AZ

Böyük Britaniyada vakansiyaların sayı son beş ilin ən aşağı səviyyəsinə enib

London, 23 fevral, AZƏRTAC

Böyük Britaniyada iş yerləri üzrə vakansiyaların sayı son beş ilin ən aşağı səviyyəsinə enib və bu göstərici COVID-19 pandemiyasının ən pik dövründən bəri müşahidə olunmayan həddə yaxınlaşıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, iş elanları platforması “Adzuna”nın yeni araşdırmasına əsasən, yanvar ayında vakansiyaların sayı 3 faiz azalaraq 694 minə düşüb. Bu, 2021-ci ilin yanvarından bəri ilk dəfədir ki, elan olunan iş yerlərinin sayı 700 min həddindən aşağı enir.

Hesabatda bildirilir ki, vakansiyalar 2025-ci ilin yanvarı ilə müqayisədə 16 faiz, son 6 ay ərzində isə 19 faiz azalıb. Bu, 2025-ci ilin ortalarından etibarən əmək bazarında müşahidə olunan eniş tendensiyasının davam etdiyini göstərir.

“Adzuna” qeyd edib ki, iş imkanlarının azalması artıq yüksək yaşayış xərcləri, artan milli sığorta ödənişləri və iş yerlərində süni intellektin daha geniş tətbiqi ilə üzləşən iş axtaranlar üçün vəziyyəti daha da çətinləşdirir. Məlumata görə, hazırda hər bir vakansiya uğrunda iki nəfərdən çox namizəd mübarizə aparır ki, bu da əmək bazarında rəqabətin artdığını göstərir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
12
1
azertag.az

2Mənbələr