Bakı, 23 fevral, AZƏRTAC
Ölkə çempionatı mənim üçün uğurlu alındı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın şahmatçılar arasında Azərbaycan çempionatında gümüş medal qazanan şahmatçı Ayan Allahverdiyeva deyib.
O, xüsusilə Ülviyyə Fətəliyeva ilə final qarşılaşmasının gərgin və çətin mübarizə şəraitində keçdiyini bildirib: “Çempionat ərzində ən çətin görüşüm məhz final oldu. Ülviyyə ilə partiyalar çox gərgin alındı və qalib tay-brekdə müəyyənləşdi. Hər iki tərəf səhvsiz oynamağa çalışırdı. Buna baxmayaraq, ümumilikdə çempionat xoş təəssüratlarla yadda qaldı”.
Şahmatçı gələcək hədəflərindən də söz açıb: “Əsas məqsədim üzərimdə daha çox işləmək, inkişaf etmək və oyun üslubumu daha da təkmilləşdirməkdir. Aprel ayında bizi Avropa çempionatı gözləyir. Həmin yarışa qədər başqa turnirlərin də olacağı gözlənilir. Hər birində bacarığımın maksimumunu göstərmək və daha uğurlu nəticələr qazanmaq istəyirəm”.
Qeyd edək ki, final görüşündə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.