Premyer Liqada 21-ci tur geridə qaldı. Öyrəndik ki...
- quraqlıq oldu. 5 oyuna cəmi 5 qol vuruldu. 3 oyunda tərəflərdən birinin çərçivəyə zərbə xanasının qarşısında "sıfır" rəqəmi var. Konkret, "bu turu yola verək" şüarı vardı həftəsonu.
- "Normal futbol" ancaq Sumqayıtda oynandı. İki baxımlı oyun oynamağa çalışan komandanın qarşılaşmasının qolsuz bitməsi də ayrı nonsensdir. 21 zərbədən 1-i də tabloda rəqəmləri dəyişmirsə, bunu ancaq bu işi görənlərin ya təcrübəsizliyinə, ya bacarıqsızlığına, ya da məsuliyyətsizliyinə yazmaq olar. "Sumqayıt"da məhz məsuliyyətsizlikdir. Futbolçular İliçin sərt olmamasından və əsas da camiənin zəif olmasından (heç olmamasından) istifadə edib, istədikləri kimi şansları sağa-sola xərcləyirlər. Veclərinə də deyil.
- Penaltilər də ayrı bir dərd olub "Qəbələ" üçün.
- Nə qədər qəribə səslənsə də, Kurban Berdıyevin komandası da yaxşı oyun nümayiş etdirənlər sırasındadır. "Zirə" kimi komandaya həm çərçivəyə zərbə endirməyə imkan vermədilər, həm ilk 15 dəqiqədə matçın taleyini həll etdilər, həm də ümumən oyunu hücuma istiqamətli keçirməyə çalışdılar. Əvvəllər də qeyd etmişəm: "Turan" bu il 3-cü pilləyə ən rral namizəddir və ötən mövsümdəkilərdən daha yaxşı oyun oynayır. Berdıyev tənqidlərdən az da olsa nəticə çıxarıb. Ötən tur Şamaxıda olanlar isə arada yenə olacaq. Azarkeşlər hazır olmalıdırlar.
- Ayxan Hüseynov çox yaxşı matç keçirdi.
- "Sabah" yoluna davam edir. Bu dəfə də çətin qələbə qazandılar. Azər Bağırov rəqibini yaxşı öyrənmiş, xüsusən mühərrik Simiçin əl-qolunu bağlamışdı. Bu səbəbdən "bayquşlar"ın əvəzetmələri və təzyiqi yalnız son dəqiqədə effektini verdi. Dambrauskas nəticə məşqçisidir. Lazım olanda yaxşı oyun, lazım olanda isə ağıllı müdaxilərlə xal qazanır. Çempionluğu tablo gətirir.
- Maluda əsl tapıntıdır. Adam sanki uçur meydanda, ayağı yerə dəymir.
- Sabah ilk çərşənbə - su çərşənbəsidir. Bayramınız mübarək!
#öyrəndikki