AZ

"Mən diktator deyiləm və müharibəni mən başlamamışam"- Zelenski məsuliyyəti Putinin üzərinə atdı

Ukrayna Prezidenti Volodimir Zelenski "BBC News" telekanalına verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın keçmişdə səsləndirdiyi ağır ittihamlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, müsahibə zamanı jurnalistin Trampın onu "müharibəni başladan diktator" adlandırmasını xatırlatması Zelenskinin gülüşünə səbəb olub.

Zelenski ittihamları qısa və kəskin şəkildə rədd edib: "Mən diktator deyiləm və müharibəni mən başlamamışam, vəssalam", - deyə o, gülərək cavab verib. Bununla da Ukrayna lideri müharibənin başlanmasında məsuliyyətin tamamilə Rusiyanın üzərinə düşdüyünü bir daha vurğulayıb.

Trampa etibar edib-etmədiyi barədə suala cavab verən Zelenski bildirib ki, məsələ təkcə Ağ Ev rəhbərinin şəxsiyyətində deyil, bütövlükdə ABŞ dövlətindədir. Ukrayna yaxın 30 il üçün möhkəm təhlükəsizlik zəmanətləri almaq niyyətindədir: "Bu müddət ərzində siyasi elitalar dəfələrlə dəyişəcək. Ona görə də bizə təkcə prezidentlərin sözü deyil, Konqresin qərarı lazımdır".

Zelenski vurğulayıb ki, təhlükəsizlik zəmanətləri Konqres tərəfindən səsverməyə çıxarılmalıdır. Onun fikrincə, yalnız institusional qərarlar uzunmüddətli sabitliyi təmin edə bilər: "Zəmanətlərə Konqresdə elə-belə səs verməyəcəklər. Bu, təkcə prezidentlərin işi deyil. Bizə Konqres lazımdır, çünki prezidentlər dəyişir, institutlar isə qalır".

Bu açıqlamalar Kiyevin Tramp administrasiyası ilə münasibətləri fərdi rəğbət üzərində deyil, hüquqi və dövlətlərarası öhdəliklər çərçivəsində qurmağa çalışdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr