AZ

Şeirlərinə heç bir ehtiyac olmayan şairimiz Orxan Saffari yazır…

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heç şübhəsiz, Azərbaycan poeziyasına qəzəl kimi zərbə vuran ikinci bir janr yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, daim qəzəl yazan şairlərin heç vaxt ciddi istedadı da ola bilməz. Daim qəzəl yazmaq bir az da o deməkdir ki, başqa heç nə yaza bilmirsən.

Digər tərəfdən, qəzəl müasir ədəbiyyatda da artıq ehtiyac olmayan bir janrdır və klassika olaraq “beyin muzeyi”nə qoyulsa, daha yaxşı olar. Obrazlı desək, indi qəzəl yazmaq müasir dövrdə hər yerə at ilə getmək istəyinə bərabərdir.

Bu mənada, Baba Pünhan da Azərbaycan ədəbiyyatında alınmayan Mirzə Ələkbər Sabirdir. O, satiraları ilə Azərbaycan poeziyasına, ictimai-siyasi mühitinə “zərbə vuran” şairlərdən olub.

Baba Pünhan elə bir şair idi ki, onu nə ədəbiyyatçılar ciddi şair hesab edir, nə də meyxanaçılar özününkü kimi qəbul edib. Yəni ən azı sənət müstəvisində, söhbətlərində adı çəkilmir, yad olunmur, ustad deyilmir, yolu gedilmir.

Konkret desək, onun şeirlərinə ehtiyac duyulmur.

Satira yazan şairlər, aydın məsələdir ki, çox vaxt müxalif də hesab olunurlar. Ancaq satira yazan adamlar özləri də bilmədən daim xalqda olan etiraz ruhunu yatırmağa xidmət edib.

Baba Pünhanın satirası sosial, yüngülvari siyasətə dəyib qayıdan qəzəllər sırasındadır. Heç orada da ciddi bir nüans yoxdur.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatına onun qəzəllərinin heç bir faydası, xüsusi bir təsiri olmayıb. Halbuki böyük şair həm də təsir etməyi bacarmalıdır. Bəs kimə, heç qəzəl janrına təsir edə bilibmi Baba Pünhan?

Ən maraqlısı da odur ki, bu qəzəllərin içində ömür boyu unutmayacağın, doğrudan da ciddi hesab edəcəyin, konkret bir yükü olan qəzəl yoxdur.

Bu məsələni Mübariz Əskərovun “Qulp”-un zərbəsi də kimi də obrazlaşdıra bilərik.

Baba Pünhan ən yaxşı halda oxunub keçiləsi şairdir. Məsələn, heç kim heç vaxt gedib xüsusi olaraq onun Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə hesablanmış qəzəllərini oxumaq istəməz və heç oxumur da.

Yaradıcılığına ümumi nəzər salsaq, Baba Pünhan qəzəlləri iki xətt arasında ortada qalıb. Gah klassik divan leksikası, gah da məhəllə jarqonu ilə var-gəl edir. Bu isə, əlbəttə, qəzəl ciddiyyətini, yükünü azaldır.

Ümumiyyətlə, onun qəzəlləri çox vaxt sosial marginalizasiya, kasıblıq, içki, şəhər periferiyası ilə iç-içədir.

Azərbaycan qəzəlləri, adətən, irfah, ilahi yüksəliş üzərində olub. Məsələn, Füzuli xətti. Ancaq Baba Pünhan qəzəlləri əksərən məhəllə, bazar ladında olub.

Əlbəttə, kimlərsə sual edə bilər, deyər ki, necə yəni, qulaq asanda xoşumuza gəlir, yaxşı sözlər deyir filan.

Həmin adamlara “Kişi var ki, kişidir, amma kişiynən işi yox, kişi var, nakişidir, amma deyir ki, kişi yox” misrasının funksional olmadığını, təfəkkür olaraq məhəllə estetikası olduğunu sübut etmək də olmur. Amma məsələ budur ki, bu şeirlər sadəcə elə qulağa xoş gələn, məhz qulaq qafiyəsi olan şeirlərdir, gəlişi gözəldir, estetik zövq tərəfi yoxdur.

Konkret desək, təxminən “peçat sözlər” intinasiyadır. Düşüncə olaraq “cayıllıq”, “yaxşı qaqaşlıq” sərgiləyir. Məhz bütün bunlar da əksər Azərbaycan insanı üçün xarakterikdir.

Fəqət bəşərilikdən söhbət gedə bilməz.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr