AZ

Polis idi, kartel rəhbəri oldu, ABŞ başına 15 milyon dollar qoydu Meksikada nələr baş verir?

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meksikada bazar günü həyata keçirilən xüsusi əməliyyat nəticəsində ölkənin ən nüfuzlu cinayətkar qruplaşmalarından birinin rəhbəri, "El Menço” ləqəbli  Nemesio Ruben Osequera Servantes zərərsizləşdirilib. Əməliyyatdan sonra ölkənin müxtəlif bölgələrində kartellə əlaqəli qruplar yolları bağlayıb, nəqliyyat vasitələrini yandırıb.

Qaynarinfo xəbər verir ki, Meksika Ordusunun açıqladığı məlumatda qeyd olunur ki, əməliyyat ölkənin cənub-qərbində yerləşən Xalisko ştatının Talpalpa bölgəsində keçirilib. Zərərsizləşdirilən şəxs "Xalisko Yeni Nəsil" rəhbəri olub.

ABŞ tərəfindən başına 15 milyon dollar mükafat qoyulan Osequeranın öldürülməsindən sonra ölkədə gərginlik artıb. Kartellə əlaqəli silahlı qruplar 31 ştatın 20-də 250-dən çox nöqtədə yolları barrikadalarla bağlayıb. Avtomobil və avtobuslar yandırılıb.

Hadisələr zamanı Quadalaxara Beynəlxalq Hava Limanında da təşviş yaşanıb. Məlumata görə, sərnişinlər terminallarda gizlənib, ərazidə tüstü müşahidə olunub.

Meksikanın Təhlükəsizlik Kabineti barrikadaların 90 faizinin aradan qaldırıldığını və nəqliyyatın mərhələli şəkildə bərpa edildiyini açıqlayıb. Ən çox iğtişaşın yaşandığı ərazi isə 65 barrikada qurulan Xaliska ştatı olub.

 Polısdən kartel rəhbərinə - Nemesio Ruben Osequera Servantes kimdir?

1966-cı il təvəllüdlü Nemesio Ruben Osequera Servantes əvvəllər narkotik qaçaqmalçılığına görə ABŞ-da həbs cəzası çəkib. Daha sonra ölkəsinə deportasiya edilərək Meksikaya qayıdıb. Bir müddət polis orqanlarında çalışdıqdan sonra "Milenio” kartelinə qoşulub.

Karteldə mövqeyini gücləndirmək üçün qruplaşma rəhbərlərindən birinin bacısı ilə ailə quran Oseguera sonradan təşkilat daxilində yüksələrək 2010-cu illərdə XYN-nı yaradıb. Qısa müddətdə bu qruplaşma 40-dan çox ölkədə fəaliyyət göstərən, milyardlarla dollar dövriyyəsi olan cinayət şəbəkəsinə çevrilib.

XYN fentanil və kokain ticarəti ilə məşğul olur. ABŞ bazarına fentanil tədarük edən əsas qruplaşmalardan biri kimi göstərilir. Kartelin partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etdiyi və yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdləri təşkil etdiyi bildirilir.

Meksika Prezidenti Klaudiya Şeynbaum  kartel rəhbərlərinin hədəfə alınmasının cinayət qruplaşmalarını parçalayaraq zorakılığı artıra biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, son dövrdə ABŞ Prezidenti Donald Trumpın təzyiqləri ilə üzləşib.

Tramp narkotik dövriyyəsi ilə mübarizədə irəliləyiş əldə olunmadığı halda hərbi müdaxilə və yüksək gömrük rüsumları tətbiq edilə biləcəyini bildirmişdi. Şeynbaum isə ABŞ-ın birbaşa hərbi müdaxilə ideyasını suverenliyə müdaxilə kimi qiymətləndirərək, təhlükəsizlik sahəsində kəşfiyyat məlumatlarının paylaşılması və əməkdaşlığın gücləndirilməsi yolunu seçdiklərini bəyan edib.

ABŞ-ın Meksikadakı səfiri Ronald Conson əməliyyatı peşəkarlıq nümunəsi kimi dəyərləndirib. Ağ Evin sözçüsü Karoline Leavitt isə əməliyyatın ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası əməkdaşlığa görə Meksika Ordusuna təşəkkür edib.

Hadisələr fonunda ölkədə təhlükəsizlik vəziyyəti nəzarətdə saxlanılır və hakimiyyət orqanları sabitliyin bərpası istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayır.

Günay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
qaynarinfo.az

1Mənbələr