigar qalsın. Əlbəttə ki, “aclıq partizanları imtahana çəkməsə”…

    Bibiş xala

…Yaşım ondan bir xeyli az olduğundan uşaqlığının, gəncliyinin şahidi olmamışam. Amma ağlım kəsəndə eşitdim ki, qonşu rayonda belə bir doğmamız yaşayır və ona nəyə görəsə “Bibiş”, hətta paralel olaraq “Şirin xala”, “Şirin bibi” deyə müraciət edirlər. Balacalarsa görünür “n” hərfini yaxşı deyə bilmədiklərindən çoxu onu elə “Şiri” deyə çağırırdılar. Hələ uşaq olsam da gözümüzdən nisbətən uzaqda yaşayan, daha çox ancaq xeyir-şərdə gördüyümüz bir insana bu boyda marağın nədən qaynaqlandığı diqqətimi çəkmişdi. Sən demə, bunun da çeşidli özəl səbəbləri varmış…

Yaşlı nəsil xatırlayar, ötən əsrin 60-70-ci illərində ölkədə uşaq paltarları və ümumiyyətlə geyim qıtlığı böhranı yaşanıb. Uşaqlığından daim düşüncələri üstündə məntiqlə dartışan balaca Bibixanım hələ o zaman anasının tikiş maşınında işlətdiklərindən tökülüb qalan parça kəsikləri ilə əvvəlcə “gəlinciyinə”, bir qədər böyüdükdən sonra qohum-əqrəbanın kiçik yaşlı qızlarına paltarlar tikirmiş. Onun qəfildən, həm də bir qədər uzaq məkana gəlin köçməyi bu qızların “toy olacaq!” nidası ilə sevinməyi ilə bərabər, əllərindən çıxan “pulsuz işləyən dərzi”ni itirdiklərinə görə məyusluqlarına da səbəb olubmuş… Evini qonaq-qaralı görməkdən məxsusi zövq alan Bibixanım müəllimənin dəfələrlə mən də qonağı olmuş və indi oxuduqlarınızın bir qisminin canlı müşahidəçisinə çevrilmişəm.

  Xəlil Rza ibrətli nəticələr – millilik, müəllimlik, ziyalılıq…

…İbtidai sinif müəlliməsidi Bibixanım. Yəqin ixtisası imkan yaradıb ki, dəqiq elmləri də humanitar elmlər qədər mənimsəsin. Ümumiyyətlə təhsil, elm adamlarından ibtidai sinif müəllimlərinin ən azı öz tədris çevrələri çərçivəsində hərtətəfli biliyə malik olmalarının vacibliyini çox eşitmişəm. Çünki ibtidai təhsilin məsuliyyət yükünün nə demək olduğunu dərindən anlayıb dərk edən pedaqoq öhdəsinə götürdüyü kiçik yaşlı şagirdlərin “yarımçıqlığını” özünə rəva bilməz. Bilirik ki, şagirdlərin o illərdə məruz qaldığı “axsamalar” sonradan onların bütün həyatı boyu özünü biruzə verir, daim onları mənfi anlamda təqib edir. Üstəlik, Bibixanım müəllimənin işlədiyi dövrdə “repetitorluq” da dəbdə olmadığından bu məsuliyyət ikiqat artmış olurdu. Əlbəttə ki, öz sənətinə, işinə xüsusi məhəbbət, tələbkarlıq və vicdanla yanaşanlar üçün. Elə onun kimi. Bu xüsusiyyətinə görə işlədiyi Uzuntəpə kənd məktəbinin kontingenti də çox sevirdi onu. Doğmaları kimi. Təqaüdə də göz yaşları ilə yola saldılar.

…Çox az-az baş tutan şəxsi söhbətlərimizdə Bibixanım müəllimənin milli-mənəvi dəyərlərimizə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət nümunələrinə də spesifik yanaşmasını müşahidə etmişəm. Hətta maraqlı ədəbi nümunələri, müxtəlif aspektli yazılarımızı sosial şəbəkələrdə paylaşanda belə vaxta-zamana, telefon zənglərinə qızırğanmadan təkcə doğma kimi yox, bütün xalqımız adından bir ağbirçək ziyalı kimi minnətdarlıq üçün zəng etdiyini də. Maraqlıdır ki, bir çoxlarından fərqli olaraq ömrünün əksər hissəsini molokan-rusların məskunlaşdığı və belə demək mümkünsə, SSRİ zamanında onların “fikir və ideyalarının dominantlığı” hökm sürən bir şəraitdə yaşadığı kənddə və dövrdə də o, fundamental dəyərlərimizlə yaşamağı özünün həyat kredosu hesab edib. O illər, o çağlar, o nisbi üstünlüklər bu adamın pedaqoji bilikləri və qeyd etdiyim daim müasirləşən bacarıq və davranışlarına ancaq yaxşı mənada təsir edib. Lakin bünövrəsinə, soy-kökünə, milli çalarlara bağlılığına qətiyyən toxuna bilməyib. Nəticə…nəticə Azərbaycanın üçrəngli bayrağının müəllifi Əli bəy Hüseynzadənin bayrağımıza verdiyi ilkin formula – “Türk kökənli, islam dinli, müasir qiyafəli” biçimdə gözlərimiz qarşısındadır. Yeri gəlmişkən ali məktəbdə müəllimi olmuş şair Xəlil Rza Ulutürkün millət sevgisi, tələffüzündə rus sözləri işlədənləri cərimələdiyini həvəslə doğmalarına və şagirdlərinə təkrar-təkrar nəql etməkdən xüsusi zövq aldığını da mütləq bu məqamda qeyd etməyi vacib bilirəm.

