AZ

XXV Qış Olimpiya Oyunları başa çatdı

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarına yekun vurulub.

Oyunların təntənəli bağlanış mərasimi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İtaliyanın simvollarından biri sayılan Verona Arenasında (Verona Olympic Arena) keçirilib.

 "Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirib. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Teatrallaşdırılmış tamaşalar mərasimin gözəlliyinə rəng qatıb. Mərasimin bədii hissəsində idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunub.

Sonra idmançılar paraddan keçiblər.

 Oyunlar zamanı yadda qalan ən maraqlı görüntüləri əks etdirən vidoçarx nümayiş etdirilib.

 Sonra xizəksürmə yarışlarının qalibləri mükafatlandırılıb.

 Bağlanış mərasimində həmçinin Oyunların gedişi zaman könüllülərin fəaliyyətini əks etdirən videoçarx göstərilib və onlara əməyinə görə təşəkkür edilib.

 Sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasına yeni seçilən üzvlər təqdim olunub.

 Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kristi Koventri Olimpiya bayrağını növbəti Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransa komandasının nümyəndəsinə təqdim edib.

 Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Covanni Malaqo Milan-Kortina-2026-nın Olimpiya tarixində yeni bir səhifə açdını qeyd edib: “Bu axşam bütün ölkəni birləşdirən və bütün dünyanı ilhamlandıran möhtəşəm idman bayramının pərdəsini endiririk. Söz vermişdik ki, idmançılara və Olimpiya Hərəkatına dünya səviyyəli arenalarda, möhtəməş təbiət mənzərələri fonunda unikal təcrübə təqdim edəcəyik. Bu uğurun gerçəkləşməsi üçün bizə inanan hər kəsə və hər zaman yanımızda olduqlarına görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kristi Koventriyə, BOK-un fəxri prezidenti Tomas Baxa, Milli Olimpiya komitələrinə, beynəlxalq federasiyalara minnətdarlığımı bildirirəm. Könüllülərə də təşəkkür edirəm. Ən başlıcası isə idmançılara minnətdaram. Onların möhtəməş nailiyyətləri yarış meydanlarını işıqlandırdı və Olimpiya tarixində unudulmaz səhifə yazdı. Milan-Kortina-2026 ruhu böyük xəyallar qurmağa cəsarət edən hər kəsin yaddaşında əfsanəvi bir miras kimi yaşayacaq. Qürurla deyə bilərəm ki, bizim Olimpiya missiyamız yerinə yetirildi”.

 Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kristi Koventri isə çıxışına idmançılara müraciətlə başlayaraq hər bir idmançını Olimpiya Oyunlarının bir parçası olduğuna görə təbrik edib.

 “Əziz idmançılar, olimpiyaçılar, Siz möhtəşəm idiniz. Siz bizə göstərdiniz ki, Olimpiya Oyunları hər kəs üçün idmanı, bizi bir araya gətirən bir məkandır. İtaliya hökumətinə, qonaqpərvər İtaliya xalqına, yarışın Təşkilat Komitəsinə və könüllülərə minnətdarlığımı bildirirəm. Siz bunu bacardınız, Siz Qış Olimpiya Oyunlarının yeni bir formatını təqdim etdiniz və gələcək üçün yeni standartlar müəyyənləşdirdiniz. Bununla qürur duya bilərsiniz”, - deyə BOK prezidenti bildirib.

 Kristi Koventri çıxışın sonunda Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarını bağlı elan edib.

 Çıxışlardan sonra Olimpiya məşəli söndürülüb.

 Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.

 Fevralın 10-da idmançımız Vladimir Litvintsev Milan şəhərində yerləşən “Mediolanum Forum” arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətləndirilib və bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

 Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı təmsilçimiz 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. 

 Bununla da idmançımız hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51 yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

 Medal sıralamasında Norveç komandası birinci pillədə qərarlaşıb. Skandinaviyalılar Oyunları 41 (18 qızıl, 12 gümüş, 11 bürünc) medalla başa vurub. ABŞ komandası 33 (12 qızıl, 12 gümüş, 9 bürünc) medalla ikinci olub. “İlk üçlüy”ü isə 20 (10 qızıl, 7 gümüş, 3 bürünc) medalla Niderland komandası tamamlayıb. 

 Yarışın ev sahibi olan İtaliya komandası isə 10 qızıl, 6 gümüş, 14 bürünc medalla dördüncü pillədə yer alıb. 

 XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edib. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparıblar.

 Qeyd edək ki, 2030-cu ildəki Qış Olimpiadası Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiya Oyunlarını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub. 

 2034-cü ildəki “Ağ Olimpiada” isə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçiriləcək. 2002-ci il Qış Olimpiya Oyunları Solt-Leyk-Siti ev sahibliyi etmişdir. 

 Fransa son olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. ABŞ isə növbəti, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarını qəbul etməyə hazırlaşır.

 Qabil YUSİFOĞLU 

XQ

Seçilən
13
2
xalqqazeti.az

3Mənbələr