
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketi çərçivəsində Rusiya neftinin idxalını bloklamaq üçün ABŞ və G7 ölkələrindən dəstək ala bilməyib.
Missiya.Az xəbər verir ki, bunu TASS-a Brüsseldəki diplomatik mənbə bildirib.
Məlumata görə, ABŞ sanksiyaları Aİ ilə sinxronlaşdırmaq öhdəliyini üzərinə götürməkdən imtina edib. Bununla belə, Vaşinqtonun öz şərtləri əsasında ayrıca məhdudiyyətlər tətbiq edə biləcəyi qeyd olunub. G7 ölkələrinin isə konkret öhdəlik götürmədiyi vurğulanıb.
Mənbənin sözlərinə görə, 20-ci sanksiya paketi Aİ daxilində 95 faiz razılaşdırılsa da, fikir ayrılıqları qalır. Yekun qərarın Aİ xarici işlər nazirlərinin fevralın 23-də Brüsseldə keçiriləcək iclasında qəbul oluna biləcəyi bildirilir.
Xatırladaq ki, fevralın 6-da Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketinin layihəsini təqdim edib. Sənəddə Rusiya neftinin dəniz daşımalarına xidmətlərin qadağan edilməsi və 43 tankerin məhdudiyyət siyahısına salınması nəzərdə tutulur. Macarıstan isə sanksiyalara qarşı çıxacağını bəyan edib.
Seyranə QuliyevaMissiya.Az