Bu barədə yazmasaq, deməsək, belə nümunələrin sayını artıra bilmərik. Bunları dilə gətirmək, yazmaq bizlərin də boyun borcudur.

  6 qız, 3 oğul, saysız-hesabsız şagirdlər anası

…Şəxsi həyatı da bir örnək olub Bibixanım (Bibiş) müəllimənin. Mərhum həyat yoldaşı, kənddə müxtəlif dövlət vəzifələrində çalışmış Rəşid müəllimlə qurduqları ziyalı ailədə altı qız, üç oğul böyüdüb ərsəyə gətiriblər. Üç qız doğub-böyüdən analar üçün cənnətin qapıları açıqdı deyirlər. Bibixanım bu 3-ü 6-ya çatdırıb. Ona görə bəzən zarafatla doğmaları “sənin ibadətə ehtiyacın yoxdu” desələr də iman əhli olduğunu heç bir zarafata güzəştə getmir.

…Dərdləri də çoxdu. Çeşid-çeşid… Saymaqla-sadalamaqla bitməz. Amma övladları – nəvə-nəticələri ilə ovudur özünü. Qapısını tez-tez döyən bala-nəvə-nəticələri, şagirdləri təsəlli mənbəyidirlər ona. Təqaüd yaşlı nənəni – uzuntəpəlilərin Bibixanım müəlliməsini, qədirlilərin Bibişini, Şirin xala-bibisini darıxmağa qoymurlar. Amma onu da unutmayaq ki, onunla hər görüş qeyd etdiyim gözəlliklərin əxz olunması yolunda ayrıca bir məktəbdir. Bu mənada həyat dərsləri təqaüd yaşında da davam edir müəllimənin. Dərsə gedənlər qazanır, dərsə gecikənlər, dərsdən qalanlar uduzur…

 

Yaxşı nümunələr ümummilli dəyərlərimizin qoruyucularıdır

…Jurnalist-publisist fəaliyyətimlə bağlı həmişə ölkəmizin əksər nöqtələrində gəzib-gördüyüm gözəlliklərə, incəliklərə ailəmlə, bir çox doğmalarımla bərabər mütləq onun gözləri ilə də baxmaq, qiymət vermək keçib ürəyimdən. Lap elə bu yaxınlarda səfər etdiyim şəbəkələr məskəni Şəkidəki gözəlliklərə – küçələr boyu ev və obyektlərin üzərində naxışlanan müxtəlif mozaikalı əl işlərinə, xüsusi zövqlərlə hazırlanmış, hər birinin üzərində ayrıca süjetli tarixi gerçəkliklər yatan kəlağayılara, Xan Sarayındakı möhtəşəm tarixi eksponat və şəbəkələrlə bəzədilmiş qonaq, məşvərət otaqlarını paralel olaraq Bibixanım müəllimənin gözləri ilə də dəyərləndirmək istəmişəm.

…Daha bir faktla fikirlərimi yekunlaşdırım. Bu isə onun milli-mənəvi dəyərlərimizə, insana xüsusi münasibəti, uzaqgörənliyi, istiqanlılığı, canıyananlığı və təbii ki, həm də intellektual potensialı kontekslərində çox dəyərlidir. 2020-ci ilin soyuq qış günündə xocalılı şəhid, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında “İgid ömrü” kitabını yazmaq üçün xocalıların bir hissəsinin yerləşdiyi Goranboy şəhərinə, həmçinin bu rayonun xocalıların kompakt məskunlaşdığı Ağcakənd qəsəbəsinə, Mingəçevir şəhərinə səfər etdim. Orda Füzulinin Xocalı soyqırımının baş verdiyi 26 fevral gecəsi bələdçilik və döyüşlə gətirib Ağdamın Şelli kəndinə çıxartdığı adamların bir hissəsi ilə söhbətləşirdim. Onlardan biri – xanım-müəllimə çox səlist və mehriban danışığı ilə diqqətimi xüsusi cəlb etdi. Mən suallar verirdim. Telefonun diktofonu danışılanları yaddaşa köçürürdü. Təbii ki, eşitdiklərimdən, gözlərim önündə canlanan bəzən müdhişlik, bəzən qəhrəmanlıq yaradan mənzərələrdən fərqli ovqatlara düşərək duyğulanıb tez-tez fikrə gedirdim. Belə yaşantılarımın birindən ayılanda mehriban şəkildə, bir qədər utancaq görkəmdə həya ilə danışan xanım-müəllimə rəvan nitqi və jestləri ilə mənə Bibişi necə xatırlatdısa, qeyri-ixtiyari olaraq “sizin adınız Bibixanım müəllimə deyil?” – deyə soruşdum. Xanım-müəllimə yad insanın qəfil sualından əvvəlcə bir qədər tutulsa da, istedadlı müəllim bacarığı ilə tez də özünü ələ aldı:

  • Yox, yox, mən Solmaz müəlliməyəm.

Mən də tez özümə gəlib: – Hə bağışlayın, buyurun, davam eləyin – dedim.

…Sən demə, dünyamız elin bu başında da, o başında da oxşar, gərəkli nümunələrdən xali deyilmiş. Milli-mənəvi, bəşəri dəyərlərimizin, mədəni davranışlarımızın qədrini bilən pedaqoq Bibixanım müəllimə sayaq.    Onları bir evin, bir ailənin sərhədləri çərçivəsində deyil, ümummilli kontekstlər bucağında dəyərləndirməliyik ki, nümunəvi cəhətlərindən hər kəs faydalansın.

 

Nəzirməmməd Zöhrablı,

jurnalist-publisist  

Azpost.info  

 

 

 

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr