Ajans.az dəyərli ilahiyyatçı Hacı Surxay bəylə Ramazan ayına özəl müsahibə hazırlayıb. İnsanlara maraqlı olan 5 sualı Surxay bəy cavablandırıb. 1.Ramazan ayının özəllikləri nələrdir? Hacı Surxay: Ramazanın etimologiyası çox qədimdir. Bu sözün mənası “yanmaq, yandırmaq” deməkdir. Bu ayda insanlar 11 ayda etdiyi günahları yandırır. Bu özü yetərli sayılır. Allah bu ayı sevgi, mərhəmət, bağışlanmaq, səbr ayı olaraq bizə bəxş edib. Ramazanın içində bütün gözəlliklər ehtiva olunub. Ən əsası müqəddəs Qurani-Kərimin nazil edilməsidir. Sözün sultanı gəldiyi zaman artıq qəlbin sarayı açılır. Bu saray sözlə açılır. Yəni barışıq, hikmət, dualar, mərhəmət önəmlidir. Quranın bizə bəxş edilməsi İlahi əmrdir. Bu ayda insanlar ilk özlərini dəyişməlidir. 11 ay cismimizə edilən xidmətlər ikinci plana keçir. Ruh halımız isə önə keçir. Təkcə ac qalmaq önəmli deyil. İnsan ruhunu doyuzdurmalıdır. Həmçinin, insanın dili söyüşlərdən, pis vərdişlərdən uzaq olmalı, gözü günahlara baxmaqdan çəkinməlidir. Bütünlüklə dil susmalı, ruh danışmalıdır. Şabaniyə duasında da böyüklərə hörmət, uşaqlara yardım, yetim və acları doyurmağın vacibliyi göstərilib. Hədislərdə qeyd edilib ki, “Özü tox olub, qonşusu ac olan məndən deyil!” 2. Allahın bağışlamadığı günah varmı? Hacı Surxay: Allah bağışlayandır və böyükdür. O cənnət və cəhənnəmi yaradıb. İnsan faili muxtardır. Allah-Təala bizlərə seçim verir. Ya işıqlı yol ilə cənnətə getmək, ya da qaranlığa qərq olub cəhənnəmdə yanmaq. İnsan bütün bəşəri aləmin şah əsəridir. Allah mehribandır, o səmimi qəlbdən tövbə edən bütün bəndələrini bağışlayır. O yaratdığına əzab verməz. Bizim üzərimizə də müəyyən haqlar qoyub. Oruc, namaz, dua etmək Allahın haqqıdır. Lakin qul haqqına müdaxilə etməz. Qulun haqqını ödəyə bilməyən şəxs cənnətə daxil ola bilməz. Ona görə də insanlar bu dünyada gec olmadan haqq və nahaq anlayışlarını bilməli, üzr istəməyi bacarmalıdırlar. Qurani-Kərimdə “ Bismillah” olmadan başlayan tək surə “Tövbə” surəsidir. Çünki Allah o qapını açıb qoyub. Cisimlə deyil, ruhən Allaha doğru getmək lazımdır. Dinindən, irsindən, əqidəsindən asılı olmayaraq, Allah hamını bağışlayandır. Quranda “ Günahsız gəlin!” anlamı yoxdur. Onun yerinə “ Tövbə edin və gəlin!” buyurulur. Qul haqqını Allah deyil, bəndə bağışlamalı və halallıq verməlidir. 3.Duanın dili, məkanı önəmlidir? Hacı Surxay: Dua üçün zaman və məkan sərhədi yoxdur. Allah hər bir bəndənin qəlbindədir. O bizə şah damardan , valideynlərimizdən belə çox yaxındır. İlahi buyurub: “Məni çağır, mən səni eşidirəm!” Hədislərdə qeyd olunub ki, o şey yalnız bəndə də var, Allaha məxsus deyil. Bu da möminin, qulun göz yaşıdır. Əgər bir dua içdən gəlib insan ruhuna toxunarsa, göz yaşı ilə edilərsə, o artıq qəbul olunub. Dua 4 anda daha tez qəbul olunur. Yağış yağan zaman, valideyn övladına dua edirsə, məzlum və müsafirin ( haqqı əzilən və səfərdə olan şəxslər) duası, toy-kəbin zamanı oxunan dualar dərhal qəbul olunur. Qəlbin dili yoxdur. Kövrək halda içdən edilən hər dua Allah hüzurunda qəbuldur. İnsanın iç dünyasında qiblə var. Buna görə də zaman və məkanın önəmi yoxdur. 4.Oruc tutmayan imkanlı şəxslərin iftar süfrələrində iştirakı düzgündür? Hacı Surxay: Bir şəxsin maddi durumu yaxşıdırsa, o imkansız şəxslərə kömək etməklə böyük savab qazana bilər. Hər bir zəngin ehsan süfrəsi verməklə ehtiyacı olanları sevindirə bilər. İmkanı yüksək olan şəxs növbəti dəfə varlılar üçün də süfrə aça bilər. Birincisi, maddiyatı tam zəif olanlardır. Onlara edilən kiçik hədiyyə insan üçün böyük savabdır. Ehtiyacı olanın bir duası ruzini nə qədər artırmış olur. Lakin qidaya ehtiyacı olmayanlara növbəti günlərdə süfrə açılması mümkündür. Qurban bayramında da bu mövcuddur. Allah-Rəsulu iki dəfə qurban kəsərmiş. Biri ailəsi üçün, digərini isə ehtiyacı olan şəxslərə görə. Ehsan dadmağın özü də əməli saleh işdir. Burada ac olmaq önəmli deyil. “Bismillah” deyib öz evinin süfrəsindən zəif olan ailənin təamını dadmaq bərəkət sayılır. Çünki Allah orada hikmət olduğunu buyurub. Nə qədər insan ehsan süfrələri verməklə ya da orada iştirak etməklə, sağalıb. Halbuki, bəzi xəstəliklərin heç müalicəsi olmayıb. Amma paylaşılan nemət insanlara dərmandır. Ramazan ayı fürsətdən yararlanmaq lazımdır. 5.Maddi ehtiyacı olmayan biri fitrə verə bilmirsə, bunu nə ilə əvəz edə bilər? Hacı Surxay: İnsanlar fitrə və sədəqə anlayışını bəzən səhv salırlar. Fitrə Ramazanın son günündə çıxardılır. Bu insan üçün illik zəmanətdir. Allah insanın bədənini təmizlədiyi kimi, mal-mülkünü də təmizləyir. Lakin sədəqə hər gün verilə bilər. Allah sədəqə verənləri sevir. Əlimizdə olan imkanlara uyğun olaraq, yardımlar edilməlidir. Şərt deyil ki, bütün qazancı yardıma xərcləyəsiniz. İnsan özü və ailəsini də düşünməlidir. Kiçik bir bazarlığı tanımadığımız ailəyə təqdim etmək böyük əməldir. Çünki qoy həmin ailənin də qazanı qaynasın, süfrəsində qidası olsun. Burada əsas təmiz niyyətdir. İslamda bu əmələ bəhanə yoxdur. Yetər ki, qəlbdən istə və az da olsa, yardımını əsirgəmə. Onun qarşılığı Allah qatında böyük savabdır. Yardım etdiyimiz ailənin oruc tutub-tutmaması vacib deyil. Bu Allahla onların işidir. Sən üzərinə düşəni et. Çünki artıq niyyət varsa, insan məqsədi saflaşıb. Uca Allah əhdlərini pozanları sevməz! Möminin niyyəti əməlindən üstündür!