AZ

Mbappe qol vurmaq hirsinin əvəzini ağır ödəyir

"Real Madri"in hücumçusu Kilian Mbappe son "Osasuna" oyununda mövsümdəki ən sönük oyunlarından birini nümayiş etdirib. Hətta milimetrlərlə ölçülən ofsayd səbəbindən ləğv edilən qolu və Vinisiusa verdiyi ötürmə belə onun ümumi performansındakı enişi gizlədə bilməyib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, klubun dekabrın 31-də sağ dizindəki burxulma səbəbindən meydanlardan kənarda qalacağını açıqladığı Mbappenin zədə problemləri hələ də latent xarakter daşıyır. Narahatlıq dekabrın 7-də "Selta"ya qarşı oyunda (0-2) başlayıb və o vaxtdan bəri futbolçu 100 faiz hazır vəziyyətdə çıxış edə bilmir. "Siti" ilə oyunu buraxsa da, Xabi Alonsonun rəhbərliyi altında tibbi hesabat açıqlanana qədər oynamağa davam etdi. Bunun arxasında isə tək bir hədəf dayanırdı: bir təqvim ilində klub tarixinin ən yaxşı bombardiri kimi Kriştianu Ronalduya çatmaq. Sonda o, portuqalıyalı ulduzun rekordunu bərabərləşdirə bildi.

Rəqəmlər hələlik böyük həyəcan təbili çalmasa da, Mbappenin iki oyundur qol vura bilməməsi onun builki ortalaması üçün qəribə görünür. İki ay yarım ərzində diz ağrılarından əziyyət çəkməsinə baxmayaraq, o, La Liqada ən çox forma geyinən sahə oyunçusu, bütün turnirlərdə isə ikinci futbolçudur. Sonuncu siqnal isə "Bernabeu"da "Real Sosyedad"a qarşı oyunda gəldi. İki gün məşqlərdən kənarda qalan Kilian heyətə daxil edilsə də, ehtiyatda qaldı və bir dəqiqə də oynamadı.

"Benfika" ilə ilk oyundan üç gün əvvəl Arbeloa risk etməməyə qərar verdi. Mbappe üç həftəlik bərpa müddəti proqnozlaşdırılsa da, İspaniya Superkubokunun finalı üçün bu müddəti xeyli qısaldaraq geri dönmüşdü. Xabi Alonso onun Səudiyyə Ərəbistanında komandaya qoşulmasını istəmişdi və yanvarın 11-də "Barselona"ya qarşı 14 dəqiqəlik çıxışı hücumçunun hələ tam bərpa olunmadığını göstərdi.

Yanvarın 12-də Xabi Alonsonun gözlənilməz istefasından sonra Arbeloa komandanı Kral Kubokunda "Albasete"yə qarşı oyuna çıxardı, lakin Kilianı heyətdən kənarda saxladı. Yanvarın 17-də liqa debütündə məşqçi fransalı ulduzu yenidən heyətə qaytardı. Matçın sonunda Arbeloa futbolçuya təşəkkür edərək bildirdi: “Kilianın göstərdiyi səyə görə minnətdaram. Onun dizində ağrılar olduğunu bilirik, başqası olsa, bəlkə də geri çəkilərdi”.

Dizini tam sağaltmaq və Dünya Çempionatına hazır olmaq üçün Mbappenin ən yaxşı variantı Didye Deşamın onu mart ayında Braziliya və Kolumbiya ilə keçiriləcək yoldaşlıq oyunlarına çağırmaması ola bilərdi. Lakin Fransa Futbol Federasiyasının hazırda belə bir addım atacağı inandırıcı görünür.

İdman.Biz
Seçilən
11
1
idman.biz

2Mənbələr