AZ

Ağ Ev Kanadanın Olimpiya məğlubiyyətini simvolik paylaşım ilə ələ salıb

ABŞ və Kanada arasında xokkey finalından sonra sosial mediada siyasi məzmunlu müzakirələr güclənib...

Poliqon xəbər verir ki, Ağ Ev X sosial şəbəkəsində paylaşdığı simvolik görüntü ilə Kanadanın Olimpiya finalındakı məğlubiyyətinə eyham vurub.

Paylaşımda ABŞ-nin rəmzi sayılan qartalın Kanadanın simvolu olan qazı yerə sıxdığı təsvir olunub. Bu addım kişi xokkey komandaları arasında keçirilən Olimpiya finalında ABŞ yığmasının qələbəsindən sonra edilib.

Ağ Evin paylaşımı Kanadanın keçmiş baş naziri Castin Tryudonun daha əvvəlki açıqlamasına cavab kimi qiymətləndirilib. O, 2025-ci ilin fevralında etdiyi paylaşımda “Ölkəmizi də, oyunumuzu da bizdən almaq mümkün deyil” ifadəsini işlətmişdi.

Mövzu ABŞ Prezidenti Donald Trampın ötən ilin yanvarında irəli sürdüyü təklif fonunda da yenidən diqqət çəkib. Tramp Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasının mümkünlüyünü gündəmə gətirmiş, bunun ticarət rüsumlarının ləğvinə, vergilərin azalmasına və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyini bildirmişdi.

Qeyd edək ki, 22 fevral tarixində keçirilən kişi xokkeyi üzrə Olimpiya finalında ABŞ və Kanada yığmaları üz-üzə gəlib. Gərgin və dramatik keçən qarşılaşmada ABŞ komandası əlavə vaxtda qalib gələrək NHL oyunçularının iştirak etdiyi son beş Olimpiadanın ilk qələbəsini əldə edib.

Ekspertlər hesab edirlər ki, idman nəticələri ətrafında yaranan bu cür simvolik və siyasi mesajlar iki qonşu ölkə arasında rəqabət və informasiya mübarizəsinin ictimai müzakirələrdə daha da genişlənməsinə səbəb olur.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr