Bir uşağı susdurmaq istəyirsinizsə, daim onu günahlandırmayın. Çox təəssüf ki, valideynlərin əksəriyyəti günahlandırma metodundan istifadə etməklə sanki problemi həll etdiklərini düşünürlər. Eyni zamanda, onlar elə hesab edirlər ki, bu yolla uşaqlara məsuliyyət hissi aşılayırlar. Lakin, günahlandırmaq məsuliyyət deyil, sadəcə qorxu və utanc yaradır.
Susdurmaq üçün günahlandırma metodundan istifadə etmək, bəlkə qısamüddətli "sakitlik" yarada bilər, "problem həll edildi" kimi görünə bilər.
Çox zaman 'yaxşı niyyətlə' etdiyimiz hərəkətlərin uşağın daxili dünyasını necə zədələdiyinin fərqində olmuruq. Bəs istifadə etdiyimiz bu metodların uşaqlarda nə kimi fəsadlara yol açdığını heç düşündükmü?
Əslində, bu, uşağın gələcəyini və psixologiyasını məhv edən 'silahlardan' biri, hətta deyərdim ki, birincisidir. Çünki bu yanaşma uşağın şəxsiyyətini zədələyir.
Daimi günahlandırmanın yaratdığı əsas fəsadlar bunlardır:
- Hər kiçik səhvlərdə özünü günahlandırmasına, yaşam boyu özlərinə inanmamağa başlaması və gördüyü hər bir işin qarşı tərəfdən təsdiqini gözləməsinə gətirib çıxarır. Yəni onlarda özgüvən hissi zəifləyir və özlərini "dəyərsiz hiss edirlər;
- Hər zaman qorxu içində yaşadıqları üçün onlarda xroniki qorxu və təşviş hissi yaranır ki, bu da onlarda psixoloji problemlərə səbəb olur;
-Ailədə sağlam mühit olmadığı, uşaqlar valideynlərdən qorxduqları üçün (onlara güvənmədikləri) uşaqlarla valideynləri arasında emosional bağ yaranmır;
- Daim tənqid olunmaqdan qorunmaq üçün uşaqlar yalan danışmaq məcburiyyətində qalırlar.
Bir sözlə, uşağı günahlandırmaqla onlarda məsuliyyət hissi deyil, əksinə onlarda nifrət etməyi, özgüvənsizliyi yaradırıq. Çalışmalıyıq ki, onların sağlam bir şəxsiyyət kimi yetişməsi üçün hər edilən səhvi uşaqlara öyrənmə fürsəti kimi təqdim edək.
Ruhiyyə Mehdiyeva
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru