AZ

Samuxda vəzifəli şəxsi bıçaqlayan fermerə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərə vurmada təqsirləndirilən Tural Əsədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

İttihama əsasən, Tural Əsədov Samux rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən və “Azərenerji” ASC-nin təsərrüfat balansında olan “330/110/10 kV Gəncə Yarımstansiyası”nın istifadəsi dayandırılmış fermasında özünə məxsus xırda buynuzlu heyvanları saxlayıb. Zərərçəkmiş Taleh Balayev (soyadı şərtidir) tərəfindən hər dəfə heyvanların həmin ərazidən çıxarılması tələb olunduğuna görə tərəflər arasında mütəmadi sözlü mübahisələr yaranıb.

 

Belə ki, 29 avqust 2025-ci il tarixdə saat 21:30 radələrində qeyd olunan ərazidə – “1-Yenikənd HX” metal dayağının (vişkanın) yaxınlığında, yanğın çıxışı qapısının qarşısında tərəflər arasında yenidən sözlü mübahisə baş verib. Bu zaman təqsirləndirilən şəxs üzərində olan bıçaqla zərərçəkmiş şəxsə qarın nahiyəsindən qəsdən bir dəfə zərbə endirib. Nəticədə Taleh Balayevə qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, piyliyin yaralanması və eventrasiyası, kor və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirilib.

 

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

 

Məhkəmə istintaqı zamanı Tural Əsədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü toy mərasimində olub və saat 23 radələrində ona zəng edərək sahədən qoyunların çıxarılmasının tələb olunduğunu deyiblər. Qardaşı ilə birlikdə hadisə yerinə getdiyini deyən təqsirləndirilən şəxs avtomobildən düşərkən qoyun kəsmək üçün istifadə etdiyi bıçağı da özü ilə götürdüyünü bildirib. Tural Əsədovun sözlərinə görə, avtomobildən düşən kimi bıçağı sağa-sola fırladaraq nümayiş etdirib və həmin vaxt bıçaq zərərçəkmişə dəyib. O, Taleh Balayevi vurmaq niyyətinin olmadığını, sadəcə onu qorxutmaq istədiyini deyib.

 

Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, qoyunlar ona məxsus olub və dövlət tərəfindən verilmiş pay torpaq sahələrinə salınıb. Həmin sahələrin yaxınlığında dövlətə məxsus ferma yerləşib və ərazi yarımstansiyanın balansında olub. Sonradan torpaq sahələrinin sərhədləri yenidən müəyyənləşdirilib və heyvanların oraya salınmaması ilə bağlı onlara xəbərdarlıq edilib. Bildirildiyinə görə, açılış mərasimindən sonra heyvanların yenidən həmin sahəyə buraxıla biləcəyi deyilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş zərəri ödədiyini məhkəməyə söyləyib.

 

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Taleh Balayev ifadəsində hadisənin ümumilikdə təqsirləndirilən şəxsin bildirdiyi kimi baş verdiyini deyib. Onun sözlərinə görə, həmin vaxtlar yarımstansiyanın açılışı üçün rəhbərliyin gəlişi gözlənilirdi. Hadisə günü mühafizəçi ona zəng edərək əraziyə heyvan salındığını deyib. O, oğlu ilə birlikdə hadisə yerinə gedib və heyvanların ərazidən çıxarılmasını tələb edib. Getməzdən əvvəl rəhbərliyə də məlumat verdiyini qeyd edib.

 

Zərərçəkmiş söyləyib ki, hava qaranlıq olub və hadisənin necə baş verdiyini tam xatırlamır. O, Turalın onu vurduğunu hiss etmədiyini, yalnız paltarının qan içində olduğunu gördüyünü deyib. Əlində bıçaq görmədiyini və hadisənin hansı şəraitdə baş verdiyinin fərqində olmadığını bildirib.

 

Eyni zamanda, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını məhkəmədə bəyan edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 23 Fevral 2026, 08:38   
Seçilən
17
pravda.az

1Mənbələr