Bakı, 23 fevral, AZƏRTAC
Dünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanda dayanıqlı və insan mərkəzli şəhərsalma praktikalarının təşviqi baxımından böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Məleykə Tağızadə deyib.
O diqqətə çatdırıb ki, WUF13-dən öncə "Azərbaycan Şəhərsalma Kampaniyası" (AUC2026) olduqca vacibdir. O, mayın 11-dən 17-dək keçiriləcək bu tədbirin üç əsas istiqamət üzərində qurulduğunu deyib. Birincisi, adekvat mənzil və əsas şəhər xidmətlərinin təmin olunmasıdır. Burada fokus əlçatan mənzil, iqlimə həssas planlaşdırma və icma əsaslı məhəllə inkişafına yönəlib. İkincisi, hər kəs üçün təhlükəsiz və inkluziv şəhər mühitlərinin yaradılmasıdır. Bu istiqamət inkluziv ictimai məkanlar, əlçatan infrastruktur və hesabatlı şəhər idarəçiliyini əhatə edir. Üçüncüsü isə iqlimə uyğunlaşma və dayanıqlılıqdır. Burada yaşıl infrastruktur, dayanıqlı mobillik və iqlim risklərinə qarşı davamlı şəhər planlaşdırılması əsas praktiklər kimi tətbiq olunur.
UN-Habitat nümayəndəsi bildirib ki, oktyabr ayından bugünədək 54 rəsmi tərəfdaşla birlikdə 18 tədbir icra edilib. Tədbirlər təkcə Bakıda deyil, Xankəndi və Quba da daxil olmaqla regionlarda da təşkil edilib. Gələcək planlara Qax, Lənkəran, Şəki və Gəncədə müxtəlif tədbirlərin keçirilməsi daxildir.
Məleykə Tağızadə vurğulayıb ki, WUF13-ə gedən yol üzrə mayın 11-17-də keçiriləcək əsas tədbirlər ölkədə şəhərsalma və urban inkişaf sahəsində bilik və təcrübənin paylaşılması, həmçinin uzunmüddətli institusional dəyişikliklərin təşviqi üçün vacib platformadır.
“WUF13 çərçivəsində həm milli, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələr innovativ və davamlı şəhərsalma yanaşmalarının tətbiqinə təkan verir. Bu təcrübə yalnız Bakıda deyil, bütün ölkədə dayanıqlı şəhər inkişafı üçün model ola bilər”, – deyə Məleykə Tağızadə əlavə edib.