AZ

NYP: Trampın iqamətgahına daxil olmağa cəhd edən şəxs 21 yaşlı rəssam olub...

Silahlı şəxs Mar-a-Laqo ərazisində zərərsizləşdirilib, ailəsi bir gün əvvəl onun itkin düşdüyünü bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahına silahla daxil olmağa cəhd edən və hadisə zamanı güllələnərək öldürülən şəxsin kimliyi müəyyən edilib. New York Post nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, həmin şəxs Şimali Karolina ştatından olan 21 yaşlı rəssam Ostin Taker Martin olub.

Məlumata əsasən, gənc əlində ov tüfəngi və benzin kanistri ilə iqamətgahın ərazisinə daxil olmağa çalışıb. Onun sosial şəbəkə profillərinə baxıldıqda, əsasən qolf klublarının mənzərələrini təsvir etdiyi, lakin paylaşdığı rəsmlərin internet istifadəçiləri arasında geniş maraq doğurmadığı bildirilir. Nəşr yazır ki, hadisədən bir gün əvvəl ailəsi sosial şəbəkələrdə onun itkin düşdüyü barədə paylaşım edib və axtarışa başladığını açıqlayıb.

Hadisə dünən səhər saatlarında baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları şübhəli şəxsi iqamətgahın ərazisində aşkar ediblər. Onlar əvvəlcə ondan silahı yerə qoymağı tələb ediblər, lakin şəxs göstərişə tabe olmayıb. Bildirilir ki, o, silahı agentlərə tərəf yönəltməyə cəhd göstərib. Bundan sonra hüquq mühafizə orqanları atəş açıb.

Palm-Biç dairəsinin şerifi Rik Bredşounun sözlərinə görə, təhlükəsizlik əməkdaşları vəziyyəti operativ şəkildə nəzarətə götürüblər və insident nəticəsində iqamətgah ərazisində əlavə xəsarət alan olmayıb. Hazırda hadisənin motivləri və baş vermə səbəbləri ilə bağlı araşdırma davam edir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr