AZ

Paşinyana qarşı “Gümrü 2” ssenarisi Rusiyapərəst müxalifət birləşməyə çalışır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi ritorika kəskinləşib. Müxalif Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan iddia edib ki, hakimiyyət “Gümrü-2” ssenarisindən ehtiyatlanır.

Onun sözlərinə görə, ötən il Gümrüdə keçirilən yerli seçkilərdən sonra müxalif qüvvələr birləşərək hakim “Vətəndaş Müqaviləsi” partiyasının şəhərdə hakimiyyəti ələ almasının qarşısını almışdı. Saqatelyan bildirib ki, hakimiyyətin narahatlığı əsaslıdır, çünki müxalifətin vahid səsi onların səsindən çox ola bilər.

Hakim Vətəndaş Müqaviləsi Partiyası nümayəndələri isə “Gümrü-2” ssenarisinə imkan verməyəcəklərini bəyan ediblər.

Parlamentin hakim fraksiyasının deputatı Vahagn Aleksanyan “Gümrü-2” əməliyyatının baş tutmayacağını bildirib. Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan isə bəyan edib ki, Robert Koçaryan, rusiyalı oliqarx Samvel Karapetyan və yerli oliqarx Gagik Tsarukyanın ölkənin taleyini müəyyən etməsinə imkan verilməməlidir.

Hakim partiyanın digər deputatı Hasmik Hakobyan isə yerli mətbuata açıqlamasında bildirib ki, seçicilərə alternativ qüvvələrin arxasında oliqarx maraqlarının dayandığı izah olunmalıdır.

Keçmiş Prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokunun seçkilərə hansı formatda və hansı baş nazir namizədi ilə qatılacağı hələ açıqlanmayıb. Saqatelyan yaxın həftələrdə rəsmi mövqenin elan ediləcəyini bildirib.

Koçaryan isə daha əvvəl demişdi ki, liderlik məsələsi ictimai rəy sorğularına əsasən müəyyənləşdiriləcək.

Çiçəklənən Ermənistan Partiyası lideri Gagik Tsarukyanın komandası da seçkilərdən sonra mümkün ittifaqları istisna etmir. Partiya sözçüsü İveta Tonoyan bildirib ki, hər şey seçicilərin verdiyi mandatlardan asılı olacaq.

2019-cu ildən axtarışda olan keçmiş məhkəmə icraçıları xidmətinin rəhbəri Mihran Poqosyan Rusiyadan videobağlantı vasitəsilə müxalif qüvvələri birləşməyə çağırıb. O, fikir ayrılıqlarını kənara qoyaraq vahid məqsəd ətrafında toparlanmağın vacibliyini vurğulayıb.

Digər müxalif qüvvə – İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan isə “Gümrü-2” ssenarisinə skeptik yanaşır. O xatırladıb ki, Gümrüdən sonra Vağarşapat seçkilərində oxşar cəhd uğursuzluqla nəticələnmişdi.

Ermənistanda parlament seçkiləri 7 iyuna təyin olunub. Hazırda ölkənin siyasi səhnəsində aktiv yenidənqurma prosesi gedir. Hakimiyyət “Gümrü-2” ssenarisinə qarşı xəbərdarlıq etdiyi halda, müxalif düşərgə mümkün birləşmələrlə bağlı yekun qərarını hələ açıqlamayıb.

Beləliklə, qarşıdakı həftələr Ermənistan siyasətində əsas intriqanın – müxalifətin vahid blokda çıxış edib-etməyəcəyinin aydınlaşacağı dövr olacaq.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr