AZ

Torala “qulaqburması verməyin” vaxtıdı, Qurban bəy! – o hərəkətə sözardı

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunu Ağdam təmsilçisinin təkcə biabırçı məğlubiyyətiylə yox, həm də futbolçuları Toral Bayramovla Hikmət Cəbrayılzadənin xoşagəlməz davranışıyla yadda qaldı.

Tribunalarda əyləşən 30 minə yaxın azarkeşin hamısı həmin hərəkəti görməsə də, matçı “CBC Sport”un canlı yayınından izləyən 200 mindən çox tamaşaşı oyunçuların nə etdiyini gördü. Bilməyənlər üçün ürək ağrısıyla bildirək ki, Toralla Hikmət 44-cü dəqiqədə, “köhlən atlar” 0:4 hesabıyla geridə ikən, üstəlik tribunalar “şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirərkən bir-biriylə zarafatlaşmağa, gülməyə başladı. Kameraların onlara tuşlandığını görəndən sonra abrına sığınmağın vacibliyini xatırlayan gənclər dərhal şərflərlə üzlərini bağladılar. Fələyin oyununa bax ki, həmin an futbolçuların qarşısında yetərincə miskin görünən Qurban Qurbanov düşüncəli şəkildə VAR-dan gələcək qərarı gözləyirdi. Axı onda Mateuş Koxalski Entoni Qordonu kobud müdaxiləyilə yerə sərmişdi...

Maraqlıdı, Toralla Hikmət niyə, nəyə və ya kimə gülürdü? Özü də “Qarabağ”ın halına ağlamağa adam axtarılan vaxtda! Minlərlə azarkeşin məyus olduğu, komandanın tarixinin ən ağır ilk 45 dəqiqəsini keçirdiyi anda dişləri ağartmaq yumşaq dildə desək, ədəbsizlik deyilmi? Bəlkə Toral artıq “Qarabağ”ı sevmir? Bəlkə daha komandanın uğur qazanmasında əvvəlkitək maraqlı deyil? Bəlkə Qurban Qurbanovun ona daha çox ölkədaxili yarışlarda şans verməsi, Çempionlar Liqasının cari mövsümündə arzuolunan qədər forma geyə bilməməsi Toralın komandaya bağlılığına ciddi zərbə endirib?

Sualların sayını uzatmaq olar. Ancaq heç bir məqam müqavilə ilə məxsus olduğun klubun ağlamalı anında gülməyə əsas vermir. Belə davranışa heç cür bəraət qazandırmaq olmaz! Ümid edirik ki, Qurban bəy də Toralla bağlı ölçü götürəcək.

Hikmətə gəlincə, görünür, nə əyləşdiyi skamyanın, nə də iştirak ərizəsində olduğu turnirin əhəmiyyətini dərk etmir. Yenə də ona güzəşt etmək olar. Yaşına görə. Toral isə sabah 25 yaşını tamamlayacaq. Təbrik bizdən, tənbeh Qurban Qurbanovdan...

KƏNAN BAHADIR

Seçilən
14
football-plus.az

1Mənbələr