AZ

“Müəllimlər doğru yön verdikcə şagird nəticələri artır” - Aparıcı metodist

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Müasir metodik xidmətin təşkili” layihəsi təhsil sistemində metodik dəstəyin keyfiyyətini artırmaq, müəllimlərin peşəkar inkişafını gücləndirmək və məktəblərdə innovativ yanaşmaları genişləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində seçilmiş metodistlər tədris prosesini təkmilləşdirir, müasir təlim metodlarını tətbiq edir, müəllimlərin ehtiyaclarını müəyyənləşdirir və onların inkişafına yönəlmiş fəaliyyətləri həyata keçirirlər.

AzEdu.az Təhsil Portalı “Müasir metodik xidmətin təşkili” layihəsinin qaliblərindən biri olan aparıcı metodist Könül Əliyeva ilə həmsöhbət olub. Biz onunla layihənin müəllimlər üçün necə bir dəstək olduğunu və metodistlərin məktəblərdəki rolunu öyrənmək məqsədilə söhbət etdik. 

Qeyd edək ki, K.Əliyeva 2005-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizami adına fakültəsində bakalavr təhsili alıb, daha sonra eyni ali təhsil müəssisəsində magistratura pilləsini bitirib.

Pedaqoji fəaliyyətinə 209 nömrəli məktəbdə uşaq birliyi rəhbəri kimi başlayıb. 2010-cu ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək Abşeron rayonu 110 nömrəli məktəbdə idman təşkilatçısı kimi fəaliyyətə başlayıb və 2015-ci ilə qədər həmin vəzifədə çalışıb. Daha sonra Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində idman təşkilatçısı kimi işləməyə davam edib.

2019-cu ildən Könül Əliyeva müxtəlif layihələrdə təlimçi kimi fəaliyyət göstərib və eyni zamanda İKT istiqamətində təlimlər aparıb. 2023-cü ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun “Müasir metodik xidmət” layihəsi çərçivəsində ilk metodistlərdən biri olub və 2025-ci ilin sentyabr ayından etibarən Bakı şəhəri üzrə aparıcı metodist vəzifəsində çalışır.

O, həmçinin beynəlxalq layihələrdə də iştirak edib. 2022-ci ildə Qırğızıstanda Nazarbayev Intellectual Schools sisteminin beynəlxalq təlimində, 2023-cü ilin oktyabr-noyabr aylarında isə İsraildə innovativ məktəb layihəsində yer alıb. Könül Əliyeva müxtəlif müsabiqə və layihələrdə qalib olub, təşəkkürnamələr alıb və 2023-cü ildə sertifikasiya imtahanında yüksək nəticə göstərib.

Könül müəllim bildirib ki, müasir metodistin əsas vəzifəsi məktəbdə müəllimlərin ən böyük peşəkar dəstəkçisi olmaqdır:

178121

"Əgər əvvəlki modeldə metodist daha çox nəzarətedici və qiymətləndirici rolunda çıxış edirdisə, bu gün metodist müəllimin inkişaf ehtiyaclarını müəyyənləşdirən, ona fərdi yanaşan və onu davamlı inkişafa yönəldən şəxsdir. Metodist müəllimlə mütəmadi metodik görüşlər keçirir, dərs müşahidələri aparır, birbaşa dəstək göstərir. Burada əsas məqsəd müəllimə müsbət təsir göstərməkdir. Müəllimə göstərilən düzgün metodik dəstək isə avtomatik olaraq sinifdə şagird nəticələrinə yaxşı təsir edir".

Bu gün metodist fəaliyyətinin prioriteti qiymətləndirmə deyil, inkişafdır:

"Metodist fəaliyyəti tam şəffaf və qarşılıqlı razılaşma prinsipi əsasında qurulur. Burada hər hansı təzyiqdən söhbət gedə bilməz. Metodist olmaq üçün müəyyən şərtlər var və bu şərtlər əvvəlcədən bəllidir. Əsas məsələ münasibətin düzgün qurulmasıdır. Metodist müəllim üçün nəzarətçi deyil, dəstəkçi kimi qəbul olunmalıdır. Konfidensiallıq qorunur və metodistlə müəllim arasında qurulan iş prosesi yalnız onların peşəkar inkişafına xidmət edir.

178120

Bizim fəaliyyətimiz sistemli monitorinq və fərdi dəstək üzərində qurulub. Hər metodistin fəaliyyəti portal üzərindən izlənilir, dərs müşahidələri aparılır və rəyvermə prosesi təhlil edilir. “Bir gün metodistlə” modeli tətbiq olunur. Həmin gün metodistin bütün fəaliyyəti yaxından izlənilir, onun keçirdiyi metodik görüşlərdə iştirak edilir, dərs müşahidəsi və rəyvermə prosesi müşahidə olunur. Məqsəd müdaxilə etmək deyil, inkişaf ehtiyaclarını müəyyənləşdirməkdir".

Əsas çətinliklər yeni metod və qiymətləndirmə meyarlarının sistemli tətbiqi ilə bağlıdır:

"Bəzi hallarda dərslər hələ də müəllimyönümlü qurulur. Biz çalışırıq ki, dərs prosesinin mərkəzində şagird dayansın. Layihə əsaslı təlim, differensial tapşırıqlar, interaktiv metodların tətbiqi istiqamətində inkişaf ehtiyacı qalmaqdadır. Müəllimlər çalışırlar, lakin bəzən sistemlilik və məqsədyönlülük çatışmır.

Qiymətləndirmə meyarlarının düzgün qurulması və tətbiqi, differensial tapşırıqların hazırlanması, layihə əsaslı dərslərin təşkili, şagird-şagird və şagird-müəllim qarşılıqlı öyrənmə mühitinin qurulması, daha sistemli və məqsədyönlü dərs planlaşdırılması və s. əsas ehtiyaclar hesab edilə bilər.

178119

2022-ci ildən etibarən metodik xidmət tətbiq olunan məktəblərdə real dəyişiklik müşahidə olunur. Müəllimlərdə metodik yanaşmada canlanma, yeniliklərə açıq münasibət və peşəkar dinamika formalaşıb. Layihənin uğurunun əsas səbəbi metodistlə müəllim arasında qurulan etimad münasibətidir. Müəllim metodisti nəzarətçi deyil, yolgöstərən kimi qəbul edir.

Gələcəkdə layihə çərçivəsində davamlı təlim və seminarlar, vebinarlar və simulyasiya proqramları, rəqabət və motivasiya layihələri, fərdi inkişaf planları daha da genişləndirilə bilər. Əsas məqsəd metodistin də, müəllimin də davamlı inkişafını təmin etmək və nəticədə şagird nailiyyətlərini yüksəltməkdir".

Seçilən
12
azedu.az

1Mənbələr