AZ

Rusiya və İran arasında gizli saziş ortaya çıxdı, tarixi heyrətləndirdi Detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Financial Times” nəşri İranın müasir zenit-raket kompleksləri almaq üçün Rusiya ilə 500 milyon avro (təxminən 589 milyon dollar) dəyərində gizli saziş bağladığını yazıb.

Bildirilir ki, sənəd ötən ilin dekabrında Moskvada imzalanıb. Razılaşmaya əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” tipli daşınan buraxılış qurğusu və 2 500 ədəd “9M336” raketi tədarük etməyi öhdəsinə götürüb. Tədarüklərin 2027–2029-cu illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Nəşr Tehranın bu sistemlərin alınması ilə bağlı rəsmi müraciəti ötən ilin iyulunda etdiyini yazıb. Maraqlıdır ki, ötən ilin iyun ayında ABŞ qüvvələri İranın üç əsas nüvə obyektinə zərbələr endirmişdi.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, “Financial Times” nəşrinin yaydığı məlumat təsdiqlənərsə, deməli, söhbət təkcə texniki silah alışından deyil, daha geniş geosiyasi hesablamadan gedir:

“Mövcud beynəlxalq konfiqurasiyada belə bir satışın vaxtı və mahiyyəti xüsusi diqqət çəkir. Əvvəla, bu addım Rusiya–İran münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Son illərdə İranın Rusiyaya pilotsuz uçuş aparatları və hərbi-texniki komponentlər sahəsində dəstək verdiyi məlumdur. Əgər Moskva indi cavab olaraq hava hücumundan müdafiə sistemləri təqdim edirsə, bu, münasibətlərin birtərəfli deyil, qarşılıqlı asılılıq şəraitinə keçdiyini göstərir. Hər iki ölkə Qərb sanksiyaları altındadır və əməkdaşlıq onların strateji təcridini kompensasiya edən mexanizmə çevrilib.

İranın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsi regional hərbi balans baxımından da əhəmiyyətlidir. Məlumdur ki, İran uzun illərdir potensial hava zərbəsi riskləri ilə üz-üzədir. 12 günlük müharibə İranın bu sahədə nə qədər böyük boşluqları olduğunu üzə çıxardı. Hazırda da ABŞ və İsrail tərəfindən mümkün hərbi əməliyyatların başlanılması ehtimalı kifayət qədər yüksəkdir. Daha müasir zenit-raket kompleksləri İranın strateji obyektlərinin, o cümlədən hərbi və nüvə infrastrukturunun müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. Moskva üçün isə indiki mərhələdə Tehrana bu şəkildə dəstəyin verilməsi bir tərəfdən onun dəstəyinə cavabdırsa, digər tərəfdən də Qərbin regiondakı manevr imkanlarını məhdudlaşdırmaq üçün atılmış addımdır”.

Yusif Bağırzadə

Politoloq bildirib ki, bu mümkün satış Ukrayna müharibəsi fonunda siyasi mesaj da daşıyır:

“Rusiya Qərblə açıq qarşıdurma şəraitində olduğunu gizlətmir. Belə bir müqavilə göstərir ki, Moskva hələ də hərbi ixrac imkanlarını saxlayır və alternativ tərəfdaşlıq şəbəkələri qurur. Bu, həm Qərbə, həm də qlobal Cənub ölkələrinə ünvanlanan siqnaldır ki, Rusiya beynəlxalq təhlükəsizlik oyunundan kənarda qalmayıb və hələ də silah bazarında aktiv aktordur.

Burada iqtisadi və sənaye maraqları amilinə də diqqət yetirmək lazımdır. Müdafiə sənayesi Rusiya iqtisadiyyatının strateji sektorudur və sanksiyalar fonunda ixrac müqavilələrinin davam etməsi istehsal zəncirinin qorunması baxımından vacibdir. 500 milyon avro məbləği qlobal silah bazarında böyük sayılmasa da, simvolik və praktiki əhəmiyyət daşıyır.

Ümumiləşdirsək, deyə bilərik ki, Rusiya İranı silahlandırmaqla bir neçə paralel məqsəd güdür – strateji ittifaqı dərinləşdirmək, Qərbin hərbi üstünlüyünü nisbi şəkildə balanslaşdırmaq, öz hərbi-sənaye kompleksinin dayanıqlığını qorumaq və qlobal geosiyasi çəkisini nümayiş etdirmək”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr