AZ

Dambrauskas Qurban Qurbanova o qədər qəzəblidi ki... – litvalı martın 1-ni iplə çəkir, bəs siz?

Martın 1-də Misli premyer-liqasında mövsümün ən önəmli oyunlarından biri keçiriləcək. Təbii ki, söhbət “Qarabağ” – “Sabah” matçından gedir.

Düzdü, matç gələn ay olacaq. Bu üzdən “hara tələsirsiz? Hələ “Qarabağ” “Nyukasl”a qarşı cavab oyununu keçirməlidi”, - deyə gileylənə bilərsiz.

Haqlısız, ancaq səbrsizlənməyimizin səbəbi var.
Bilindiyi kimi, “Sabah” “Kəpəz”lə oyunda qeydə alınacaq nəticədən asılı olmayaraq, “Qarabağ”ın önünə lider kimi çıxacaq! Qəribə səslənə bilər, ancaq bu mənzərəyə son illərdə ilk dəfə rast gəlirik. Axı uzun müddətdi “köhlən atlar”ın önünə lider statusuyla çıxan komandada olmamışdı. Təbii ki, mövqeyi üçün təhlükə yaranmasını istəməyən tərəflə çempion olmağa öyrəşmiş, yenidən birinci sıraya yüksəlmək istəyən komandanın toqquşması maraqlıdı.

Qurban Qurbanovun komandası böyük ehtimalla fevralın 24-də, yəni oyundan dərhal sonra İngiltərədən qayıdacaq. “Neftçi” ilə oyunun təxirə salındığını da nəzərə alsaq, “köhlən atlar” “Sabah”la matça qədər doyunca dincələ biləcək. Elə 22-də “Kəpəz”lə qarşılaşacaq “bayquşlar” da bu baxımdan hansısa problemlə üzləşməyəcək. Kəsəsi, aparıcı oyunçuların yüksək performans sərgiləməsi yolunda hansısa maneə olmayacaq.

Hə bir də... Əldə etdiyimiz məlumata görə, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Neftçi” – “Qarabağ” matçının təxirə salınmasına görə həddən artıq qəzəblənib. Onun son matçlarda “Qarabağ”la bağlı sualları cavablamaq istəməməsinin kökündə həmin aqressivlik dayanır. Heç şübhəsiz, litvalı mütəxəssis həm də həmin prinsipi futbolçularına, onlar isə öz növbəsində yaşıl meydan daşıyacaq. Və “Qarabağ”ın buna səssiz qalacağını düşünmək sadəlövhlük olar. “Köhlən atlar” elə bu cür intriqalardan ötrü dəli-divanədi!

Əlbəttə, bu mövzuya qayıdacağıq. Bunun üçün vaxt var. Ancaq vacib məqamı sonraya saxlamayaq. Martın 1-də, yəni bazar günü keçiriləcək oyun 31200 yerlik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Premyer-liqada təkcə mövsümün yox, son illərin ən böyük azarkeş rekordunu qırmağa nə deyirsiz? Bəlkə 2007-ci il fevralın 16-da keçirilən, 25 min azarkeş toplayan “böyük oyun”un rekordunu yeniləyək?

KƏNAN BAHADIR

Seçilən
21
1
football-plus.az

2Mənbələr