AZ

“Qalib orduda əsgər olmaq hər kəsə nəsib olmur” – İDARƏ RƏİSİ

Füzuli İsmayılov: “Bu gün hərbi xidmətə gedənlər xoşbəxt gənclikdir”

“Azərbaycan gəncliyinin hərbi xofu yoxdur; Azərbaycan xalqı nə qədər sülhsevərdisə, o cümlədən də hərbi xidməti sevəndir”

“...Azərbaycan xalqı 2020-ci ildə göstərdi ki, kim qorxur. Həmin o lovğa erməni ordusunun 12 min fərarisi var idi. Bizim bir nəfər də olsun nə fərarimiz, nə də o fikrə düşənimiz yox idi”

AzNews.az Stopnarkotik.az-a istinadən xəbər verir ki, bu barədə müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xdimətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov qeyd edib.

Onunla müsahibədə narkotik asılısı olan çağırışçı gənclərə möhlət hüququnun verilib-verilməməsi, eləcə də yeniyetmə və gənclərimizin vətənpərvərliyi mövzusunda bir sıra suallara cavab tapmağa çalışılıb.

AzNews.az həmin müsahibəni təqdim edir.

- Füzuli müəllim, sizcə, 44 günlük Qarabağ savaşından əvvəlki və sonrakı çağırışçıları müqayisə etsək, xüsusilə də onların əhval-ruhiyyəsi ilə bağlı hansı nəticəyə gələ bilərik?

- 2016-cı ilin aprelində Azərbaycan əsgəri, giziri, zabiti elə bir şücaət göstərdi ki, biz hər zaman bu gəncliklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə qürur duyub, fəxr etməliyik. Bu nöqteyi-nəzərdən, şübhəsiz ki, zəfər ordusunda xidmət tam başqadır. Ona görə də indiki gəncliyin əhval-ruhiyyəsi daha yüksəkdir.

Biz bir sıra tədbirlər keçiririk, yola salma mərasimləri edirik. Orada da həmişə bu məsələni xüsusi vurğulayırıq ki, indiki gənclik xoşbəxt gənclikdir və o gənclikdir ki, onlar zəfər ordusunda, qalib orduda xidmətə gedirlər. Qalib orduda əsgər olmaq hər kəsə nəsib olmur.Ona görə də bu gün əsgəri xidmətə, müddətli hərbi çağırışa gedən gəncin əhval-ruhiyyəsi, təkrar edirəm, tam başqadır.

Amma, bununla yanaşı, biz bir məsələni də xüsusi vurğulamalıyıq ki, 2020-ci ildə Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrində aparılan nə qədər işin nəticəsi idi ki, biz 44 gündə düşmənin bir neçə ilə işğal etdiyi və möhtərəm cənab Prezidentimizin vurğuladığı kimi, hətta düşmənin qurduğu istehkamlardan əlavə təbii istehkamlardan ibarət olan Qarabağımızı və ətraf rayonlarımızı 44 günə azad edə bildik. Bu, bizim daxili qüvvələrimizin keyfiyyət göstəricisidir. Vaxtilə, 90-cı illərdə şəxsi heyəti yüngül silahlarla belə təmin edə bilmədiyimiz halda, Azərbaycan Silahlı Qüvvələri, bir neçə il öncənin, hətta vətən müharibəsinə qədərki dövrün statistikası idi ki, dünyanın 50 güclü ordusu sırasında idi. Və bu silahlı qüvvələrin mahiyyəti ondan ibarətdir ki, burda xidmət keçənlərin əksəriyyəti gənclər idi.

Bu nöqteyi-nəzərdən mən bir də o fikrə qayıdıram ki, Azərbaycan gəncliyi bəlağətsiz olaraq, sözün əsl mənasında hər zaman öyünülməli, fəxr olunmalı gənclikdir. Təkrar qeyd edirəm ki, bu gün hərbi xidmətə gedən gənclərimiz də xoşbəxt gənclikdir.

Bizim nəsil düşünürdü ki, Ağdamdan, Fizulidən, Murovdan keçən səngərləri sərhədimizə daşıyaq. Artıq o missiya da həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Və bu gün gəncliyimiz ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş Azərbaycanda hərbi xidmət keçir. Şübhəsiz ki, onun üzrərinə daha böyük vəzifə, daha böyük missiya düşür. Çünki o torpaqların azad olunması uğrunda biz nə qədər şəhid vermişik. Bizim müharibədə nə qədər itkilərimiz olub. Ona görə də hər bir gənc bunun məsuliyyətini dərk etməlidir. Onun xidməti elə olmalıdır ki, bir şəhid ailə üzvü onu izləyəndə söyləsin ki, mənim oğlumun, mənim övladımın uğrunda həlak olduğu torpağın bu cür gəncləri, əsgərləri var. Biz bu fikri həmişə gənclərə təlqin edirik və etməliyik də. Bizim bu gün Şuşada, Xankəndində dalğalanan ay-ulduzlu üçrəngli bayrağımızı gərək həmişə ucalardan uca saxlayaq.

Bu günki gəncliyin üzərinə daha böyük məsuliyyət düşür ki, onlar təkcə bir əsgər olaraq müddətin bitməsini gözləməməlidir, onlar hərbin sirlərini öyrənməlidirlər. Onlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı müasir silah-sursatla yaxından tanış olmalıdır.

Artıq bir neçə müddətdir ehtiyatda olan hərbi vəzifəlilərin də toplanışları keçirilir ki, bizim silahlı qüvvələrin arsenalına daxil olan yeni silahlarla tanış olsunlar. Vərdişləri saxlamaqdan ötrü təlim-toplanışlar da həyata keçirilir. Bu da bizim məşhur sərkərdələrdən birinin dediyi kimi, “Sülh istəyirsənsə, müharibəyə hazı ol” məsələsidir. Çünki silahlı qüvvələrin şəxsi heyətinin, istərsə də ehtiyatda olanların hər zaman döyüş ruhunun yüksəkdə saxlanması bir missiya olaraq hədəfdədir.

Seçilən
10
1
aznews.az

2Mənbələr