AZ

Üzərliyə görə həbs oluna bilərsiniz

Bugünlərdə Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur.

Bildirilib ki, bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. 

Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir: 

“Azərbaycanda üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər. Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib.

Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb.Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər”.

Bu barədə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov bildirib ki, üzərlik xəbərdarlığı faktiki olaraq Rusiyayla bağlı məsələdir. 

Rusiyaya gedən soydaşlarımızın özləriylə bəzən üzərlik apardığına və hüquq-mühafizə oqranları tərəfindən saxlanıldıqlarına dair kifayət qədər ciddi məlumatlar daxil olub. Qeyd edək  ki, uzun illərdir Azərbaycanda vətəndaşlar üzərlik bitkisindən  müxtəlif məqsədlərlə, xüsusilə bəd nəzərdən, pis enerjidən qorunmaq, eləcə də baş ağrısını sakitləşdirmək üçün istifadə edilir. Üzərlik bitkisinin satışı isə açıq şəkildə hər yerdə həyata keçirilir.

Bu gün ölkəmizdə həmin bitki ilə bağlı hansısa qadağa və cinayət məsuliyyəti varmı? Ümumiyyətlə, həmin bitki narkotik tərkibli olduğu üçün ondan istifadə edən insanları hansı cəza gözləyə bilər?

Məsələ ilə bağlı vəkil Roman Qaraşov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda üzərlik bitkisinin tərkibində psixoaktiv alkaloidlərin mövcudluğu barədə Səhiyyə Nazirliyinin məlumatı elmi-tibbi xarakter daşıyır və özlüyündə cinayət-hüquqi qadağa yaratmır:

“Milli hüquq sistemində cinayət məsuliyyəti yalnız qanunvericiliklə, “nəzarət edilən” narkotik vasitə və ya psixotrop maddə kimi təsnif edilmiş maddələrin, habelə tərkibində həmin maddələr olan bitkilərin qanunsuz dövriyyəsi hallarında yarana bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna görə narkotik və psixotrop maddələr müvafiq BMT Konvensiyalarında və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş maddələrdir, dövriyyə isə idxal, ixrac, tranzit, saxlanma, daşınma, satma və s. əməliyyatları əhatə edir.

Deməli, ölkə daxilində qadağan edilməyən, nəzarət siyahılarına daxil edilməyən predmetə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi əsasdan məhrumdur.

Xarici ölkələrə səfər zamanı isə hüquqi risklər ərazi yurisdiksiyası prinsipi ilə müəyyən olunur: şəxs digər dövlətin ərazisinə daxil olduqda həmin dövlətin qanunları tətbiq edilir və qanunu bilməmək məsuliyyətdən azad etmir.

Bu səbəbdən, üzərlik bitkisi və onun toxumu, hissələri və ya ekstraktları bəzi ölkələrdə nəzarət edilən maddə kimi tanındığından, onların sərhəddən keçirilməsi həmin ölkədə idxal, daşınma, saxlama və ya satış kimi qiymətləndirilərək inzibati və ya cinayət məsuliyyəti yarada bilər”.

Onun sözlərinə görə, Azərbaycanda cinayət məsuliyyəti yalnız qanunda birbaşa nəzərdə tutulmuş əməllərə görə yarana bilər və “cinayət və cəza qanuniliyinin” tələbinə əsasən, normada açıq göstərilməyən hərəkətə görə şəxsin cinayət təqibinə məruz qalması yolverilməzdir:

““Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələri narkotik və psixotrop maddələrin məhz BMT Konvensiyalarında və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş maddələrdən ibarət olduğunu müəyyən edir, 1.0.4 və 1.0.5-ci maddələr isə yalnız “nəzarət edilən” maddələr barəsində qanuni və qanunsuz dövriyyə anlayışlarını formalaşdırır.

Eyni zamanda, cinayət məsuliyyətinə cəlbetmədə miqdar meyarlarının tətbiqi “xeyli, külli və xüsusilə külli miqdarlar” barədə 961-IIQ saylı Qanunla təsdiqlənmiş siyahılar əsasında həyata keçirilir.

Beləliklə, üzərlik bitkisi və ya ondan əldə edilən məhsul müvafiq nəzarət siyahılarına daxil edilmədiyi halda, onun adi məişət dövriyyəsi və istifadəsi cinayət-hüquqi məsuliyyət üçün predmet və tərkib elementlərini formalaşdırmır, hüquqi qiymətləndirmə yalnız konkret halda predmetin nəzarət siyahıları ilə eyniləşdirilməsi və zəruri olduqda ekspertiza nəticələri ilə təsdiqi şərti ilə mümkündür”.

Seçilən
14
cebheinfo.az

1Mənbələr