“Sabah” Misli Premyer Liqasının 21-ci turunda bu gün “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matçla bağlı bunları bildirib:
“Komandamı təbrik edirəm. Çox yaxşı bir oyun alındı. Ümumiyyətlə, son dəqiqələrdə fərqlənsək belə, komandamın performansı xoşuma gəldi. Çoxlu fürsətlərimiz oldu, 2-3 qol vura bilərdik. Düzdür, rəqibi də vurğulamalıyam, yaxşı çıxış etdilər.
Bir daha rəhbərliyimizi təbrik etmək istəyirəm. Bu oyunu unudub, sabahdan məşqlərimizə başlayıb, növbəti matça hazırlaşacağıq.
Çətinliklə qazandığımız qələbə ola bilər ki, “Qarabağ”la oyundan əvvəl həyəcan siqnalı olsun. Belə olan halda, daha çox çalışmalısan, daha çox işləməlisən və hazır olmalısan.
Mikelsin qayıtması hər birimizi sevindirdi. Deyə bilərəm ki, o, artıq özünü sübut etmiş futbolçudur. Komanda üçün çox işlər görüb.
İstərdik ki, önümüzdəki həftə daha çox azarkeş görək. Əvvəlki mətbuat konfranslarında da demişəm, qələbələr qazandıqda azarkeşlərimiz artmaq əvəzinə azalır. Bu nə ilə bağlıdır, deyə bilmərəm. Azarkeşlər daha çox avrokuboklarda stadionlara gəlirlər. Amma daxili çempionat da çox vacibdir. Mən istəyərdim ki, qarşıdakı oyunda tribunalarda daha çox azarkeş görüm”.