“Əfqanıstan uzun müddətdir terror ixrac edir”.
APA xəbər verir ki, bu barədə daxili işlər üzrə dövlət naziri Talal Çaudhri bildirib.
Pakistanın daxili işlər naziri Talal Çaudhri açıqlayıb ki, Pakistan–Əfqanıstan sərhədi boyunca terrorçu hədəflərə endirilən zərbələr nəticəsində təxminən 70 terrorçu zərərsizləşdirilib.
Hökumətin məlumatına görə, son vaxtlar Pakistanda törədilən hücumlara cavab olaraq kəşfiyyata əsaslanan zərbələr həyata keçirilib. Zərbələr Pakistan–Əfqanıstan sərhədi boyunca Fitna əl-Xəvaric (FAK), onun tərəfdaşları və “Daesh-Xorasan”a məxsus yeddi terror düşərgəsi və gizlənmə məntəqəsini hədəf alıb.
Talal Çaudhri bazar günü Geo News-un “Geo Pakistan” proqramında çıxışı zamanı bildirib: “Əfqanıstan uzun müddətdir terror ixrac edir. Pakistan vətəndaşlarının həyatını və əmlakını qorumaq üçün bütün tədbirləri görür.”
Nazir əlavə edib ki, Pakistan daxilində indiyədək 70 minə yaxın kəşfiyyata əsaslanan əməliyyat həyata keçirilib və bu əməliyyatlar çərçivəsində bir sıra şəxslər də saxlanılıb.
Bu əməliyyatlar fonunda Pakistan yeddi müxtəlif hədəfə zərbə endirib və azı 70 terrorçu öldürülüb. Nazir bildirib ki, öldürülənlərin əksəriyyətinin Pakistan vətəndaşları olduğuna dair kifayət qədər sübut var.