AZ

Tofiq Bağırovun 100 illik yubileyi Gəncədə qeyd olunub

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Görkəmli ictimai-siyasi xadim Tofiq Bağırovun anadan olmasının 100 illiyi Gəncədə yad edilib.

Şəhərin Nizami Gəncəvi Muzeyində keçirilən tədbir “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və bu muzeyin dəstəyi ilə baş tutub. Görüşdə paytaxtın  və Gəncənin ictimai və yaradıcı mühitinin nümayəndələri və Tofiq Bağırovun ailə üzvləri  iştirak ediblər.

Respublikamızın ictimai həyatında, həmçinin yerli idarəetmə sistemində öz izi olmuş Tofiq Bağırovu şəxsən tanıyanlar, xüsusən onun istər sovet dövründə, istərsə də müstəqilliyimizin ilk addımlarındakı proseslərin gedişi zamanı cəmiyyətə faydalı fəaliyyəti, eləcə də yüksək işgüzarlıq, vətənsevərlik və insani keyfiyyətləri haqda fikr və xatirələrini bölüşüblər. 

Tədbirdə tanınmış mərhum tədqiatçı-jurnalistlər Xanlar Bayramov (1948 – 2010) və Zakir Sadatlınının (1961-2013) müəllifləri olduğu "Onu Gəncə böyütmüşdü…" kttabının ikinci nəşrinin təqdimatı da olub. Kitabın redaktoru akademik Rəfael Hüseynovdur.

Xatırladaq ki, Tofiq Məsim oğlu Bağırov 1926-cı il fevralın 25-də Gəncə elinin Topalhəsənli kəndində anadan olub. Gəncədə orta məktəbi, sonra Tiflisdə  Dəmiryol Mühəndisləri İnstitutunu bitirib. 1948-ci ildə Şimali Qafqazın dəmiryol idarələrində işləyib, 1949-cu ildə Azərbaycana gələrək Biləcəri stansiyasında çalışıb, SSRİ Dəmiryol Akademiyasının ali mühəndislər kursunu bitirdikdən sonra isə bu stansiyanın rəisi olub. Sonra Azərbaycan Dəmiryol Hərəkət Xidmətinin rəis müavini, Bakı şöbəsinin rəisi işləyib. 

1960–1961-ci illərdə Azərbaycan SSR Kommunist Partiyasının Bakı şəhəri Nərimanov rayon komitəsinin birinci katibi, 1961–1963- cü illərdə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri ,  1962–1966-cı illər ərzində Azərbaycan SSR KP Kirovabad (Gəncə) Şəhər Komitəsinin birinci katibi, 1966–1971-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsində Təşkilat və Partiya orqanları şöbəsinin müdiri, 1971–1983- cü illərdə Azərbaycan Dəmiryol İdarəsinin rəisinin birinci müavini olub, Azərbaycan SSR və SSRİ Ali Sovetinə deputat seçilib.

Dağlıq Qarabağ hadisələri başlanan zaman T.Bağırov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin, eləcə də "Qayğı" və "Qarabağa yardım" cəmiyyətlərinin idarə heyəti sədrinin müşaviri olub.

T.Bağırov 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olub. O, 2003-cü ildə vəfat edib.

Tədbirin sonunda çıxış edən Yüksəl Tofiq oğlu Bağırov  atasının xatirəsinə ehtirama görə, ailə üzvləri adından təşkilatçılara və iştirakçılara minnətdarlıq bildirib. 

Zakir Muradov

Gəncə 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
525.az

1Mənbələr