AZ

Alyaska yaxınlığında Rusiya hərbi təyyarələri aşkar edilib

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Alyaska sahillərində, beynəlxalq hava məkanında uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinə məxsus beş hərbi təyyarəni izləyib və onların qarşısını kəsib.

TurkicWorld xəbər verir ki, Rusiya aviasiya qrupuna iki ədəd Tu-95 strateji bombardmançı, iki ədəd Su-35 qırıcı və bir ədəd A-50 uzaqməsafəli radar aşkarlama təyyarəsi daxil olub. Təyyarələr Berinq boğazı yaxınlığında, Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) fəaliyyət göstəriblər.

NORAD bu uçuşa cavab olaraq bölgəyə iki ədəd F-16, iki ədəd F-35 qırıcısı, bir ədəd E-3 kəşfiyyat təyyarəsi və dörd ədəd KC-135 yanacaqdoldurma tankeri göndərib. Komandanlıqdan verilən rəsmi bəyanatda bildirilib ki, Rusiya hərbi təyyarələri beynəlxalq hava məkanında qalıb və ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb. Hərbi rəsmilər bu fəaliyyəti "mütəmadi baş verən hadisə" kimi qiymətləndirərək, onu bir təxribat və ya təhdid kimi görmədiklərini vurğulayıblar.

Qeyd edək ki, Alyaska ADIZ-i suveren hava məkanının bitdiyi yerdən başlayan beynəlxalq ərazidir, lakin milli təhlükəsizlik maraqları çərçivəsində bura daxil olan bütün təyyarələr özlərini identifikasiya etməlidir. NORAD bu bölgəni peyklər, yerüstü və hava radarları vasitəsilə mütəmadi olaraq nəzarətdə saxlayır.

Seçilən
14
turkic.world

1Mənbələr