AZ

Kremlin çirkli savaşı: Qafqazdan silinən Rusiya İlham Əliyevə qarşı ailə üzərindən hücum edir – Aqil Ələsgər yazır

Bu gün Azərbaycan ciddi hibrid hücum altındadır. Bəlkə də, bu kiməsə fərdi özfəaliyyət, nə bilim, bir qrup müxalifin ənənəvi yersiz çığırtısı kimi gələ bilər, ancaq, fikrimcə, Azərbaycan Prezidentinin 2020-ci ildə, müharibədən sonra anonsunu verdiyi ideoloji savaş yeni başlayır. Azərbaycan hədəflərinə bir-bir çatdıqca, ölkə iqtisadi müstəqillik yolunda inamlı addımlar atdıqca, hibrid müharibə bir səviyyə də yüksəlir və düşünürəm ki, yüksəlməyə də davam edəcək.

Prezident və ailəsi heç də kiminsə şəxsi qərəzindən ya da fərdi intiqam hissindən hədəf seçilməyib. Məqsədli şəkildə dövlətin zirvəsinə hücum var.

Çünki Azərbaycan kimi ölkələrdə bütün sahələrdə Birinci şəxs əsas, gerisi təfərrüatdır. Onun üçün Birinci şəxsə hücum edilir.

Yazının bu yerində Əbülfəz Elçibəyin yaxınlarına dediyi tarixi sözü xatırlatmaq istəyirəm: “Mən Heydər Əliyevi hakimiyyətə gətirməsəydim, ruslar altı ayın içində Bakıdaydılar. Heydər Əliyevin biz cəbhəçilərə mülayim davranmayacağını bilirdim, ancaq onun da fərqindəydim ki, Əliyevdən başqa kimsə Azərbaycanın müstəqilliyini ayaqda saxlaya bilməyəcək”.

Bəli, Heydər Əliyevin müstəqilliyini qoruduğu dövləti İlham Əliyev güclü və suveren ölkəyə çevirdi. Hətta Nadir şahdan sonra ancaq torpaq itirən Azərbaycan yalnız onun sayəsində ilk dəfə Şimali Azərbaycanın İrəvan quberniyası xaricində bütün torpaqlarında bayrağımızı dalğalanır. Bunu hər prezident arzu etsə də, İlham Əliyev bacardı.

İlham Əliyev təkcə torpaqlarımızı geri almadı. Bir əsr sonra Qafqazda sülhü bərqərar edərək Azərbaycan, Ermənistan və Gürcüstanın sülh içində yaşaması üçün addımlar atdı və atmaqda da davam edir. Qafqazda ABŞ-yə illərdən bəri bizdən daha yaxın olan Gürcüstan və Ermənistandan sonra meydana girib rəsmi Vaşinqtonla daha üst münasibət qurub. Bununla yetinməyərək, rusun illərdən bəri içərimizdə betonlaşan kadrlarını təmizləyir, vaxtilə nizə ilə qarşılanan, mümkünsüz sayılanları hər gün gerçəkləşdirir və bunun üçün bütün imkanlarını səfərbər edir.

Məhz bunun üçün Prezident hədəf seçilir.  Bir məsələnin də adını qoymaq lazımdır. Azərbaycanın zaman-zaman Qərblə də, İranla da münasibətləri kəskinləşib. London qaynaqlı hücumlar da olub Azərbaycana, Qum qaynaqlı da. Ancaq hazırda Azərbaycan Prezidentinə və ailəsinə hücum nöqtəsi Belçika, Fransa ya da İngiltərə görünə bilər. Hətta hansısa erməni diasporu da burada aktiv rol ala bilər. Ancaq hazırkı bu hücumlar rus beyninin məhsuludur. İstənilən kəşfiyyat mərkəzlərinin Azərbaycanla bağlı planları, agentləri, hətta nüfuz agentləri ola bilər. Ancaq dünyada “ikitərəfli agent”, yəni iki və ya çoxtərəfli agent anlayışı var. Agentin Norveçdə, İsveçdə, ABŞ-də oturması, orada fəliyyətdə olması onun hazırda rus planını icra etmədiyi anlamına gəlmir.

Görünən şəklə bir az uzaqdan baxmaq lazımdır. Qafqazda son bir ildə yaşananlar hansı dövlətin heç arzulamadıqlarıdır? Təyyarəmizin vurulması, diasporumuza qarşı hücumlar, informasiya savaşı hansı dövlətdən gəlir? Putinin ad gününün təbriki, iki xoş sözlə iki əsrlik Qafqazdan silinməyə razı gələcəklərinimi sandınız? Yanlış oxumadınız, hazırda Qafqazdan rusun silinmə prosesi gedir. Azərbaycan da bu prosesin lokomotivi rolunu oynayır. Rus çox yaxşı bilir ki, Ermənistanla Azərbaycandan rus izi silinəndən sonra əhalisi ona nifrətlə baxan Gürcüstanın hakim elitası və ya kilsəsi ilə Qafqazda qala bilməyəcək. Bu səbəbdən də hücum edir. Bu səbəbdən də azğınlaşır. Bu qədər də rusu tanımalıydıq…

Bəli, bu gün İlham Əliyev və ailəsinə qarşı hücumların başlanğıc nöqtəsi məhz Kremldir. Üzdə xoş münasibət göstərilə bilər, ancaq Azərbaycandan silindiyi kimi, Ermənistanın da 30 illik düşməni ilə eyni sırada addımlaması “şimal ayısı”nın qış yuxusuna getməsinə əngəl olub. Nə etməli? Prezidenti ən sonuncu silahla, yəni ailə ilə vurmalı! Məhz quraşdırılan arqumentlər də, istifadə olunan metod da bu hücumların arxasında rusların durduğunu bar-bar bağırır.

Hə, burada bir paraqraf açmaqda fayda var. Nəinki prezidenti, kimsəni ailə ilə vurmaq nə leqal, nə də qeyri-leqal dünyada qəbul edilir. Bu, qeyri-etikdir və tərbiyəsizlikdir. Çünki istənilən halda ailə və qadın toxunulmazdır. Qadına toxunmaq olmaz. Ailə dəyərlərimiz də, insanlıq da bunu deyir. Təəssüf ki, biz ailə tərbiyəsi görməyənləri, qadını hədəf seçənləri çox vaxt xaricdə axtarmağa meyilliyik. Ancaq sovet dövrünün “OBXSS”i təfəkkürlü Eldar Mahmudovun tör-töküntüləri hələ də aramızdadırlar, hələ də bəzi deputat-məmurların kirli işlərini görməkdə davam edirlər. Məhz o “OBXSS” təfəkkürünün zamanında etdiyi qanunsuzluq bu gün Azərbaycan dövlətinin ayağına dolanır. Eldar Mahmudovun sifarişi ilə mətbuatda çirkinlik yayanların bu gün Prezidentin müdafiə cəbhəsində görünməsi cəmiyyəti də, neytral insanları da diksindirir və xaricdəki alçaqlara qarşı mübarizədə bu tör-töküntülərlə eyni sırada görünmək istəmirlər.

Mövzuya qayıtsaq, qeyd etməliyik ki, dövlətlərin, xüsusilə də Rusiya kimi dövlətlərin cinsiyyəti olmur və bu şəkildə düşünmürlər. Onlar üçün hədəf və nəticə önəmlidir. Hədəfə gedən yolda isə hər şey mübahdır.

Bunun üçün də bizim borcumuz Prezidentin ətrafında çənbər yaratmalıyıq. Çünki rus Qafqazdan silindikcə dayanmayacaq. Azərbaycanın hər addımında növbəti hücum dalğası gələcək. Hücum olacaqsa, qarşısında sadəcə Birinci şəxs dayanmamalıdır, hamılıqla əlimizi daşın altına qoymalıyıq. Ən azından “Gələn ili Şuşada qeyd edək” xəyalımızı gerçəyə çevirdiyi üçün bizim Birinci şəxsə borcumuz var…

Seçilən
18
2
editor.az

3Mənbələr