AZ

Rəsmi Sinxua agentliyi Xəzərdə Çin və Azərbaycan mütəxəssislərinin əməkdaşlığı haqqında reportaj hazırlayıb

Bakı, 23 fevral, AZƏRTAC

Rəsmi Sinxua agentliyi Xəzərdə Çin və Azərbaycan mütəxəssislərinin əməkdaşlığı haqqında xüsusi reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinə müsahibə verən Çin Milli Neft Korporasiyasının (CNPC) şirkəti olan BGP Inc.-də seysmik tədqiqat heyətinin rəhbəri Ye Jan deyir: “Dəniz seysmik kəşfiyyatında çalışdığım 20 il ərzində Bahar bayramını (Çin Yeni ili, ənənəvi Çin Ay Yeni ili) neçə dəfə evdən kənarda qeyd etdiyimi belə xatırlaya bilmirəm. Növbədə qalmaq və işimizi yaxşı yerinə yetirmək ailəmizə və vətənimizə verdiyimiz dəstəyin ən yaxşı yoludur”.

Sinxua qeyd edir ki, Çində Bahar bayramı günlərində Ye Jan və çinli mütəxəssis heyəti Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı üçün vacib olan məlumatları toplamağa davam edir. Bayramdan bir həftə əvvəl iki gəmi ehtiyatları doldurmaq və heyət növbələrini yerinə yetirmək üçün cəmi 24 saat ərzində Bakı Gəmiqayırma Zavodunda dayanıb və dərhal dörd həftə davam edəcək başqa bir səyahətə çıxıb.

2018-ci ildə BGP Inc. və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) birgə müəssisə olan “Caspian Geo”nu təsis ediblər. O vaxtdan bəri Çindən olan dəniz geofiziki qrupları Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün qabaqcıl texnologiyalar, xidmətlər təqdim edir.

“Caspian Geo” şirkətinin texniki və resurs meneceri Van Dalonqun sözlərinə görə, iki gəminin göyərtəsində ümumilikdə 35 çinli mütəxəssis çalışır. Bütün komanda 24 saat ərzində fasiləsiz işi təmin etmək üçün iki növbəyə bölünüb.

Reportajda Van Dalonq vurğulayıb: “Seysmik dalğaların yaranmasından və siqnal qəbulundan tutmuş məlumatların keyfiyyətinə nəzarətə qədər heç bir mərhələdə səhvə yol verilmir. Bu, aydın və etibarlı geoloji görüntü əldə etməyin yeganə yoludur.

Sinxua agentliyinin reportajında diqqətə çatdırılır ki, 32 yaşlı Azərbaycan vətəndaşı Teymur Əfəndiyev 2023-cü ildə Çin seysmik kəşfiyyat qrupuna qoşulub. O, çinli mütəxəssislərin rəhbərliyi altında təcrübəçidən müstəqil əməliyyatlar apara bilən şturman səviyyəsinə yüksəlib.

“İşlər təhlükəsizlik standartlarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir: dalğalar 3 metrdən yuxarı olduqda, əməliyyatlar dayandırılır. Lakin Xəzər dənizi tez-tez öz şərtlərini diktə edir - son səyahət zamanı maksimum 9 metr dalğa hündürlüyü qeydə alınıb. Belə şəraitdə heyət təhlükəsizliyi qrafikə riayət etməklə tarazlaşdırmalıdır”, -deyə azərbaycanlı şturman bildirib.

Reportajda qeyd edilir ki, gəmi heyəti üzvlərinin rifahına xüsusi diqqət yetirilir: göyərtədə həkim var və standart 20 futluq konteyner kompakt idman zalı yaradılıb. Kayutlarda Bahar bayramı ab-havası hiss olunur - Çinli işçilər qapıları “fu” (xoşbəxtlik) mənasını verən Çin hərfləri ilə bəzəyiblər.

“Biz sadəcə həmkar deyilik; bir-birimizi dəstəkləyirik və böyük bir ailə kimi yaşayırıq. Bilirəm ki, Bahar bayramı Çində çox qiymətlidir. Çinli həmkarlarımla birlikdə onu qeyd etmək fürsəti əldə etdiyim üçün çox şadam”, - deyə T. Əfəndiyev bildirib.

Reportajda, həmçinin “Caspian Geo” şirkətinin əməliyyatlar üzrə meneceri Xanəli Əhmədov Çin komandasının peşəkarlığını və BGP Inc. ilə SOCAR arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. O, qabaqcıl Çin texnologiyasının və ixtisaslı mütəxəssislərin Xəzərin neft və qaz ehtiyatlarının işlənməsində yeni və mürəkkəb problemlərin həlli üzrə Azərbaycana kömək etdiyini qeyd edib. “Son iki ildə Çinə iki dəfə səfər etmişəm və orada gördüyüm nailiyyətlər həqiqətən heyrətamizdir. Bahar bayramı münasibətilə dənizdə öz postlarında qalan çinli həmkarlarımıza və bütün Çin xalqına cansağlığı, firavanlıq arzulayıram”, -deyə azərbaycanlı menecer agentliyə müsahibəsində bildirib.

Seçilən
6
2
azertag.az

3Mənbələr