ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Premyer Liqada XXI tur başa çatıb.
Son oyun günündə Qubada “İmişli” “Şamaxı” ilə qolsuz heç-heçə edib, lider “Sabah” isə autsayderlərdən “Kəpəz” üzərində minimal qələbəyə sevinib.
Məhsuldarlığın aşağı olduğu turda “Turan Tovuz” və “Araz-Naxçıvan” 2:0-la 3 xal qazanıb, “Qəbələ” isə səfərdə “Sumqayıt”la dueldən bir xalla ayrılıb.
Turan Tovuz – Zirə 2:0
Turun açılış matçı tovuzluların inamlı qələbəsiylə başa çatdı. Kurban Berdıyevin yetirmələri ilk hissədəki təzyiqi ilə iki qol vurmaqla oyunun taleyini həll etdi. Fasilədən sonra “Zirə” geridönüş cəhdləri etməsinə baxmayaraq, tablodakı hesab dəyişmədi.
“Turan Tovuz” qələbə sayəsində avrokubok mübarizəsində rəqibini üstələdi. Ehtiyatda da bir oyunu olan tovuzlular “Qəbələ” ilə təxirə salınan matçda da üç xal qazansa, “üçlük”dəki yerini möhkəmləndirəcək.
Sumqayıt – Qəbələ 0:0
Turun qol vurulmayan birinci oyunu Sumqayıtda oldu. Hər iki hissədə tərəflər qol vurmağa çalışsa da, hesab açılmadı. Birinci hissədə “Qəbələ” qazandığı penalti hüququndan yararlana bilmədi. Ba Lua dəqiq olsaydı, bəlkə də, oyunun seyri fərqli olardı.
Fərdi mübarizələrin bol olduğ oyun maraqlı alındı. Tək çatışmayan qol idi. “Sumqayıt” hər iki hissənin əvvəlində ciddi təzyiq göstərir, daha sonra “Qəbələ” oyunu tarazlaşdırırdı. Mübarizələrin, epizodların olduğu oyunda bərabərlik iki tərəf üçün də ədalətli nəticə sayıla bilər.
Karvan-Yevlax – Araz-Naxçıvan 0:2
Autsayder xal itkilərinə davam edir. Aylardır, qələbəyə həsrət qalan yevlaxlılar elitanı tərk etmək yolunda irəliləyir. Füzuli Məmmədovun komandası “Araz-Naxçıvan”la oyuna yaxşı başlasa da, son nöqtəni qoymaq alınmadı. Yevlax klubunda bu mövsüm əsas məsələ məhz qol vurmaqdır. “Karvan-Yevlax” sonuncu dəfə yanvarın 25-də “Sabah”la səfər matçında fərqlənib. Ondan sonra qol vura bilməyən yevlaxlılar uğursuz gedişatı dayandıra bilməzsə, elita mübarizəsi bir mövsümlük olacaq.
“Araz-Naxçıvan” isə Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qələbəsini qazandı. Sürətli əks-hücumla hesabı açan naxçıvanlılar ikinci hissəyə də təzyiqlə başladı və ikinci qolu vurdu. Bununla da rəqibinin müqavimətini qıran naxçıvanlılar ciddi təzyiqlə üzləşmədi. Ardıcıl qələbələr komandanı yenidən avrokubok yarışına qoşdu.
İmişli – Şamaxı 0:0
Qubada keçirilən daha bir oyun qolsuz başa çatdı.”İmişli” nisbətdə daha yaxşı görünsə də, müdafidə sıx oynayan “şirlər”i məyus etmək alınmadı. Meydançanın durumunun yaxşı olmaması üzündən daha çox uzaqdan zərbələrlə qol vurmağa çalışan komandaların cəhdləri boşa getdi. Hər iki kollektiv liqada qalmaq yolunda vacib xallar toplayıb və indiki məqamda iki tərəf üçün də bir xal pis nəticə sayılmır.
Sabah – Kəpəz 1:0
“Qarabağ”la mövsümün kritik oyunu öncəsi mühüm qələbə qazanan “Sabah” gəncəliləri ciddi pressinq hesabına məğlub etməyi bacardı. Hər iki hissədə üstün oynayan “Bayquşlar” sona yaxın təzyiqini artırmaqla rəqibi boşluq verməyə məcbur etdi. “Kəpəz” müdafiəsinin son dəqiqələrdəki ani diqqətsizliyi məğlubiyyətə səbəb oldu. Hər bir halda, oyun baxımından üstün olan “Sabah” layiqli qələbə qazandı.
Şahin Cəfərov
P.S. Turun “Neftçi” – “Qarabağ” oyunu ikincilərin Çempionlar Liqasında “Nyukasl”la oyununun olması səbəbindən təxirə salınıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.