Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə çempionatının lideri ''Qalatasaray'' 23-cü tur çərçivəsində ''Konyaspor''un qonağı oldu. "Football-plus.az" xəbər verir ki, ötən həftəiçi Çempionlar Liqasında ''Yuventus''a 5 qol vuran və Konyaya yüksək əhval-ruhiyyədə gələn İstanbul nəhəngi fanatlarına əsil soyuq duş yaşatdı. Bu oyun növbəti dəfə göstərdi ki, ''Cim-Bom'' Viktor Osimhenin olmadığı oyunlarda ciddi problem yaşayır. Nigeriyalı forvard dizindəki ağrılar üzündən Konyaya aparılmamışdı. Hesab 0:0 olarkən qonaqların bir qolu qəribə şəkildə VAR-ın işə qarışması və ofsayd qərarı verilməsi üzündən qeydə alınmadı. Bu epizod oyundan sonra baş məşqçi Okan Buruk tərəfindən sərt şəkildə tənqid olundu. Son 12 turda, yəni oktyabrdan bu yana qələbəsi olmayan ''Konyaspor'' matçın sonlarına yaxın vurduğu 2 cavabsız qolla inamlı qələbə qazandı. Konya təmsilçisi Okan Buruklu ''Qalatasaray''ı superliqada 2 top fərqi ilə məğlub edən cəmi ikinci kollektiv oldu. Daha öncə bunu 2023-ün aprelində ''Beşiktaş'' 3:1-lik qələbə ilə bacarmışdı. ''Konyaspor''un çalışdırıcısı İlhan Palut məşqçi karyerasında Okan Buruka qarşı 9-cu dueldə ilk qələbəsini qazandı (1 heç-heçə, 8 məğlubiyyət). Beləliklə, zirvədə 3 xallıq fərq dəyişmədi. ''Fənərbaxça'' bazar ertəsi öz meydanında ''Kasımpaşa''nı məğlub etsə, ''Qalatasaray'' 4-cü turdan bu yana ilk dəfə vahid liderliyi əldən verəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.