AZ

İt qoxunu alan kimi bələdçisinə işarə verir - ANAMA-dan minatəmizləmə işləri barədə AÇIQLAMA

“İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2026-ci ilin 23 fevral tarixinədək icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 253 473 ha ərazi təmizlənib, 176 098 ədəd partlamamış hərbi sursat, 40 989 ədəd piyada əleyhinə mina, 23 063 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) bildirib.

Qeyd olunub ki, kənd təsərrüfatı təyinatlı torpaqların, əkin və otlaq sahələrinin, eləcə də iqtisadi aktivliyin bərpası üçün strateji əhəmiyyət daşıyan zonaların təmizlənməsi 2026-cı ilin əsas istiqamətlərindəndir:

“Humanitar minatəmizləmə fəaliyyəti “Böyük Qayıdış” Dövlət Proqramının prioritetləri və təsdiq edilmiş illik tədbirlər planı əsasında müəyyənləşdirilib. Prioritet seçimində əsas meyar əhalinin təhlükəsiz və dayanıqlı şəkildə doğma torpaqlarına qayıdışının təmin olunması, eyni zamanda genişmiqyaslı bərpa-quruculuq prosesinin fasiləsiz davam etdirilməsidir. Bu çərçivədə ilk növbədə yaşayış məntəqələrinin salınması və genişləndirilməsi planlaşdırılan ərazilər, sosial infrastruktur layihələri (məktəblər, tibb məntəqələri, inzibati binalar), yol və kommunikasiya xətləri, enerji və su təsərrüfatı obyektlərinin yerləşdiyi sahələr prioritet təşkil edir. Eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqların, əkin və otlaq sahələrinin, eləcə də iqtisadi aktivliyin bərpası üçün strateji əhəmiyyət daşıyan zonaların təmizlənməsi 2026-cı ilin əsas istiqamətlərindəndir. Bu yanaşma həm məşğulluğun artırılmasına, həm də regionda iqtisadi dövriyyənin formalaşmasına xidmət edir.

Prioritetləşdirmə zamanı mina və partlamamış hərbi sursat təhlükəsinin səviyyəsi, əhalinin qayıdış qrafiki, dövlət və özəl investisiya layihələrinin icra tempi, eləcə də infrastrukturun strateji əhəmiyyəti nəzərə alınır. Əsas məqsəd yalnız ərazilərin fiziki olaraq təmizlənməsi deyil, həm də təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, dayanıqlı məskunlaşmanın təmin edilməsi və regionun sosial-iqtisadi reinteqrasiyasına real zəmin yaradılmasıdır. 2026-cı ildə də bu istiqamətdə fəaliyyətlərin intensiv və koordinasiyalı şəkildə davam etdirilməsi nəzərdə tutulub”.

Məlumata görə, minatəmizləmə əməliyyatlarında itlərin dəstəyindən bütün texniki tədqiqat və minatəmizləmə əməliyyatları zamanı, eləcə də evlərin, ictimai obyektlərin axtarışında istifadə olunur:

“Bir itin əsas hədəfi partlayıcı maddənin qoxusudur. İt o qoxunu alarkən öz bələdçisinə işarə verir. Hər bir cığır üzrə təmizləmə əməliyyatlarında 2 minaaxtaran itin (MAİ) əməliyyatı icra edilir, ilk olaraq bir MAİ yoxlayır, ərazidə heç bir minanın ötürülmədiyinə əmin olmaq üçün isə ikinci MAİ-i tərəfindən təkrar yoxlanılır”.

ANAMA işğaldan azad edilmiş ərazilərdə vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir və mina təhlükəsinin hələ də mövcud olduğunu daim diqqətə çatdırır. Agentlik xüsusilə xəbərdarlıq nişanlarının, mina təhlükəsi barədə məlumat lövhələrinin və fiziki maneələrin qorunmasının həyati əhəmiyyət daşıdığını vurğulayır:

“ANAMA vətəndaşları bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərlənmiş ərazilərə müdaxilə etməməyə, naməlum əşyalara toxunmamağa, mina və ya partlamamış hərbi sursat şübhəsi yarandıqda dərhal aidiyyəti qurumlara (805, 102 və ya 112) məlumat verməyə çağırış edir”.

Qurumdan bildirilib ki, təmizlənmiş ərazilərin çəpərlənməsi mina təhlükəsinin qarşısının alınması üçün olduqca vacibdir:

“Xüsusilə qeyd edilməlidir ki, çəpərləmə fəaliyyəti mina təhlükəsinin qarşısının alınmasında ən vacib təhlükəsizlik tədbirlərindən biridir. Riskli sahələr müvəqqəti fiziki baryerlərlə, xəbərdaredici lövhələrlə əhatələnir. Bu ərazilər yalnız peşəkar minaaxtaran qruplar tərəfindən xüsusi prosedurlar əsasında yoxlanıldıqdan və təhlükəsiz elan edildikdən sonra istifadəyə verilir. Nəzərə almaq lazımdır ki, mina təhlükəsinə dair işarələrin yerinin dəyişdirilməsi və ya çəpərlərin məhv edilməsi həm insanların həyatını birbaşa riskə atır, həm də minatəmizləmə prosesinin planlı və təhlükəsiz icrasına ciddi maneələr yaradır.

ANAMA-nın əsas çağırışı sadə və həyati əhəmiyyətlidir: xəbərdarlıq nişanlarına diqqət edin, çəpərlənmiş ərazilərə daxil olmayın və təhlükəli halları dərhal müvafiq qurumlara bildirin”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr