AZ

“Şeytan ağacı” Bakının təbiətinə təhlükə yaradır

Bakıda son illər “yaşıllıq” adı ilə sürətlə yayılan bir ağac var. Bəzən hətta onun qorunduğunun şahidi oluruq. Lakin ekoloqlar bildirirlər ki, bu ağacın qorunmasının elmi və ekoloji əsası yoxdur.

Xəbər verilir ki, söhbət xalq arasında “şeytan ağacı” və ya “gəndələş” kimi tanınan Ailanthus altissima növündən gedir. Mənşəyi Cənub-Şərqi Çin olan bu ağac dekorativ məqsədlə Avropa və Qafqaza gətirilsə də, qısa müddətdə yerli təbiət üçün təhlükəli invaziv növə çevrilib.

Şeytan ağacı inanılmaz dərəcədə sürətlə çoxalır və az müddətdə geniş ərazini zəbt edir. Kök sistemindən ifraz olunan “ailanthone” adlı maddə torpağı zəhərləyərək digər bitkilərin cücərməsinə mane olur. Bu səbəbdən ağac ətraf mühitdə bioloji müxtəlifliyi sıradan çıxarır.

Onun kökləri tikililərin bünövrəsini, boru xətlərini və asfalt örtüyünü zədələyir. Yarpaqları əzildikdə kəskin qoxu yayır, çiçəkləri isə allergiya yaradır. Türkiyə, Almaniya və ABŞ da daxil olmaqla bir çox ölkələrdə bu növ rəsmi olaraq invaziv elan edilərək nəzarət altına alınıb.

Xalq arasında işlədilən “oksigeni udur, karbonu buraxır” ifadəsi tam elmi olmasa da, müəyyən əsaslara malikdir:

* çoxlu yarpaq tökdüyü üçün çürümə zamanı karbon qazı və metan ayrılır;
* yerli ağaclar kimi karbonu uzun müddət saxlaya bilmir;
* torpağı zəhərlədiyi üçün təbii oksigen dövranına mənfi təsir göstərir.

Bakıda və Abşeronun bir çox ərazilərində bu ağacın nəzarətsiz şəkildə yayılması müşahidə olunur. O, tikililərin yaxınlığında, həyətlərdə, hətta daş döşəmələrin arasından belə bitə bilir. İnsanlar əvvəlcə onun “yaşıllığına” sevinir, lakin sonradan infrastruktura və torpağa vurduğu zərəri görürlər.

Ekoloqlar xəbərdarlıq edir: Ailanthus altissima qorunmalı deyil, idarə edilməlidir.Bu ağacı təbiətin parçası kimi deyil, təbiətə risk yaradan canlı kimi qəbul etmək lazımdır.

Görünüşdə yaşıllıq yaratsa da, əslində torpağı zəhərləyir, yerli bitkiləri sıradan çıxarır və şəhər infrastrukturu üçün təhlükə yaradır. Bu növü qorumaq təbiəti sevmək deyil, ona laqeyd yanaşmaqdır.

Təbiəti qorumaq onun balansını saxlamaqdır. Balansı pozan növlərə isə elmi əsaslı nəzarət tədbirləri tətbiq olunmalıdır.

Bir neçə il əvvəl AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva mediaya açıqlamasında bildirmişdi ki, oleandrın xüsusilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir:

“Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatat Bağının girəcəyində bu gülün əkildiyinin şahidi olmuşam. Mən oranın işçilərinə dərhal iradımı bildirdim”.

Professor Səyyarə İbadullayeva oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkün olduğunu da qeyd etmişdi:

“Ətrafı gözəlləşdirmək üçün qızılgül kollarından, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olunmalıdır”.

Artıq problemin həlli qalıb Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə…

Ya öz xalqını zərərli dekorativ bitki ilə zəhərləməklə məşğul olmalıdır, ya da bundan sonra paytaxtın park və digər ərazilərində deyil, yol kənarlarında, necə deyərlər, əldən-ayaqdan uzaq yerlərdə əkilməsinə üstünlük verməlidir. Seçim artıq Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinindir…NOCOMMENT.az


Seçilən
34
azia.az

1Mənbələr