Bu gün Misli Premyer Liqasında XXI tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, "İmişli" ev oyununda "Şamaxı"nı qəbul edib. Görüşdə hesab açılmayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Jorj Kaşkilya fikirlərini jurnalistlərlə bölüşüb:
"Oyun gözlədiyimiz kimi çətin və gərgin keçdi. Bildiyiniz kimi, "Şamaxı" FK daha çox fiziki futbola üstünlük verir, uzun ötürmələrlə oynayır və tez-tez qayda pozuntuları etməklə oyunun tempini aşağı salmağa çalışır. Bu baxımdan qarşılaşma taktiki mübarizə şəraitində keçdi.
Bugünkü oyunda qalib gəlməli olan tərəfin “İmişli" PFK olduğunu düşünürəm. Təəssüf ki, istəyimizə tam nail ola bilmədik və xal itkisi yaşadıq. Formal olaraq bir xal qazansaq da, oyunun axarını və yaratdığımız epizodları nəzərə alsaq, demək olar ki, iki xal itirdik. İki dəfə topun dirəyə dəyməsi və bir neçə real qol imkanından yararlana bilməməyimiz nəticəyə birbaşa təsir etdi. Komanda sona qədər mübarizə apardı, son dəqiqələrdə də qol vurmaq üçün çalışdıq, lakin istədiyimiz alınmadı.
Sonda azarkeşlərimizə xüsusi təşəkkürümüzü bildiririk.
Uzun yol qət edərək komandaya dəstək oldular. Bu gün onlara qələbə sevinci yaşatmaq istəyirdik, amma alınmadı. Buna baxmayaraq, dəstəklərini əsirgəmədilər və bu, bizim üçün çox dəyərlidir. Onların inamı və dəstəyi növbəti oyunlarda daha da güclü çıxış etməyimiz üçün əlavə motivasiyadır".