AZ

SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib.

Aznews.az xəbər verir ki, "Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi" Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində "SOCAR Qrup"a daxil müəssisələrin rəhbərləri və insan resursları sahəsi üzrə məsul şəxslər üçün "Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış", "İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq" mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə, hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin olunması kimi məsələlər müzakirə edilib.

Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim olunub.

Seçilən
7
7
aznews.az

8Mənbələr