AZ

İnsanların heyvanlara yaxınlıq hissinin psixoloji səbəbləri

İnsanların heyvanlara qarşı hiss etdiyi sevgi və bağlılıq təsadüfi deyil. Aparılan elmi araşdırmalar göstərir ki, bu münasibətin arxasında dərin psixoloji və sosial faktorlar dayanır.

 

Pravda.az bildirir ki, kanadalı sosial psixoloqların araşdırmasına əsasən, bəzi insanlar heyvanları sadəcə başqa bir canlı növü kimi deyil, özləri ilə eyni “qrupun” üzvü kimi qəbul edirlər. Bu isə empatiya və mərhəmət hissini daha da gücləndirir. Tədqiqat müəllifləri qeyd edirlər ki, insan-heyvan münasibətləri “biz və onlar” anlayışından daha mürəkkəbdir.

 

Mütəxəssislərin fikrincə, heyvanlara yaxınlıq hiss edən şəxslər onları ailə üzvü kimi görməyə daha meyilli olurlar. Xüsusilə ev heyvanı saxlayan insanlarda bu emosional bağ daha aydın müşahidə edilir.

 

Araşdırma nəticələri göstərir ki, heyvanlarla güclü emosional əlaqə quran şəxslər daha yüksək empati səviyyəsinə malik olurlar. Bu xüsusiyyət vegan və vegetarian qruplarda daha çox nəzərə çarpır.

 

Alimlər hesab edirlər ki, heyvanlara qarşı yaranan bu bağlılıq insanın sosial kimliyi və mənəvi dəyərləri ilə sıx əlaqəlidir. Nəticə etibarilə, heyvanlara duyulan yaxınlıq hissi insanın mərhəmət və empati qabiliyyətinin göstəricilərindən biri kimi qiymətləndirilir.

 

Əminə Bayramova

Tarix: 23 Fevral 2026, 13:59   
Seçilən
20
pravda.az

1Mənbələr